Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:55

Demokratların prezidentliyə namizədliyini qəbul edən Harris Ukraynaya dəstək vəd edir


Kamala Harris Demokratların Milli Qurultayında
Kamala Harris Demokratların Milli Qurultayında

ABŞ-nin vitse-prezidenti Kamala Harris Demokratların Milli Qurultayında tarixi çıxışında Ukraynaya hərbi dəstəyi davam etdirmək vədi verib. O, partiyasının 2024-cü il prezident seçkisində namizədliyini qəbul edərkən NATO-nu gücləndirəcəyini də bildirib.

59 yaşlı Harris ABŞ-da böyük siyasi partiyadan prezidentliyə namizəd olan ilk tünd dərili qadındır.

Bir ay öncə prezident Co Bayden (Joe Biden) seçki marafonundan çəkilərək Harrisin namizədliyini dəstəkləyib.

Çikaqoda "United Center" arenasında çıxış edən Harris respublikaçılardan rəqibi Donald Trampı (Donald Trump) avtoritar liderlərlə yaxınlaşdığına görə sərt tənqid edib. Harris deyib ki, Tramp Ukraynadan və müttəfiqlərdən üz çevirərək Birləşmiş Ştatların adını bədnam edir.

"Prezident kimi mən Ukraynanın, NATO müttəfiqlərimizin yanında möhkəm dayanacağam", – Harris avqustun 22-də 40 dəqiqəlik çıxışında söyləyib.

"Amerikanın təhlükəsizliyi və idealların müdafiəsində heç vaxt tərəddüd etməyəcəyəm, çünki demokratiya və tiranlığın mübarizəsində harada durmağı bilirəm", – o söyləyib.

Prezidentliyə həm də ilk Cənubi Asiya kökənli namizəd olan Harris ABŞ-nin və onun dünyadakı mövqeyi ilə bağlı nikbin danışıb. Tramp isə onun əksinə olaraq ötən ay respublikaçıların qurultayında bədbin mənzərə cızmışdı.

"Mən irəliləməyə, Amerikanın bu inanılmaz səyahətində növbəti addıma hazır millət görürəm", – o vurğulayıb.

Kamala Harris
Kamala Harris

Çıxış necə dəyərləndirilir

Arizona Dövlət Universitetində kommunikasiya professoru və siyasi şərhçi Kreyq Allen (Craig Allen) AzadlıqRadiosuna deyib ki, Harrisin çıxışı "ruhlandırıcı" idi, özəlliklə ailəsi, şəxsi həyatı barədə. Amma onun Ukrayna ilə bağlı dedikləri Baydenin artıq dediyindən fərqlənməyib.

"O, Ukrayna üçün nə edəcəyini detallı danışmadı", – şərhçi söyləyib.

Çıxışı ölkə boyunca milyonlarla amerikalı izləyib.

Bayden seçki yarışından iyulun 21-də çıxıb. İyunun 27-də Trampla debatda zəif və karıxmış görünəndən sonra ona seçkidən çəkilmək üçün təzyiqlər artıb.

Harris vitse-prezident postunda qanunsuz immiqrasiya, abort hüquqları kimi məsələlərə baxsa da, bir çox vitse-prezidentlər kimi vəzifədə üç ildən artıq bir müddətdə, əsasən, ictimaiyyətin diqqətindən kənarda qalıb. Son rəy sorğusunda amerikalıların 30 faizi deyirdi ki, onlar Harrisi, onun mövqeyini yaxşı bilmirlər.

"Bu çıxış ona ilk dəfə fürsət yaratdı ki, geniş amerikalı izləyicilərə desin: "Baxın mən kiməm, nəyi müdafiə edirəm"", – Çikaqo Universitetindən siyasi elmlər professoru Con Mark Hansen (John Mark Hansen) qurultay öncəsi AzadlıqRadiosuna deyib.

Ekspertlərin fikrincə, Harris özünü xoşagələn, inanılacaq, dünya səhnəsində sayqı göstəriləcək biri kimi göstərməli idi.

Mavi kostyum geyinmiş Harris orta sinif mühacir ailəsində böyüməsindən, adamları qorumaq üçün prokuror olmasından danışıb.

Donald Tramp
Donald Tramp

Trampın tənqidi

O, prezident prioritetlərindən də söz açıb, əlçatan mənzil, abort hüquqlarının qorunmasından danışıb.

"Onlar ağıllarını itiriblər", – Harris Trampın seçki kampaniyasının abortla bağlı mövqeyi barədə belə deyib.

Keçmiş prezident isə əvvəl sosial mediada, daha sonra "Fox News"da Harrisin çıxışını tənqid edib, onun Çindən, cinayətkarlıqdan danışmadığını bildirib. Tramp bu məsələlərə daim toxunur.

"Daha çox şikayət edirdi. Niyə şikayət etdiyi məsələlərin həlli üçün iş görməyib?", – Tramp sual edib.

Qurultay öncəsi keçirilmiş müstəqil sorğularda Harris Trampı cüzi fərqlə geri qoyub. O, seçilərsə, ABŞ tarixində ilk qadın prezident olacaq.

Noyabrın 5-də keçiriləcək seçkinin nəticəsini tərəddüdlü seçkilərdə 100 minədək səs həll edə bilər, - bunu Nevada Las-Veqas Universitetində siyasi elmlər professoru Rebekka Qill (Rebecca Gill) Harrisin çıxışından öncə AzadlıqRadiosuna deyib.

Tramp və Bayden bu ilin əvvəlində praymeriz seçkilərini asanlıqla udublar. Amma xeyli sayda seçici bülletendə yeni namizədləri görmək istədiyini deyirdi. İki rəqib 2020-ci il seçkisində üz-üzə gəlmişdilər.

Ekspertlərin fikrincə, Harrisin namizədliyi bəzi seçiciləri, özəlliklə nə Bayden, nə də Trampa maraq göstərən gənc qadınları hərəkətə gətirib.

XS
SM
MD
LG