Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:38

İran prezidentliyinə islahatçı namizəd ABŞ ilə münasibətlərin yaxşılaşmasını istəyir


Məsud Pezeşkian
Məsud Pezeşkian

İranda iki gün sonra keçiriləcək prezident seçkilərində yeganə islahatçı namizəd Məsud Pezeşkian Birləşmiş Ştatlar (ABŞ) ilə münasibətlərin yaxşılaşdırılmasını istədiyini deyib. O öz mühafizəkar rəqiblərini Qərblə nüvə sazişini geri qaytarmağa çalışmamaqla İran iqtisadiyyatını məhv etməkdə günahlandırıb.

2016-cı ildə İran və Qərb dövlətləri arasında Tehranın nüvə proqramını cilovlayan tarixi saziş bağlanmışdı. Nüvə sazişi bəzi sanksiyaların qaldırılmasına yol açmışdı. Amma iki il sonra Donald Trampın hakimiyyəti dönəmində ABŞ bu sazişdən çıxdı. Vaşinqtondan vurğulandı ki, məqsəd İran liderlərinin öz xalqına qarşı hesabatlı olmasına nail olmaqdır.

"Şərq gücləri İranın yeganə seçimi olduqlarını düşünməməlidir"

M.Pezeşkian keçmiş xarici işlər naziri Cavad Zərifi özünün xarici siyasət müşaviri elan edib. O, eyni zamanda, prezident seçiləcəyi təqdirdə Rusiya ilə münasibətlərə yenidən baxacağını bildirib. Deyib ki, Şərq gücləri İranın yeganə seçimi olduqlarını düşünməməlidir.

Keçmiş ürək cərrahı və səhiyyə naziri Pezeşkian milyonlarla iranlının səsini almaq üçün mübarizə aparır. Ancaq çoxları səsvermədə qalib gələcəyi təqdirdə belə ali dini lider Əli Xameneinin ona ölkənin kursunu dəyişdirməyə imkan verməyəcəyini düşünür.

Onun C.Zərifi öz komandasına cəlb etməsi təsadüfi deyil. O, bununla seçiləcəyi təqdirdə İranın xarici siyasətinin, o cümlədən nüvə proqramı ilə bağlı razılaşmaya baxışının dəyişə biləcəyini nümayiş etdirir. Qərb İran rəhbərliyinin nüvə silahı düzəltmək niyyətindən get-gedə daha çox narahat olur.

"Səs verməmək azlığa güc verir"

C.Zərif Pezeşkiana İsfahandakı kampaniya zamanı qoşulub. O, ruhdan düşmüş seçiciləri iyunun 28-də keçiriləcək seçkiləri boykot etməməyə çağırıb: "Səs verməmək mesaj deyil. Səs verməmək azlığa güc verir. İranı acınacaqlı nəticələrə aparan da məhz bu azlıqdır".

Azərbaycanlı namizəd İran prezidenti seçiləcək? Rəy sorğularında ikincidir.
Gözlə

No media source currently available

0:00 0:13:51 0:00

İranda çoxları siyasətdən üz döndərib. Martda keçirilən parlament seçkilərində boykot çağırışları fonunda iştirak faizləri rekord səviyyəyə enib.

Pezeşkianın rəqibi olan beş namizəd - hamısı mühafizəkardır – onu Həsən Ruhaninin üçüncü müddətə prezidentliyini təklif etməkdə günahlandırıblar. (İslahatçılara yaxınlığı ilə seçilib. İranın Qərblə nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edən əsas simalardan biri olub) Ruhaninin diplomatik və iqtisadi strategiyası Trampın İranla nüvə sazişindən çıxmaq və bu ölkəyə maksimum sanksiya təzyiqi göstərmək qərarı ilə alt-üst olub.

İslahatçı namizədin uğur qazanaraq ikinci tura çıxa biləcəyi ehtimalı digər beş namizəddən azı ikisinin səsverməyə qədər geri çəkiləcəyi ilə bağlı spekulyasiyalara yol açıb.

