Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:58

İnflyasiya azalıb, bəs təsirləri?


Yumurta
Yumurta

Son illər – özəlliklə koronavirus pandemiyası başlanandan sonrakı illərdə bütün dünyada inflyasiya göstəricilərinin yüksəlməsi qeydə alınıb. Son üç ildə Azərbaycanda da inflyasiya göstəriciləri öncəki illərlə müqayisədə yüksək idi. Ölkədə bu dövr ərzində 2021-ci ildə 6.7 faiz, 2022-ci ildə 13.9 faiz, 2023-cü ildə isə 8.8 faizlik inflyasiya baş verib. Mərkəzi Bankın inflyasiyaya dair hədəf diapazonu isə 2-6 faiz aralığında olub. Deməli, son üç ildə Azərbaycanda qeydə alınan inflyasiya hədəflənən göstəricini aşıb. Hətta 2022-ci ildəki inflyasiya göstəricisi (13.9 faiz) qlobal maliyyə böhranının baş verdiyi 2008-ci ildən bəri Azərbaycanda qeydə alınan ən yüksək inflyasiya göstəricisi olub.

Toplam inflyasiya ilə yanaşı, əhalinin xərclərində əsas yeri tutan qida məhsullarındakı inflyasiya göstəricisi daha yüksək idi. İnflyasiyanın pik dövründə Azərbaycanda qida inflyasiyası 20 faizi aşıb. Əhalinin xərclərinin yarıdan çoxunun ərzaq məhsullarından oluşduğu nəzərə alınsa, bəlli olur ki, özəlliklə azgəlirli əhali qrupu arasında hiss edilən inflyasiya göstəricisi daha yüksəkdir.

Ötən ilin sonlarından etibarən Azərbaycanda inflyasiya göstəricisinin aşağı düşməsi gözə çarpır. Dövlət Statistika Komitəsinin (DSK) mayın 13-də yayımladığı açıqlamada bildirilir ki, bu ilin aprelində ötən ilin eyni dövrü ilə müqayisədə inflyasiya göstəricisi 0 faiz olub, yəni qiymət dəyişikliyi baş verməyib. Bəs inflyasiyanın dayanması vətəndaşların inflyasiyanın yüksələrkən yaşadığı problemləri aradan qaldırırmı?

Gəlirlər necə dəyişib?

Azərbaycanda rəsmi şəxslər tez-tez ölkədə orta aylıq əmək haqlarının son illərdə ciddi ölçüdə artdığını və bunun insanların maddi rifahına müsbət təsir göstərdiyini bildirirlər. Ancaq unutmaq olmaz ki, əhalinin rifahına bu artımların təsirini ölçmək üçün təkcə nominal deyil, həm də real artımları gözdən keçirmək lazımdır.

Cədvəl: 2018-2023-cü illərdə Azərbaycanda orta aylıq əməkhaqqı və inflyasiya göstəriciləri

İl

Orta aylıq əməkhaqqı

Orta aylıq əməkhaqqının ötən illə müqayisədə dəyişimi

İnflyasiya

Orta aylıq əməkhaqqı artımı və inflyasiya arasındakı fərq

2018

541

3%

2.3%

0.7%

2019

635

16.6%

2.6%

14%

2020

707

11.4%

2.8%

8.6%

2021

732

3.4%

6.7%

- 3.3%

2022

839

14.7%

13.9%

0.8%

2023

934

11.3%

8.8%

2.5%

Cədvəldən göründüyü kimi, 2019-cu il istisna olmaqla, son illər Azərbaycanda əhalinin real maaş gəlirlərində kəskin artım qeydə alınmayıb. 2021-ci ildə isə inflyasiya əməkhaqqının artım tempini qabaqlayıb, yəni əmək haqları nominal olaraq artsa da, reallıda azalıb. Bu üzdən, hökumət üzvlərinin Azərbaycanda əməkhaqqı artımları barədə çıxışları tam reallığı əks etdirmir. Həmin dövrdə baş verən inflyasiya göstəricilərini də nəzərə aldıqda bəlli olur ki, son altı ilin ikisində ölkədə maaşların real artımı 1 faizdən az olub, bir ildə isə real dəyər, ümumiyyətlə, azalıb.

Adambaşına düşən ərzaq xərcləri 61 faiz artıb

Azərbaycanda rəsmi açıqlanan inflyasiya göstəricilərinə də ekspertlər və vətəndaşlar arasında güvən yüksək deyil. İnflyasiyanın hesablandığı səbətə daxil olan məhsulların səbətdəki çəkisinin, qiymət qeydiyyatı aparılan ticarət müəssisələrinin adının açıqlanmaması kimi məqamlar müstəqil ekspertlərin Azərbaycanda inflyasiya ölçümü ilə bağlı qabartdığı əsas problemlər arasındadır. Bu səbəbdən maaşların artım tempi ilə inflyasiya birgə nəzərə alındıqda bəlli olur ki, yüksək inflyasiya dövründə Azərbaycanda insanlar, ümumiyyətlə, real gəlir artımı yaşamayıb.

Ankara sakinləri: Artıq ət ala bilmirik
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Bu baxımdan, hazırda inflyasiya səviyyəsi sıfıra yaxınlaşsa belə, son üç ildə inflyasiya əhalinin real gəlirlərini azaltdığından onun sıfıra enməsi də insanların rifahının bir anda müsbətə dəyişəcəyi anlamına gəlmir. Bunun baş verməsi üçün insanların real gəlirləri kəskin artırılmalıdır. Əks halda son üç ildə baş verən yüksək inflyasiyanın əhaliyə təsiri aradan qaldırıla bilməz. Üstəlik, ötən ilin apreli ilə müqayisədə Azərbaycanda inflyasiya göstəricisi 0 faiz olsa da, 2020-ci ilin apreli ilə müqayisədə inflyasiya göstəricisi 33 faizdir.

Başqa sözlə, DSK-nın ölçümünə görə, ötən ilin apreli ilə müqayisədə bu ilin aprelində qiymət artımı baş verməsə belə, ötən ilin aprelinədək baş tutan uzunmüddətli yüksək bahalaşma onsuz da əhalinin sosial durumunu ağırtlaşdırmışdı. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2019-cu ildə Azərbaycanda adambaşına düşən aylıq ərzaq xərcləri 168 manat olduğu halda, 2023-cü ildə bu göstərici 271 manata yüksəlib, yəni 61 faiz artıb. Bu baxımdan, artıq inflyasiya göstəricisinin azalması ilk baxışdan sevindirici xəbər olsa da, unutmaq olmaz ki, bu, hələ insanların sosial durumunun yaxşılaşacağı anlamına gəlmir, axı əhalinin gerçək gəlirlərində artıma nail olmaq lazımdır. Bu da hökumətin sosial xərcləri artırmasından və rəqabətli biznes ortamı yaradılmasından asılıdır.

XS
SM
MD
LG