Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:07

Azərbaycanın gömrük siyasəti yerli istehsalçılara necə mane olur?


Gömrük yoxlaması
Gömrük yoxlaması

Azərbaycandakı iş adamları özəlliklə gömrük ödənişlərindən narazılığı tez-tez dilə gətirirlər. Bir çox ölkə gömrük siyasətindən iqtisadiyyatı canlandırmaq üçün yararlanır. Tutalım, hökumət hansısa sektorda daxili istehsalı çoxaltmaq istəyirsə, xammal idxalına güzəştlərdən faydalanır və ya yerli istehsalçını qorumaqdan ötrü xaricdən gətirilən mallara ödənişləri artırır. Azərbaycanda isə, əksinə, mövcud gömrük sistemi yerli istehsalçıların işini daha da çətinləşdirir. Üstəlik, bu qurum ölkədə ən çox korrupsiyalaşmış sahələrdən sayılır. Az qala, hər il Gömrük Komitəsinin vəzifəli şəxsləri korrupsiya ittihamı ilə həbs edilir, amma bir müddət sonra yenə eyni hadisələr yaşanır.

Başqa bir misal: Bir həftə öncə bəlli oldu ki, gömrük orqanının vəzifəli şəxsi rüşvət qarşılığında gətirilməsi yasaqlanmış avtomobillərin Azərbaycana gətirilməsinə imkan yaradıb. Bilindiyi kimi, yarımilə yaxındır ki, Azərbaycana istehsal müddəti 10 ili aşan avtomobillərin idxalı qadağan edilib. Di gəl, korrupsiya halları həmin qadağanı yox sayaraq bu ilin iyun-avqust aylarında istehsal müddəti 10 ili aşan 400-dən çox avtomobilin ölkəyə gətirilməsinə şərait yaradıb.

Azərbaycanda gömrük sisteminin cəlbedici olmamasının əsas səbəblərindən biri də hökumətin gömrük gəlirlərindən gözləntisindən qaynaqlanır. Çox ölkə var ki, gömrük gəlirlərinə büdcəni doldurmaq vasitəsi kimi baxmır. Bu ölkələrdə gömrük tariflərinin əsas hədəfi iqtisadiyyata və qiymətlərə təsir etməkdir. Ancaq Azərbaycanda büdcənin neft-qaz gəlirlərindən asılılığı bu sahədən olan gəlirləri büdcə üçün əsas mənbələrdən birinə çevirir. Beləcə, hökumət gömrük siyasətinə iqtisadiyyatı stimullaşdırmaq aləti kimi deyil, büdcəni doldurmaq aləti kimi baxır. Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanın dövlət büdcəsinə gömrük orqanlarının xətti ilə 5 milyard 655 milyon manat daxil olub. Bu o deməkdir ki, ötənilki büdcə gəlirlərinin təxminən 18 faizi gömrük gəlirlərindən formalaşıb.

İstehsalçının dərdi

Azərbaycanın Gön-dəri İstehsalçıları Assosiasiyasının sədri Kamil Əliyevin bugünlərdə mətbuata açıqladığı məqamlar da ölkənin mövcud gömrük sisteminin yerli istehsalçılara necə mane olduğunu təsdiqləyir. Burası məlum ki, gön və dəri deyərkən, uyğun olaraq iribuynuzlu və xırdabuynuzlu heyvanların dərisi nəzərdə tutulur.

Assosiasiya sədri bildirib ki, Azərbaycanda xammal olaraq yetərincə gön-dəri olsa da, bu xammalın son məhsul halına gətirilməsi problemlidir. Axı gön və dərini aşılamaq üçün istifadə olunan kimyəvi maddələr Azərbaycanda istehsal olunmur və ölkəyə Türkiyə, İran və Rusiyadan gətirilir. Bunlar turşular, alt boyalar, üst boyalar və toplam 42 növ başqa maddələrdir. Həmin maddələr gətirilərkən ödənilən gömrükhaqqı çox yüksəkdir - 15 faiz gömrük rüsumu, 18 faiz ƏDV, 6 faiz də laboratoriya və digər xidmətlərə pul vermək tələb olunur. Assosiasiya sədri deyir ki, bu məsələ ilə bağlı dövlət qurumlarına üz tutsalar da, problem çözülməyib. Onun sözlərinə görə, Azərbaycanda gön, əsasən, ayaqqabı üçün istifadə edilir: "İrandan gətirilən ayaqqabı dərisinin 1 kvadratdesimetri bazarda 15 qəpik olduğu halda, eyni malın bizim müəssisələrdə maya dəyəri 21 qəpikdir, yəni yerli istehsalçı bazarda mal sata bilmir. Amma qeyd etdiyim kimyəvi maddələr üçün idxal vergiləri az olsa, özümüz son məhsula qədər hazırlaya bilərik".

Bütün bu problemlər üzündən Azərbaycanda gön-dəri məhsulları yalnız yarımfabrikat şəklində xaricə satılır. Halbuki ölkədə əlverişli ortam olsa, bu yarımfabrikatdan hazır məhsul da hazırlamaq mümkün idi. Bu da əlavə dəyər yaranması deməkdir. Gön-dəri İstehsalçıları Assosiasiyasının araşdırmasına görə, ölkədə fəaliyyət göstərən 21 müəssisədən 19-u gön-dəri məmulatını ixrac edir. Onların hamısı yarımfabrikat halında dəri məhsulu hazırlayıb xaricə göndərir. Həmin ölkələr də o məhsuldan ayaqqabı tikib yenidən Azərbaycana satır. Türkiyə dəriçiləri rəngli geyim üçün hazırlanmış qoyun dərisininin 1 kvadratdesimetrini Rusiya bazarında 12 sentə təklif etdikləri halda, Azərbaycanda yarıtmaz gömrük siyasəti üzündən 12 sent məhsulun maya dəyəri sayılır. Bu, iqtisadi uyğunsuzluq gön-dəri sənayesinin inkişafında rəqabət prinsipini pozur və, beləcə, ölkə xammal və ya yarımfabrikat bazarına çevrilir.

Azərbaycanda gömrük rüsumları

Ümumdünya Ticarət Təşkilatının (ÜDM) açıqladığı "World Tariff Profiles 2022" hesabatından bəlli olur ki, Azərbaycanda gömrük rüsumlarının səviyyəsi region ölkələrindən yüksəkdir. Hesabatda qeyd edilir ki, 2021-ci ildə Azərbaycanın "sadə və orta ən əlverişli rejim"də gömrük tarifi 8.5 faiz olub. Müqayisə üçün, Gürcüstanda bu göstərici Azərbaycanla müqayisədə altı dəfə az -1.4 faizdir. Ermənistanda isə həmin göstərici Azərbaycanla müqayisədə 26 faiz az – 6.3 faiz civarındadır.

Müstəqil ekspertlərin fikrincə, ölkədə gömrük sisteminin yarıtmazlığı daxili istehsala zərər vurmaqla yanaşı, qiymətləri də bahalaşdıran əsas səbəblərdən biridir.

XS
SM
MD
LG