Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:32

İran öz istehsalı olan hipersonik raketin təqdimatını keçirib


Fəttah raketi
Fəttah raketi

İran iyunun 6-da ölkədə istehsal olunmuş ilk hipersonik ballistik raketin təqdimatını keçirib.

Reuters agentliyi yazır ki, bu hadisə Qərbin İranın raket proqramından narahatlığını daha da artıracaq.

İranın dövlət mediasında dərc olunmuş fotolarda “Fəttah” adlı raket görünür.

Bu münasibətlə keçirilən mərasimdə prezident İbrahim Rəisi və İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) komandanları iştirak ediblər.

Fəttah “fateh” deməkdir

İİKK-nin hərbi-hava qüvvələrinin komandanı Əmirəli Hacızadə dövlət mediasına bəyanat verib:

"Dəqiq vuran Fəttah hipersonik raketinin zərbə radiusu 1400 kilometrdir və o bütün hava hücumundan müdafiə sipərlərini keçmək qüdrətinə malikdir”.

Hipersonik raketlər səsdən azı beş dəfə sürətlə uçur və mürəkkəb trayektoriyaya malikdir. Buna görə də bu raketlərin aşkarlanması son dərəcə çətindir.

Ötən il İran bildirmişdi ki, atmosferin daxilində və xaricində manevr edə bilən hipersonik raket tikib.

İranın dövlət mediası iddia edir ki, “Fəttah düşmənin təkmil hava hücumundan müdafiə sistemlərini hədəfləyə biləcək və raket istehsalı sahəsində böyük sıçrayış sayılmalıdır”.

Ərəb sözü olan Fəttah fateh mənasını verir.

Texniki göstəriciləri

İran dövlət televiziyasının reportajında deyilirdi ki, Fəttah Birləşmiş Ştatların və İsrailin “Dəmir Qübbə” də daxil antiballistik sistemlərindən yan keçə bilir.

Fəttahın maksimum sürətinin 14 max və ya saatda 15 min kilometr olduğu iddia edilir.

Ötən ay İran özünün Xürrəmşəhr ballistik raket tipindən olan Xeybər adlı raketin təqdimatını keçirmişdi.

İran bu raketin zərbə radiusunun 2000 kilometr, zərbə başlığının isə 1500 kiloqram olduğunu iddia edir.

Ötən mart ayında Vaşinqton İranın raket sənayesində birbaşa və ya dolayısı ilə işləyən İran şirkətlərinə sanksiyalar qoyub.

Qərb ekspertlərinin şübhələri

ABŞ və Avropanın narazılığına baxmayaraq İran israr edir ki, özünün raket müdafiə sistemini inkişaf etdirəcək.

Bununla belə Qərbin hərbi ekspertləri deyirlər ki, Tehran bəzən özünün raket qabiliyyətini şişirdir.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın öz ölkəsini İranla 2015-ci il sazişindən çıxarmaq qərarı həm də Tehranın raket proqramı ilə bağlı idi.

Tramp İran üzərinə ABŞ sanksiyalarını bərpa etmiş, Tehran isə buna cavab olaraq özünün nüvə fəaliyyətini sürətləndirmişdi.

İran atom bombası istehsal etməyə çalışdığına dair ittihamları rədd edir.

Tehran və Bayden administrasiyası arasında nüvə sazişinin dirçəldilməsi üçün aparılan vasitəçili danışıqlar ötən sentyabrda dalana dirənib.

İsrail Qərbin İranla hər hansı nüvə danışıqlarına qarşıdır və bəyan edir ki, diplomatiya baş tutmasa İrana qarşı hərbi hərəkətə keçəcək.

XS
SM
MD
LG