Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:45

Azərbaycan və İran iki ölkə arasında gərginliyi müzakirə ediblər


Azərbaycan və İran xarici işlər nazirləri
Azərbaycan və İran xarici işlər nazirləri

Aprelin 8-də Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon söhbəti olub.

Reuters agentliyi yazır ki, bundan bir gün əvvəl Bakı İranın dörd diplomatını Azərbaycana qarşı “təxribatçı hərəkətlərlə” bağlı persona non grata elan edib.

Son həftələrdə Azərbaycan və İran arasında münasibətlərin gərginləşdiyi barədə xəbərlər yayılır.

İran Azərbaycanı düşmən hesab etdiyi İsraillə yaxın münasibətlərinə görə ittiham edir.

Tehranın ən son bəyanatlarında Azərbaycanın İsraildə səfirlik açması kəskin tənqid olunurdu.

Azərbaycan Xarici İşlər Nazirliyinin cavab bəyanatında bildirilirdi ki, Azərbaycan hansı ölkələrlə yaxşı münasibətlər qurması barədə üçüncü ölkələrlə məşvərət etmir.

Telefon söhbəti

İranın dövlət mediası aprelin 8-də xəbər verib ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onun azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında “mövcud problemlərin və anlaşılmazlıqların, bunların həlli yollarının şəffaf müzakirəsi” olub:

"İki tərəf aralarında yaxşı qonşuluğun olmasını və biri digərinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət bəslədiklərini vurğulayıblar”.

Reuters yazır ki, Hüseyn Əmir Abdullahian və Ceyhun Bayramov aprelin 7-də və 8-də telefonla danışıblar.

Reuters yazır ki, bundan əvvəl rəsmi Bakı Azərbaycan millət vəkillərindən birinə qarşı sui-qəsd cəhdinə görə İrandan şübhələndiyini ifadə etmişdi.

Bu millət vəkili anti-İran bəyanatları ilə tanınır.

Azərbaycan İran səfirliyinin dörd əməkdaşını 'arzuolunmaz şəxs' elan edib

İranın Azərbaycandakı səfirliyinin dörd əməkdaşı persona-non-qrata elan edilib.

Bu barədə bu gün, aprelin 6-da Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda bildirilir ki, aprelin 6-da İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb: "Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib".

"İran səfirliyinin dörd əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-qrata" (arzuolunmaz şəxs) elan edildiyi səfirin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib",-XİN bildirir.

Bu açıqlamaya və orada bəhs edilən tələbə, hələlik, İranın Azərbaycandakı səfirliyinin münasibəti bəlli deyil.

Xatırlatma

Son illər Azərbaycan və İran arasında qarşılıqlı ittihamlar eşidilməkdədir. Azərbaycanın hüquq-mühafizə orqanları İrandan təlimat alan bəzi şəxslərin ölkənin konstitusiya quruluşuna qarşı fəaliyyət apardığını bildirir. İran isə Azərbaycanda onlara qarşı xarici qüvvələrə şərait yaradıldığını iddia edir. İttihamlar qarşılıqlı olaraq təkzib edilir.

Bu il yanvarın 27-də isə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra Azərbaycan səfirliyin işçilərini təxliyə edib. İran silahlı hücumun araşdırılacağını bəyan edib.

XS
SM
MD
LG