Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:52

Sanksiya altında olan ölkələr klubu. 'Bir-birini sevmirlər'


Moskvada valyutadəyişmə məntəqəsinin qarşısı
Moskvada valyutadəyişmə məntəqəsinin qarşısı

Get-gedə ağırlaşan beynəlxalq iqtisadi sanksiyalar altında olan Rusiya və İran bir-biri və özləri kimi sanksiyalarla üzləşən ölkələrlə birlikdə ticarətin cəza tədbirlərini kompensasiya etməyin yollarını axtarırlar.

Beynəlxalq bank sistemindən, ixrac bazarlarından, beynəlxalq resurs və texnologiyalardan qoparılmış bu ölkələr öz ticarət münasibətlərini möhkəmləndirməyə, Şimali Koreya, Belarus, Venesuela və Birma kimi təcrid olunmuş ölkələrlə iqtisadi əlaqələr qurmağa çalışır.

“Alıb-satmaq istədikləri məhsulları yoxdur”

Ancaq ekspertlər deyir ki, bu qəbildən olan dövlətlər Qərbə qarşı durmaq üçün razılığa gəlmək istəsələr də, aralarında uzun zamandan bəri mövcud olan rəqabət, logistik çətinliklər və məhsullarının oxşarlığı hər hansı blok yaratmağa imkan vermir.

"Onlar coğrafi baxımdan bir-birinə yaxın deyil. Bir-birindən alıb-satmaq istədikləri məhsulları yoxdur. Üstəlik, bir-birini sevmirlər. Bu, içində olmaq istəmədiyiniz bir klubdur”, – ABŞ Xəzinədarlıq Departamentinin keçmiş əməkdaşı, hazırda “Castellum.A.I” konsaltinq şirkətinin baş icraçı direktoru (CEO) Piter Pyatetski (Peter Piatetsky) deyir.

İran sanksiyaların aradan qaldırılacağını gözlədiyi halda ilin əvvəlində ABŞ və Avropa İttifaqının (Aİ) yeni sanksiyaları ilə üzləşdi. Bu sanksiyalar ilk növbədə Tehranın Ukraynaya qarşı hücumda Rusiyanı dəstəkləməsi və ölkə daxilində hökumət əleyhinə etirazları amansızlıqla boğması ilə bağlıdır.

Ancaq Ukraynada müharibədən öncə də Tehran və Moskva sanksiyalardan yayınmaq üçün ticarət sövdələşmələri haqda düşünürdü.

Rəisinin vədi

"Həm İran, həm də Rusiya sanksiyaların hədəfindədir və onlar bu imkandan faydalana bilərlər”, – İranın Neft Nazirliyi yanvarda paylaşdığı tvitdə yazırdı. Həmin dövrdə rəsmilər Moskvada görüşərək iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə edirdilər.

Noyabrda Tehranda Rusiya nümayəndə heyətini qəbul edən İran Prezidenti İbrahim Rəisi Moskva ilə əlaqələri "strateji" səviyyəyə qaldırmağa söz verib. O bunu "ABŞ və müttəfiqlərinin sanksiya və sabitliyin pozulması siyasətinə ən qətiyyətli cavab” adlandırıb.

Rusiyanın Ukraynaya qarşı aqressiyasını dəstəklədiyi və 2020-2021-ci illərdə ölkə daxilində hökumət əleyhinə etirazları boğduğu üçün sanksiyalara məruz qalan Belarus da bu il Moskva və Tehranla ticarət müqavilələri imzalamağı faydalı sayıb.

2014-cü ildə ölkə daxilindəki etirazları boğduğu üçün ABŞ və Aİ sanksiyalarına məruz qalan Venesuela bu il Tehranla 20 illik əməkdaşlıq müqaviləsi imzalayıb.

Çin

Hazırda “TD International” risk kəşfiyyat şirkətində aparıcı vəzifə tutan ABŞ hökumətinin keçmiş kəşfiyyat işçisi Bencamin Tsay (Benjamin Tsai) deyir ki, Belarus və Venesueladan başqa Şimali Koreya, Suriya və Myanmanın (Birma) da Rusiya və İranla ticarət əlaqələrinin olduğu bəllidir.

Onun sözlərinə görə, Çin "Rusiya və İrandan enerji idxaləndan faydalanır", ancaq "Rusiya və İranı diplomatik və ideoloji məcralarda dəstəkləməklə yanaşı sanksiyaları pozmadan incə balans oyunu oynayır”. Tsai bunu Qərblə əlaqələri kəsməyin Çinə baha başa gələcəyi ilə izah edir.

