Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 07:00

Üşüdüm zindanda, bilən olmadı...


Illüstrasiya
Illüstrasiya

►"Soyuqda həbsxanalar dədə-baba qaydasıyla isidilir, o da qaz olanda"

"Həbsxana otel deyil"

Həbsdə olan Müsavat başqanın müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu cəzaçəkmə müəssisələrinin qızdırılmasında ciddi problemlər olduğunu yazıb. Öz Facebook səhifəsində Nigar Yaqublu bildirib ki, atası ona soyuq baraklarda yatdığını, gün ərzində də isinmək üçün şərait olmadığını deyib.

Bəzisi sovet dövründən qalan cəzaçəkmə müəssisələri necə isidilir?

Məhbuslar üçün hansı kommunal şərait yaradılıb?

AzadlıqRadiosu keçmiş məhbuslara üz tutub onların xatirələrini dinləyib.

İşıq daim yanmalıdır

NİDA-çı Zaur Qurbanlı deyir ki, kameraların isitmə sistemi var, kiçik kameralarda (2-4 nəfərlik) bu istiliyi hiss etmək olur, amma böyük kameralar (6 nəfərlik) çətin qızır:

“Pəncərənin və gəzinti sahəsinin qapısının kənarlarından soyuq vurur. Bu kənarlara əski, qəzet doldurulur ki, soyuq vurmasın. Amma yenə də böyük kamera çox çətin isinir. Çünki bina betondur, dam da yoxdur, yağış, qar birbaşa betona yağır. Ona görə də qışda soyuq, yayda isti olur”.

Zaur Qurbanlı
Zaur Qurbanlı

Siqaret çəkənlərlə çəkməyənlərin bir kamerada saxlanması da istilik düzənini pozarmış. Zaur Qurbanlının sözlərinə görə, siqaret çəkiləndə digərləri pəncərəni açır ki, bu da zorla qızdırılan kameranı daha da soyudur.

“Şikayət etdik, dəlik acdılar, amma sonra dəliyi tıxamalı olduq”

“Qazanxanalar noyabrın 15-də işə salınır, ona qədər havalar soyuq keçərsə, vay məhbusların halına”, - keçmiş dustaq deyir. Xatırlayır ki, bu vaxtlar soyuqdan çoxlu dustaq xəstələnir:

“Karsda vəziyyət daha ağırdır. Havadəyişmə sistemləri yoxdur. Mən tutulandan sonra bununla bağlı şikayətlər elədim. Axırda Ombudsman Aparatının müdaxiləsindən sonra hər kameraya bir deşik açdılar. İlyarım sonra o deşiklərə boru saldılar. Amma mən çıxana qədər, yəni 2014-cü il dekabrın 30-na qədər o borulara hansısa hava dəyişən qurğu quraşdırılmadı. Bu dəliklər də dustaqlara əlavə problem oldu. Qışda ordan soyuq gəlirdi deyə, əski-üskü tıxayırdıq”.

Buna da bax: Bəs krediti 5 mindən çox olanlar?

150 nəfərə 4-5 qızdırıcı

Tural Abbaslı məhkəmədə
Tural Abbaslı məhkəmədə

Bakının Qaradağ rayonunda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində dustaqlıq həyatı yaşamış müsavatçı Tural Abbaslı orada kommunal şəraitin yox səviyyəsində olduğunu bildirir. Keçmiş məhbus deyir ki, 150 insanın yatdığı bir yerdə sovet dönəmindən qalma 4-5 qızdırıcı vardı:

“Onlar da heç bir istilik vermirdi. İşıq tez-tez kəsilirdi. Yataqxanaların pəncərələri sovet dönəmindən qalma taxta çərçivəli olduğu üçün içəridəki cüzi istiliyi belə saxlamırdı. Yataqxanalarda 150-dən çox adamın qaldığına baxmayaraq heç bir havalandırma və hava dəyişdirən qurğular yox idi. Bu dustaqlar arasında vərəm və digər hava ilə yoluxan xəstəliklərin daşıyıcıları çox idi, o zaman vəziyyətin hansı səviyyədə olduğunu təsəvvür edin”.

2 saylı həbsxanada qış-yaz aylarında 3 ay qalan keçmiş məhbus Bəşir Süleymanlı bildirir ki, soyuq havalar başlayanda dustaqlar başlarına çərə qılmalıdır: “Mərkəzi istilik sistemi yoxdur. Otaqlar məhbusların şəxsi qizdirici vasitələri hesabına isidilir. Bu da elektrikdə yükləmələrə gətirir. Elektrik arada kəsilirdi, fasilələr olurdu. Xüsusən də soyuq, küləkli havalarda elektrik enerjisi mütəmadi kəsilirdi”.

“Məhbuslar soyuq havada soyuq suyla yuyunurlar”

Oqtay Gülalıyev
Oqtay Gülalıyev

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı bu yaxınlarda həbsxanalarla bağlı ictimaiyyətə təqdim etdiyi hesabatında dustaqların saxlanma şəraitinə geniş yer ayırıb. Alyansın rəhbəri Oqtay Gülalıyev bu barədə AzadlıqRadiosuna müsahibəsində deyir ki, həbsxanalarda ciddi şəkildə soyutma-isitmə problemləri var.

“Kameralar və baraklar kustar üsullarla isidilir”, - Oqtay Gülalıyev söyləyir: “Üstəlik, isti suyla bağlı problemlər yaşayırlar. Dustaqlar soyuq havada soyuq suyla yuyunurlar. Ölkədə istiliklə bağlı mövcud olan problemlər həbsxanada daha pis formadadı”.

Buna da bax: "Nə qədər qəddar ana olasan ki..."

“Bu müəssisələr sökülüb yenidən tikilməlidir”

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Sahib Məmmədov vurğulayır ki, Bakının daş karxanaları ərazisində yerləşən 3 cəzaçəkmə müəssisəsi sovet dövründən qalan binalardır:

“Bilirəm ki, orda su problemi vardi, bu məsələ öz həllini tapdı. Orda bildiyim qədər lokal istilik sistemi olmalıdır. Bu müəssisələr sökülüb yenidən tikilməlidir”.

Sahib Məmmədov
Sahib Məmmədov

Sahib Məmmədov deyir ki, yaxın günlərdə istiliklə bağlı şikayətlər gələn həbsxanalara baş çəkib məsələni araşdıra bilər.

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov müsavat.com-a açıqlamasında bildirib ki, məhbusların saxlanıldıqları binalar istilik sistemi ilə təmin olunur, hətta işıq kəsildiyi halda, 30 saniyə ərzində həbsxanadakı generatorlar avtomatik işə düşür:

"Müəssisələrin qış mövsümünə hazırlığı ilə bağlı bütün zəruri tədbirlər vaxtında görülmüş, xüsusi kontingentin saxlanması, qidalanması, istiliyin təmin edilməsi, su, qaz, işıq təminatı ilə bağlı heç bir çətinlik yaşanmır”.

XS
SM
MD
LG