Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:52

Bərzani Bakıya niyə gəlmişdi?


Prezident İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü. 18 iyul 2023
Prezident İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü. 18 iyul 2023

İyulun 18-də Prezident İlham Əliyev Bakıda işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb. Görüşdə İraq Kürdüstan Regionu ilə enerji sahəsində əməkdaşlıq, sərmayələr, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlər müzakirə olunub. Söhbət zamanı Əliyev ilə Bərzani arasında bu ilin fevralında Münxendə keçirilən görüş xatırlanıb. O vaxt İraq Kürdüstanının başçısı bildirirdi ki, regionun Türkiyə ilə çox sıx münasibətləri var və bu xüsusda birgə əməkdaşlıq layihələrinə baxıla bilər. Əliyev isə bu çərçivədə üçtərəfli əməkdaşlıq mexanizmlərinin nəzərdən keçirilə biləcəyini deyirdi.

İraqın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri Meki Resan "Rudaw" televiziyasına Bərzaninin Bakıya səfərini "önəmli" adlandırıb, önəmli nəticələri olacağını deyib. Onun sözlərinə görə, səfər həm İraq, həm Azərbaycan üçün yeni imkanlar açacaq.

H.Babaoğlu
H.Babaoğlu

"Çox əhəmiyyətli səfər idi"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu "Turan"a bildirib ki, İraq Kürdüstanı başçısının Azərbaycana səfəri mühüm bir hadisədir: "Hər şeydən öncə Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir və İraq Kürdüstan Regionu Yaxın Şərqdə qardaş ölkənin dost hesab etdiyi, dərin iqtisadi-siyasi əlaqələr qurduğu, Yaxın Şərqdə terrorla mübarizədə birgə davrandığı regionlardan biridir. Dostumuzun dostu da bizim dostumuzdur".

Deputat xatırladır ki, İraq Kürdüstanı mühüm təbii ehtiyatlara malik olan bir ərazidir, üstəlik, onun bir hissəsində İraq türkmənləri öz tarixi vətənində yaşayır: "Əgər bu gün Azərbaycan bütün dünyaya açılan mühüm beynəlxalq aktyor kimi çıxış edirsə, tarixi mənsub olduğumuz, dini aid olduğumuz regionda mütləq yaxşı əlaqələrə malik olmalıdır. Bu mənada Nərçivan Bərzaninin səfəri çox əhəmiyyətli səfər idi".

A.Qasımlı
A.Qasımlı

"Elitalar arasında alış-veriş layihələri ola bilər"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı AzadlıqRadiosuna deyir ki, Azərbaycan və İraq Kürdüstan Regionu arasında iqtisadi, ticari bir münasibətlərin qurulması ona şübhəli gəlir: "Onlar nə istehsal edirlər ki, bizə sata bilsinlər və biz nə istehsal edirik ki, onlara sataq? Sadəcə elitalar arasında hansısa alış-veriş layihələri ola bilər, amma Bərzaninin səfərinin bununla bağlı olduğuna inanmıram".

Ekspertin fikrincə, səfər siyasi məqsədli və İranla bağlı idi: "Azərbaycanın İrandakı səfirliyinə hücum olandan bir neçə gün sonra İranın bir neçə şəhərini raket atəşinə tutdular. Bu aktı heç kəs boynuna götürmədi. Onda bir qismi dedi ki, İranı İsrail ərazisindən vurublar, digər bir qismi isə dedi ki, İranı İraqın Kürdüstan regionundan vurdular".

A.Qasımlının sözlərinə görə, İraq Kürdüstanı Azərbaycana yalnız siyasi nöqteyi-nəzərindən, İranla münasibətlər çərçivəsində maraqlıdır və İrana əlavə bir təzyiq rıçaqıdır.

Ə.Oruclu
Ə.Oruclu

"Üstünlük muxtariyyətə yox, ölkəyə verilməlidir"

Siyasi şərhçi Ərəstun Oruclu da AzadlıqRadiosuna bildirib ki, İraq Kürdüstan Regionunun nəzarət etdiyi ərazilərdə İraq neftinin əsas ehtiyatları cəmləşib: "Eyni zamanda, Azərbaycan mediasında Bərzaninin müsahibəsi də olmuşdu. Həmin müsahibədə o, İranla münasibətlərin çox gərgin olduğunu bildirmişdi və bunda PKK-nı günahlandırmışdı".

Ekspert Bakının İraqın federal hökumətini qoyub Azərbaycan üçün çox həssas bir mövzu olan kürd muxtariyyətinin rəhbərliyi ilə əlaqə qurmasını başa düşmədiyini vurğulayır. Onun fikrincə, hər bir halda, Azərbaycan hökuməti İraq Kürdüstan Regionu ilə məsafə saxlamalıdır.

Oruclu deyir ki, hansısa vasitəçi dövlətlər Azərbaycanla İraq Kürdüstanı arasında əlaqələrin qurulmasında maraqlı ola bilər: "Amma biz hər hansı bir dövlətlə əməkdaşlıq ediriksə, burada üstünlük muxtariyyətə yox, ölkəyə verilməlidir".

Prezident İlham Əliyevin Davosda İraq Kürdüstan Regional hökumətinin başçısı Məsud Bərzani ilə görüşü. 18 yanvar 2017
Prezident İlham Əliyevin Davosda İraq Kürdüstan Regional hökumətinin başçısı Məsud Bərzani ilə görüşü. 18 yanvar 2017

Mustafa Bərzaninin tarixçəsi

2017-ci ilin yanvarında Prezident Əliyev Davosda İraq Kürdüstan Regional Hökumətinin ozamankı başçısı Məsud Bərzani (Neçirvan Bərzaninin əmisi) ilə görüşündə onun atasının vaxtilə bir müddət Azərbaycanda yaşadığını xatırladıb. Bərzani isə atasının Bakı ilə bağlı xatirələrini hər zaman məmnunluqla yad etdiyini deyib.

Neçirvan Bərzaninin babası Mustafa Bərzani 1903-cü ildə İraq Kürdüstanının Bərzan qəsəbəsində doğulub. 1945-ci ildə Bərzan tayfasından 10 min nəfər, o cümlədən 2 min silahlı İranın sovet işğalı altında olan hissəsinə gedir və orada Mehabad Respublikası elan olunur. Bu respublika 1946-cı ilin dekabrında süquta uğrayır.

Bərzani və tərəfdarlarının 500 silahlı ilə Azərbaycan SSR-ə qaçdığı, Naxçıvan yaxınlığında düşərgələrə yerləşdirildiyi bildirilir. O, bir neçə il SSRİ ərazisində yaşadığı üçün "Qızıl Molla" ləqəbi ilə də tanınıb. Mustafa Bərzani 1958-ci ildə İraqa qayıdıb.

XS
SM
MD
LG