Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:41

İranda hicaba etiraz edən tələbələri döyüblər


Hicaba etiraz aksiyası (Arxiv fotosu)
Hicaba etiraz aksiyası (Arxiv fotosu)

İranın Tələbə İttifaqları Şurası xəbər verir ki, Tehran İncəsənət Universitetində geyim məcəlləsinə etiraz edən bir neçə tələbə universitetin təhlükəsizlik xidməti tərəfindən döyülüb.

Tələbələrdən bəzilərinin vəziyyətinin “kritik” olduğu bildirilir.

Tələblər iyunun 15-də universitetin Milli Bağ yataqxana şəhərciyində məcburi hicab siyasətinə oturaq etiraz aksiyası keçirirdilər.

Xəbər verilir ki, təhlükəsizlik tələbələrin universiteti tərk etməsinə icazə vermir.

Bu aksiyadan əvvəl universitetin təhlükəsizlik xidməti universitetə ərzaq və su gətirilməsini qadağan etmişdi.

Tələbələrə xəbərdarlıq edilmişdi ki, oturaq etirazı dayandırmasalar, mülki geyimli təhlükəsizlik qüvvələrinin xəfiyyələri şəhərciyə buraxılacaq.

İncəsənət Universiteti bundan əvvəl tələbələri “mağnaye” geyinməyə məcbur etməyə bir neçə dəfə cəhd göstərib. “Mağnaye” başı, alını, çənə və sinəni örtmək üçün istifadə olunan qara rəngli parçadır və “tam hicab” mənasını verir.

Bu, İranda son on ildə tələbələr üçün məcburi geyim məcəlləsidir.

Tələbələr universitetin bu tələblərini rədd ediblər.

Antihicab hərəkatı

İranda ötən sentyabrda 22 yaşlı Məhsa Əmini polis məntəqəsində öldükdən sonra ölkəni bürüyən etirazların əsas hədəfi hicab idi. Etirazlar səngisə də hicaba müqavimət davam edir.

Hakimiyyət etirazların ardınca universitetlərdə hicab qaydalarını sərtləşdirib.

Hicaba əməl etməyən tələbələr universitetlərdən qovulur.

Məsələn hicaba qarşı aksiyada iştirak etdiyinə görə Sepide Raşno həbs edilib və işgəncələrə məruz qaldıqdan sonra Əl-Zəhra Universitetindən qovulub.

İranda tələbələr ənənəvi olaraq etiraz aksiyalarının ön cərgələrində olurlar. Bu aksiyalarda məcburi hicab qaydasının ləğvi, daha geniş ictimai və siyasi azadlıqların verilməsi tələb olunur.

1999-cu ildə Tehran Universitetinin tələbələri bir liberal qəzetin bağlanmasına qarşı etiraz edərkən polis zorakılığı ilə üzləşmişdilər və bir tələbə həlak olmuşdu.

Hakimiyyət tələbə fəal və liderlərin həbslərini davam etdirir.

Fəalların HRANA xəbər agentliyi bildirir ki, son etirazlarda azı 700 tələbə həbs olunub.

Xatırlatma

İranda 2022-ci ildə edam edilənlərin sayı ondan əvvəlki illə müqayisədə 75 faiz artıb.

Bununla bağlı iki insan haqları qrupu bildirir ki, İranda “edam maşınından” ölkəni etirazların bürüdüyü bir vaxtda cəmiyyətin qorxudulması üçün istifadə edilir.

2022-ci ildə İranda 582 nəfər edam olunub. Bu, 2015-ci ildən bəri ən yüksək edam göstəricisidir.

Norveçdə mənzillənmiş İran İnsan Haqları və Parisdə mənzillənmiş Birlikdə Ölüm Cəzasına Qarşı təşkilatlarının hesabatına görə 2015-ci ildə 333, 2021-ci ildə isə 582 nəfər edam edilib.

Ötən ilin sentyabrından bəri İranı 22 yaşlı Məhsa Əmininin ölümünə etirazdan başlanmış itaətsizlik dalğası bürüyüb.

Hakimiyyət etiraz aksiyalarına sərt reaksiya verib. Ötən il dörd nəfər məhz etirazlarla bağlı çıxarılan hökmlərlə edam olunub.

XS
SM
MD
LG