Maraqlıdır ki, Rusiyanın Çinə daha çox neft ixrac etmək üçün qiymətləri aşağı salması İranın bazarına mane olur.

Çinlə Rusiya sentyabrda İranı rəhbərlik etdikləri Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzv kimi qəbul etməyə razı oldular. Bu addım həm də ticarət əlaqələrinin genişləndirilməsi məqsədi daşıyır.

Dollarsızlaşdırma

Sanksiya altında olan dövlətlər beynəlxalq yükdaşıma və maliyyə xidmətlərindən də yararlana bilmirlər. Buna görə də onlar öz aralarında ticarət üçün müxtəlif üsullara əl atırlar.

"Onlar barter, yaxud ABŞ dolları tələb etməyən ticarət növlərinə müraciət edə bilərlər. Məsələn, Qərbin sanksiyaları Rusiyanın ikitərəfli ticarətdə Çin yunanından istifadəsini artırıb. Rusiya qurumları eyni zamanda kriptovalyutalarla sanksiyalardan yayınmağa çalışırlar”, – Tsay deyir.

Rusiya və İran uzun zamandır ki, ABŞ dolları ilə aparılan ticarətdən yayına bilmək üçün alternativ valyuta yaratmağı götür-qoy edirlər.

Rusiya 2014-cü ildə Ukraynaya məxsus Krım yarımadasını ilhaq edəndən sonra sanksiyalara məruz qalmasından bəri SWIFT-in yerinə öz bank sistemindən istifadəyə cəhd edib.

Bu il Rusiya və İran dollarsızlaşdırma məqsədilə ikili ticarəti öz milli valyutalarında aparmaq və özlərinin elektron bank ödəmə sistemlərini – “Mir” və “Şetab”ı inteqrasiya etmək yönündə addımlar atıblar.

Ticarət alınmayanda...

İranla Rusiyanın sanksiya altında olan dövlətlərlə birbaşa ticarəti alınmayanda hərbi məhsullar, texnologiya və nou-hau mübadiləsinə əl atmağa başladılar.
ABŞ Şimali Koreyanı Rusiyanı hərbi sursatla təchiz etməkdə günahlandırır. İransa Rusiyaya Ukraynada istifadə üçün döyüş və "kamikaze" dronları satıb. Britaniya Rusiyanı İrana bunun əvəzində “müasir hərbi hissələr” verməkdə suçlayıb.

Ancaq Pyatetski deyir ki, bu cür sövdələşmələri kənara qoysaq, İran, Rusiya və sanksiya altında olan digər dövlətlərin özlərinin kənardan idxal etmədikləri, ticari dəyəri olan məhsulları yoxdur.

"…Bəli, bir-birinizlə iş görə bilərsiniz. Ancaq sənin qarşı tərəfə lazım olan bir şeyin yoxdur”, – Pyatetski deyir.

Əngəllər

Rusiya, İran və Belarusun hər üçü enerji istehsalçısıdır. Rusiyanın Hindistan və Çinə neft satışları isə İranın ixracatına mane olur. Həm Rusiya, həm də Belarus aparıcı gübrə ixracatçılarıdır. Bu isə Belarusun əsas ixracat məhsulu olan potaş (kalium mineralları) satışına əngəl yaradır. Rusiyanın daxili avtomobil sənayesi ciddi problemlərlə üz-üzədir. Tehran bu ölkəyə avtomobil və hissələr satmağa cəhd etsə də, İran maşınlarının təhlükəsizlik standartlarına uyğun olmamaqda ad çıxarması bu sövdələşməni şübhə altına alır.

Ötən il Moskva Tehrana təyyarə ixracı barədə razılığa gəlib. Ancaq bu sövdələşmə də sual altındadır.

"Rusiyada adamlar İran maşını sürmək, İranda isə insanlar Rusiya təyyarəsində uçmaq istəmirlər”, – Pyatetski deyir.

"Bu cür sanksiyalardan yayınma tədbirləri … rejimin ayaqda qalmasına kömək edə bilər, amma iqtisadi artıma yol açmayacaq. Sanksiya altında olan dövlətlərin bu “blokunun” Qərblə hər hansı şəkildə iqtisadi rəqabət apara biləcəyi ağlasığmazdır”, – Tsay deyir.

XS
SM
MD
LG