Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:43

İsa peyğəmbərin dəfn edildiyi mağara tapılıb?


Həzrəti İsanın məqbərəsi
Həzrəti İsanın məqbərəsi

Qüdsdə bir ilk baş verib: Həzrəti İsanın məqbərəsində bərpa işləri aparan mütəxəssislər məqbərənin ən içəridəki otağının mərmər divarını götürərək, peyğəmbərin bədəninin qoyulduğu daşı görməyə çalışıblar.

Bir çox tarixçinin fikrincə, İsa Məsihin dəfn edildiyi gerçək mağara çoxdan yer üzündən silinib.

Ancaq bərpaçı qrupu müşayiət edən arxeoloq Qüdsün Müqəddəs Qəbir Kilsəsinin mərkəzində - mərmər panellərin arxasında mağara divarlarını üzə çıxarıb. O bundanötrü ayrıca radardan yararlanıb.

XARABALIQDA TİKİLƏN KİLSƏ

«Bu tapıntı, sadəcə, heyrətamizdir», - «National Geographic»in arxeoloqu Fredrik Hiebert belə deyir.

İsa Məsihin ən qədim kilsələrdən birinin mərkəzində yerləşən məqbərəsi xristianların ən müqəddəs yerlərindən sayılır.

«National Geographic» bərpa işini işıqlandırmaq üçün Yunanıstandan olan restavrasiya qrupu ilə əməkdaşlıq aparır.

XII əsrə aid Müqəddəs Qəbir Kilsəsi IV yüzildən qalan xarabalıq üzərində tikilib. Xristianlığın bütün 6 məzhəbinin ayinləri yalnız burada icra edilir.

RAZILIQ ALMAQ ASAN DEYİL

İsa Məsihin məqbərəsi son dəfə 1810-cu ildə - yanğından sonra bərpa edilmişdi. On illərlə nəmişlik və şam tüstüsünün təsirinə uğrayan bu məqbərənin restavrasiyaya ehtiyacı var. Britaniya hökumətinin 1947-ci ildə məqbərənin ətrafına çəkdiyi dəmir hasar hələ də qalmaqdadır.

Bərpa işini aparmaq o qədər də asan deyil. Bu müqəddəs məkanın hamilərinin razılığı olmadan bunu etmək mümkün deyil. Üstəlik, buranın müxtəlif hissələrini qoruyan məzhəb nümayəndələri cüzi dəyişikliklərə də etiraz edirlər.

Həzrəti İsanın heykəli
Həzrəti İsanın heykəli

Ötən il İsrailin Qədim Obyektlər İdarəsi binanın təhlükəli olduğunu bildirmişdi. Ardınca polis ərazini bir müddətliyə gediş-gəlişə bağlamışdı. Bu, məzhəb təmsilçilərinin təmir işlərinə icazə verməsinə yol açdı.

BİR GÜN NÖVBƏYƏ DURURLAR?

Zəvvarlar müqəddəs qəbrin yerləşdiyi kiçicik otağa daxil olmaqdan ötrü düz bir gün növbəyə dururlar. Ağ mərmər qapağın önündə diz çökən xristianlar Məsihin bədəninin onun altındakı daşın üstünə qoyulduğuna və onun burada dirilib yoxa çıxdığına inanırlar.

Kilsə rəsmiləri təmir işlərinə görə, çərşənbə günündən (oktyabrın26-dan) bəri müqəddəs məzarı ziyarətçilərin üzünə bağlayıblar. Mütəxəssislər müqəddəs qəbrin özünü görmək ümidi ilə mərmər lövhəni sürüşdürüblər. Hiebert deyir ki, bu lövhə 1550-ci ildən bəri qaldırılmayıb.

Mərmərin altında daş qırıntıları tapılıb. İşçilər ötən gün daş qırıntılarını təmizlərkən, gözlənilmədən başqa bir mərmər lövhəni aşkar ediblər!

Hiebert-in fikrincə, üzərində kiçik xaç işarəsi yonulan bu boz lövhə XII əsrə aiddir. Ortadan çatlayan bu lövhənin altında ağ rəngə çalar qat var.

«BACA» OLACAQ

«İnana bilmirəm... Bu ki əsl qayadır. Hələ çox işimiz var», - Hiebert belə deyib.

Kilsəni yönəldən əsas xristian icmaları müqəddəs yerin daxilində qazıntı aparmaq üçün mütəxəssislərə cəmi 60 saat vaxt veriblər. O səbəbdən, mütəxəssislər qəbrin özəyinə çatıb, araşdırma aparmaqdan ötrü gecə-gündüz çalışırlar.

«Biz bütün bunları qeydə alandan sonra qəbri bağlayacağıq», - Afina Milli Texniki Universitetindən olan memar Antonia Moropoulou-nun sözləridir. O bu bərpa layihəsinin rəhbəridir.

Restavrasiya qrupu qəbri gərəyincə qapadacaq. Ancaq bir hissəni açıq saxlayacaq. Söhbət qəbrin mərmər divarında mütəxəssislərin açdığı düzbucaqlı deşikdən gedir. Zəvvarlar bu «baca»dan ilk dəfə Məsihin qəbrinin üzərindəki əhəngdaşını görəcəklər.

XS
SM
MD
LG