Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 02:00

"Siçovullarla baş-başa qalmışam..."


Illüstrasiya fotosu
Illüstrasiya fotosu

►10 il qabaq mənzil alıblar, amma hələ də köçə bilmirlər...

“Ya pulumuzu versinlər, ya da evimizi… On ildir evimi satıb gətirib bu şirkətə vermişəm ki, darısqallıqdan çıxım, geniş, işıqlı mənzildə yaşayım. Ancaq imkansızlıqdan kirayələrdə siçovullarla baş-başa qalmışam. Pullarımı isə kimsə öz şəxsi biznesinə xərcləyib”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə paytaxtın Yeni Yasamal yaşayış massivində 10 ildir ki, “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin (MTK) inşa etdiyi binadan ev almış, ancaq hələ də içərisinə yığışa bilməyən Asya Məmmədli deyir.

Onun sözlərinə görə, 16 mərtəbəli, 250 mənzilli yaşayış binasını 10 il əvvəl tikməyə başlayıblar. 3 il əvvəl tikintidəki əsas işlər başa çatıb. Ancaq sakinlərə dəqiq bəlli olmayan səbəbdən binaya köçə bilmirlər:

“Hər dəfə bu barədə şirkətin rəhbərliyinə bildirəndə, deyir, “hələ gözləyin”. Halbuki, müqavilə üzrə gözləmək kimi bir öhdəliyimiz yoxdur. Müqaviləyə görə, bina çoxdan təhvil verilməliydi, biz də çoxdan orada yaşamalıydıq”.

Buna da bax: Tələm doğma Azərbaycan!.. (Karikatura)

"EYNİ MƏNZİLLƏR MÜXTƏLİF ADAMLARA SATILIB"

Asya Məmmədli deyir, 10 ildə Qarabağ əlili olan həyat yoldaşı vəfat edib, gəlin gətirib, qız köçürüb, dörd nəvəsi dünyaya gəlib. Bütün bu hissləri kirayədə qaldıqları darısqal, təmirsiz evdə yaşayıblar:

“Hər köhnə ili yola salanda ümid edirik ki, daha təzə ildən işıqlı, geniş evimizdə yaşayarıq. Ancaq ümidlərimiz doğrulmur ki, doğrulmur”.

Qarabağ müharibəsi əlili olan Nurəddin Rəhimov deyir, 7-8 ildir ki, şirkətin ofisinə gedir, ancaq onu elə qapıdaca qarşılayıb şirkət rəhbərinin yerində olmadığını deyirlər:

“Kontuziyalı adamam, olan-qalan sağlamlığım da şirkət işçiləri ilə korlanıb. Bu, dələduzluqdur, min əziyyətlə aldığım evi mənə vermək istəmirlər. Prokurorluğa, Prezident Administrasiyasına – hər yerə getmişik, aksiyalar da keçirmişik, şirkət rəhbəri açıq-aşkar xəbər göndərir ki, “əlinizdən nə gəlir, edin””.

Payçıları narahat edən odur ki, onlara binaya köçürülmələrini əngəlləyən səbəblər bildirilmir. Ancaq deyirlər, araşdırmaları zamanı onlara məlum olub ki, binada eyni mənzillər müxtəlif adamlara satılıb.

Buna da bax: Səhvlərlə dolu orfoqrafiya lüğəti

HƏBSXANADAN ALQI-SATQI?

Binadakı mənzillərdən birinə köçməyə iddialı ailələrdən birinin başçısı Rüstəm Əsgərov:

“Bu dələduzluğa görə şirkətdən bir neçə nəfər həbs olunub. İndi şirkət rəhbərliyi istəyir ki, günahı həmin əməkdaşların üstünə yıxmaqla işin altından çıxsın, bizim pullarımızı ödəməsin. Ancaq iş orasındadır ki, bizim mənzillər artıq həmin əməkdaşlar həbsdə olduqları müddətdə - 2013-2014-cü illərdə satılıb. Məntiqlə, onlar həbsxanadan necə alqı-satqı edə bilərdilər ki? Görəsən, şirkət rəhbərliyi özü öz dediyinə inanır?”

Elvin Qurbanov deyir, 2 il əvvəl binadan mənzil alıb. İndi ona məlum olub ki, həmin mənzil başqasına da satılıb:

“Alqı-satqı müqaviləsi bağlananda dedilər ki, 2-3 aya evinə köçəcəksən. Vaxt çatdı, şirkətə müraciət etdim, dedilər, “hələ gözlə”. Bir də xəbər tutdum ki, mənə satılan mənzili Paşa adlı bir nəfərə də satıblar. Hələ araşdırmanı davam etdirsəm, mənzilin 3-cü, 4-cü sahibləri də çıxar. Çünki binada eyni mənzilin azı 4-5 nəfərə satılması faktı da var. Qalmışıq ortalıqda…”

Payçılar tələb edirlər ki, ya pulları qaytarılsın, ya da bu işə bir əncam çəkilsin. Çünki onların çoxu öz mənzillərini sataraq həmin binadan aldıqları mənzil üçün ödəyiblər. Özləri isə müvəqqəti çətinlik hesab edərək kirayəyə sığınıblar.

Buna da bax: Zəlzələnin qəzalı hala saldığı evlər (Video)

"İLİN SONUNADƏK TƏHVİL VERİLƏCƏK"

Binanı tikən şirkətin sahibi Cahangir Alışov bildirib ki, binada tamamlama işləri gedir. Bu ilin sonunadək istifadəyə veriləcək. Bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı deyilənlərə gəlincə, şirkət rəhbəri deyib ki, bu məsələ məhkəmə tərəfindən araşdırılır.

Hüquqşünas Fuad Hüseynov deyir, şirkət müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməyibsə, payçı kirayədə qaldığı müddətdə ödədiyi kirayəhaqlarını məhkəmə yolu ilə şirkətdən tələb edə bilər.

“Müqavilə ilə öhdəlik hansı vaxtda başa çatırsa, o vaxtdan bu tərəfə ödənilən kirayə haqları hesablanmalı və məbləğin şirkət tərəfindən ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılmalıdır”.

XS
SM
MD
LG