Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:29

İsraillə 'Hizbullah' 14 ay sürən döyüşlərdən sonra atəşkəs elan etdi


İsrail-"Hizbullah" atəşkəsindən sonra köçkünlər Livanın cənubundakı evlərinə qayıdırlar.
İsrail-"Hizbullah" atəşkəsindən sonra köçkünlər Livanın cənubundakı evlərinə qayıdırlar.

Noyabrın 26-da İsrail baş naziri Benyamin Netanyahunun Güvənlik Kabineti səs çoxluğu ilə ölkəsi və "Hizbullah" arasında atəşkəs razılaşmasını təsdiqləyib. Bu, İranın dəstəklədiyi "Hizbullah" döyüşçüləri ilə barışıq yolunda önəmli addım sayılır.

Razılaşmanı alqışlayan ABŞ prezidenti Co Bayden deyib ki, on minlərlə israillinin evlərini tərk etməsinə və minlərlə livanlının ölümünə səbəb olan 14 aylıq sərhəd döyüşlərindən sonra atəşkəs razılığına gəlmək mümkün olub.

Netanyahu "Hizbullah" razılığı pozsa, İsrailin ona sərt zərbə endirəcəyini də dilə gətirib.

Səsvermədən bir neçə saat öncə Livanın paytaxtı Beyruta və onun cənub qəsəbələrinə aramsız zərbələr endirən İsrail daha əvvəl də rekord sayda təxliyə xəbərdarlıqları elan edib.

"Terror fəaliyyətini bərpa etsə…"

Netanyahu televiziyada çıxışı zamanı deyib ki, atəşkəsin uzunmüddətli olub-olmaması Livanda baş verənlərdən asılıdır: ""Hizbullah" sərhədlərimizin yaxınlığında terror fəaliyyətini bərpa etsə, zərbə endirəcəyik. Raket atsalar, tunel qazsalar və ya raketlərlə dolu yük maşını gətirsələr, zərbə endirəcəyik".

Binyamin Netanyahu
Binyamin Netanyahu

Atəşkəs ABŞ və Avropa Birliyinin terrorçu təşkilat kimi tanıdığı HƏMAS-ın İsrailə qarşı ötən il oktyabrın 7-də gerçəkləşdirdiyi hücumdan sonra zorakılığa son qoymaq üçün ilk ciddi addım olacaq.

Razılaşmanın noyabrın 27-də yerli vaxtla saat 4-də qüvvəyə minəcəyini deyən Bayden əlavə edib ki, növbəti 60 gün ərzində hər iki tərəfdən olan dinc sakinlər öz yaşayış yerlərinə qayıda biləcək.

Bölgəyə, hələlik, qayıtmamaları ilə bağlı İsrail ordusunun xəbərdarlığına və livanlı hərbçilərin çağırışına baxmayaraq, dinc sakinlər Livanın cənubundakı evlərinə üz tutmağa başlayıblar.

Razılaşmaya görə, İsrail Livanın cənubundan qoşunlarını çıxarmalı və bu bölgədə Livan ordusu yerləşdirilməlidir. "Hizbullah" da Litaniya çayının cənubundan hərbi bölmələrini çıxarmalıdır.

"Köklü addım"

Livan baş naziri Nacib Mikati atəşkəs razılaşmasını alqışlayaraq deyib ki, bu, "Livanda sakitlik və sabitliyin bərqərar olunması yolunda köklü bir addımdır".

Co Bayden
Co Bayden

Razılaşmanın Qəzzadakı savaşa aid olmadığını söyləyən C.Bayden bildirib ki, oradakı münaqişədə də atəşkəs razılaşmasına ehtiyac var.

Netanyahu deyib ki, razılaşmadan sonra İsrail bütün gücünü HƏMAS döyüşçüləri və bölgədəki güvənliyə başlıca təhdid olan İran üzərində cəmləşdirəcək.

"Savaşın ikinci günündən HƏMAS düşünür ki, "Hizbullah" onların tərəfində vuruşacaq. "Hizbullah" meydandan çıxarılınca, HƏMAS təkləndi", - bunu söyləyən Netanyahu əlavə edib ki, ölkəsi HƏMAS-a basqıları artıracaq və bu, girovların azad edilməsi yolunda "müqəddəs" missiyalarına kömək göstərəcək.

ABŞ dövlət katibi Antoni Blinken daha öncə atəşkəsin Livanla İsraildə insan həyatlarını xilas edəcəyini dilə gətirmişdi.

"Bu, insanların İsrailin şimalına və Livanın cənubundakı evlərinə güvənli şəkildə dönüşünə ortamın yaradılması üçün böyük önəm daşıyacaq", - Blinkenin "Böyük yeddilik" ölkələri xarici işlər nazirlərinin İtaliyadakı görüşündən sonra dediyi sözlərdir. O, davamında belə söyləyib: "Gərginliyin azaldılması Qəzzada münaqişəni sonlandırmağa yardım göstərə və savaşda digər cəbhələrin açılmayacağına HƏMAS-ı inandıra bilər".

Ötən ilin oktyabrında başlanan savaş nəticəsində, azı, 3 min 799 livanlı və 47 israilli dinc sakinin həlak olduğu bildirilir.

Livandakı savaş "Hizbullah"ın bir ilə yaxın, ara-sıra, sərhəd atışmaları gerçəkləşdirməsindən sonra şiddətlənib. "Hizbullah" 2023-cü il oktyabrın 7-də İsrailə hücum edən HƏMAS-a dəstək olaraq belə davrandığını söyləmişdi. Məhz həmin hücum Qəzzada savaşa yol açmışdı.

XS
SM
MD
LG