Ötən həftə Pezeşkian ilə birlikdə təbliğat kampaniyasında danışan Zərif bildirib ki, nüvə sazişinin 2021-ci ildə Co Baydenin prezidentliyinin ilk altı ayı ərzində bərpa olunması planlaşdırılırdı. O deyib ki, nüvə alimi Möhsün Fəxrizadənin qətlə yetirilməsi və İran parlamentinin nüvə sazişinin uranın zənginləşdirilməsinə qoyduğu limiti aşmaqla bağlı qərarı bunun qarşısını alıb.

"İnflyasiya təkrəqəmli olub"

O həmçinin iddia edib ki, Trampın nüvə sazişindən geri çəkilməsinin səbəbi İranın bu sazişdən fayda götürən yeganə ölkə olması olub. Habelə əlavə edib ki, razılaşmanın ilk iki ili ərzində sanksiyaların yumşaldılması nəticəsində İranda inflyasiya və faiz dərəcələri təkrəqəmli olub.

M.Pezeşkian isə bildirib ki, 8 faizlik iqtisadi artım hədəfinə çatması üçün İranın öz qapılarını xarici investisiyaya açması zəruridir. O, iyunun 24-də iqtisadiyyata həsr olunmuş dördsaatlıq televiziya debatında deyib ki, Pulların Yuyulması ilə Mübarizədə Maliyyə Tədbirlərinin İşlənilməsi Qrupunun (Financial Action Task Force – FATF) qara siyahısına salındığı üçün Çin İrana sərmayə yatırmır. Pezeşkian daxildəki iqtisadi uğursuzluqları ölkənin siyasi təcridi ilə əlaqələndirməyə çalışıb.

Şərif Universitetinin İslam Birliyinin katibi Pezeşkianı tənqid edib: "Siz özünüzü demokratiyanın cansız bədəninə süni nəfəs verməyə gəlmiş həkim kimi görürsünüz. Ancaq bu bədən müalicə otağına yox, məzarlığa gedir".

Prezidentliyə namizədlər Məhəmməd Bağer Qalibaf, Əlirza Zəkani, Mustafa Pirməhəmmədi, Əmir Hüseyn Qazizadə Haşimi, Səid Cəlili və Məsud Pezeşkian İran dövlət televiziya studiyasında debatlar zamanı.
Prezidentliyə namizədlər Məhəmməd Bağer Qalibaf, Əlirza Zəkani, Mustafa Pirməhəmmədi, Əmir Hüseyn Qazizadə Haşimi, Səid Cəlili və Məsud Pezeşkian İran dövlət televiziya studiyasında debatlar zamanı.

Pezeşkian məcburi hicabın tətbiqini qınayıb

Pezeşkian məcburi hicaba qarşı çıxmasa da, onun tətbiqini qınayıb. "Fikri güclə tətbiq edə bilməzsən. Mən bir insan olaraq insanlara xidmət etməyə inanıram. Bacardığım qədər nəzarət patruluna son qoyacağam", - o bildirib.

Seçkilərlə bağlı hər hansı etibarlı ekzit-pol açıqlanmasa da, Pezeşkianın iki əsas mühafizəkar rəqibinin İslam İnqilab Keşikçiləri Korpusunun keçmiş komandiri və hazırkı parlament spikeri Məhəmməd Bağer Qalibaf və nüvə danışıqlarının keçmiş rəhbəri Səid Cəlili olacağı deyilir. Özünü güclü və qətiyyətli siyasətçi kimi təqdim edən Qalibaf Xameneinin favorit namizədi hesab olunur.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.

Bu il mayın 19-da İranda helikopter qəzasında prezident İbrahim Rəisi həlak olandan sonra ölkədə növbədənkənar prezident seçkiləri elan edilib.

XS
SM
MD
LG