Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:36

Müsahibə: 'İranın İsrail-HƏMAS münaqişəsinə birbaşa qoşulması inandırıcı deyil'


İranın "Bəsic" qüvvələrinin üzvləri Tehranda cümə namazından sonra Fələstinə dəstək mitinqində İsrailin baş naziri Benyamin Netanyahunun saxlanmasını səhnələşdirirlər.
İranın "Bəsic" qüvvələrinin üzvləri Tehranda cümə namazından sonra Fələstinə dəstək mitinqində İsrailin baş naziri Benyamin Netanyahunun saxlanmasını səhnələşdirirlər.

Seyid Əli Ələvi Londonda SOAS Universitetində Yaxın Şərq və İran araşdırmaları üzrə mühazirəçidir. O, həm də "İran və Fələstin: Keçmiş, indi və gələcək" kitabının müəllifidir.

AzadlıqRadiosunun fars xidmətinin (Radio Fərda) əməkdaşı Seyid Cəfəri onunla İranın Qəzza zolağına nəzarət edən HƏMAS Fələstin hərbi qruplaşması ilə əlaqələri, Tehranın hazırda gedən İsrail-HƏMAS münaqişəsinə birbaşa qoşulma ehtimalı haqda söhbət edib: "Bu radikal Fələstin qruplaşması İranın proksi qüvvəsidirmi" sualına cavabında Əli Ələvi HƏMAS-la İranın münasibətlərində anlaşılmazlıqlar olduğunu deyib: "HƏMAS ideoloji baxımdan Misirdə yerləşən "Müsəlman Qardaşlığı"na yaxındır. İran İslam Respublikasının HƏMAS-a siyasi dəstək verməsinə baxmayaraq, onların Suriyada vətəndaş müharibəsində böyük fikir ayrılıqları yaranmışdı. O zaman HƏMAS prezident Bəşər əl-Əsədə qarşı çıxır, İranın Suriyadakı təşəbbüsünü dəstəkləmirdi. HƏMAS onu Fələstin siyasi spektrinin bir hissəsi kimi qəbul edən istənilən ölkənin dəstəyini alqışlayır. İran HƏMAS-a siyasi dəstək verir, çünki bu halda İran Fələstin işinin dəstəkçisi kimi görünür".

HƏMAS-a təkcə İran dəstək vermir

İranın HƏMAS-a dəstəyinə gəlincə, bu, maliyyə dəstəyi və texnologiya transferi ilə məhdudlaşır. HƏMAS digər müttəfiqlərindən – Qətər və Türkiyədən daha çox maliyyə və siyasi dəstək alır. Ekspert deyir ki, İran HƏMAS-a dəstəyini azaldıb, çünki onların Fələstin və İsraildən kənarda baxışları ciddi fərqlənir.

Amma HƏMAS və "İslam Cihadı" Fələstin qruplaşması təmsilçilərinin İrana vaxtaşırı səfərlər etdiyi bildirilir. Tehran bu qrupların təlim keçməsində, hücumları planlaşdırmasında rol oynayırmı? Ələvi deyir ki, HƏMAS rəsmiləri və siyasi ofisləri Qətərdə yerləşir, onlar Türkiyə və Misirə, eləcə də İrana səfərlər edirlər. Diplomatik səfərlər heç də logistika yardımı axını demək deyil.

Silah haradan gəlir

HƏMAS-ın Türkiyə və Qətər ilə münasibətlərinə gəlincə, Türkiyə onun rəhbərliyini regionda idarəçiliyin rol modeli kimi dəfələrlə tərifləyib. ABŞ sanksiyaları altında olan İrandan fərqli olaraq Doha Qəzzadakı HƏMAS hökumətinə maliyyə dəstəyi verir. HƏMAS həm də Suriyada Türkiyənin yanında dayanıb və siyasi baxımdan Tehrandan fərqli olaraq özünü daha çox Ankaraya yaxın sayır.

HƏMAS silahları haradan alır? Ələvi bildirir ki, HƏMAS-ın aldığı ən vacib dəstək maliyyədir. Maliyyə dəstəyi ordu daxil olmaqla, digər sektorlara yönəldilə bilər. İranın isə böyük miqyasda dəstək verməyə imkanı və həvəsi yoxdur.

Təhlilçi HƏMAS-ın özündə də fikir ayrılıqları olduğunu qeyd edir. Onun sözlərinə görə, HƏMAS-ın son bir neçə on ildə İrandan nə qədər yardım almasının təsdiqi yoxdur: "Qətər və Türkiyənin qlobal maliyyə mərkəzlərinə çıxışı olduğu halda, İranın bu imkanı yoxdur, maliyyə dəstəyi də daha məhduddur".

Münaqişə genişlənə bilərmi

İsrail-HƏMAS münaqişəsinin Yaxın Şərqdə daha geniş müharibəyə çevrilərək İranı da cəlb etməsi riski varmı? Ələvi İranın Ali dini lideri Ayətulla Əli Xameneyinin İranın müharibəyə qarışması iddialarını rədd etdiyini, heç HƏMAS-ın adını çəkmədiyini yada salır. Amma o, İranın fələstinlilərə mənəvi dəstək verdiyini bir daha vurğulayıb.

"İran öz sərhədləri xaricində hər hansı regional münaqişəyə birbaşa girməyə həvəsli deyil. Taliban 2021-ci ildə Kabildə hakimiyyəti ələ keçirəndə, Azərbaycanla Ermənistan 2020 və 2023-cü illərdə müharibə edəndə də Tehran bu siyasəti yürüdüb. Fələstin münaqişəsinin tarixinə baxmaq və son faciəyə görə regional, yaxud beynəlxalq oyunçuları günahlandırmamaq vacibdir", – Ələvi vurğulayıb.

XS
SM
MD
LG