Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:37

Gürcüstanın baş naziri Avropa İttifaqı rəsmisi tərəfindən hədələndiyini deyir


İrakli Kobaxidze
İrakli Kobaxidze

Gürcüstanın baş naziri İrakli Kobaxidze mayın 23-də Avropa İttifaqını təhdid və hədələrdə ittiham edib.

Politico yazır ki, baş nazir ziddiyyətli “xarici agent” qanunu layihəsinin qəbuluna hazırlıqla bağlı hədələndiyini deyib.

Kobaxidze mayın 23-də Facebook-da yazdığı postda qeyd edir ki, onun hökuməti Qərbin “təhqiramiz şantajına” məruz qalır.

Kobaxidzenin yazdığına görə Avropa İttifaqının rəsmilərindən biri ona deyib ki, o da Slovakiyanın baş naziri Robert Fitsonun taleyi ilə üzləşə bilər.

Fitsoya bir həftə bundan əvvəl silahlı sui-qəsd edilib və ona dörd dəfə atəş açılıb.

Kobaxidze yazır:

“Avropa komissarlarından biri ilə telefon danışığı zamanı səslənən bu hədə məni mat qoydu. Mənimlə söhbət zamanı həmin komissar şəffaflıq haqqında qanun qəbul edilərsə Qərb siyasətçilərinin Gürcüstana qoya biləcəyi sanksiyaları sadaladı və dedi: “Gördün Fitsonun başına nə gəldi? Ehtiyatlı ol”.

Kobaxidze bu postda mayın 15-də Slovakiyanın baş naziri Robert Fitsoya sui-qəsdi “Qlobal Müharibə Partiyasına daxil bir ölkənin” xüsusi xidmətləri ilə bağlayıb.

Ukraynaya qarşı ədalətsiz və səbəbsiz müharibə aparan Kreml Qərbi ittiham etmək üçün “Qlobal Müharibə Partiyası” ifadəsindən istifadə edir.

Gürcüstanda hakim “Gürcü arzusu” partiyasının rəsmiləri bu iddianı son həftələrdə dəfələrlə səsləndiriblər.

Müxalifət iqtidarın “qəsd nəzəriyyələri” uydurduğunu deyir

Öz növbəsində Gürcüstan müxalifəti “Gürcü arzusu” hökumətini Moskvaya işləməkdə ittiham edir.

Avropa Komissiyasının sözçüsü Kobaxidzenin iddiasına cavab olaraq Politico portalına bunun “həqiqət olmadığını”, rəsmi cavabın tezliklə veriləcəyini bildirib.

Sözçü bunu da deyib ki, Kobaxidze iddiasını əsaslandırmaq üçün heç bir sübut təqdim etməyib.

Gürcüstanın ən böyük müxalifət partiyası – Birləşmiş Milli Hərəkatın lideri Tina Bokuçava baş naziri “addımbaşı şübhəli qəsd nəzəriyyələri səsləndirməkdə” ittiham edib:

“Son həftələrdə Gürcüstanda keçirilən etirazlar göstərdi ki, gürcü cəmiyyəti öz gələcəyini Avropada görür. Bu uydurma iddialar çətin ki, nəyisə dəyişsin”.

Avropa həqiqətən də sanksiyalarla hədələyir

Avropa İttifaqının bir neçə ölkəsi – Estoniya, Çexiya, Niderland və İsveç Gürcüstan iqtidarının “xarici təsirin şəffaflığı” qanununu qəbul edəcəyi təqdirdə Tbilisiyə sanksiyalar qoyulmasına çağırıb.

Avropadakı diplomatik mənbələr bildirirlər ki, söhbət həm də Gürcüstanla Avropa İttifaqı arasında vizasız gediş-gəliş rejiminin dayandırılmasından gedir.

Gürcüstanda qalmaqallı qanun layihəsinə qarşı etirazlar artıq bir aydan çoxdur davam edir.

Müxalifət və vətəndaş cəmiyyəti fəalları bildirirlər ki, sözü gedən qanun Rusiyanın “xarici agent” qanununun analoqudur.

Qanun layihəsini parlamentə təqdim etmiş hakim “Gürcü arzusu” partiyası isə israr edir ki, bu qanun ifadə azadlığı da daxil azadlıqlara qarşı nəzərdə tutulmayıb və onun qəbulundan məqsəd sadəcə olaraq xarici maliyyələşdirmənin şəffaflığının təmin olunmasıdır.

Lakin tənqidçilər deyirlər ki, Rusiyada “xarici agent” qanununun qəbulundan sonra fərqli düşüncəyə, media azadlığına və müxalifətə qarşı sərt repressiyalara başlanıb.

ABŞ-dan xəbərdarlıq

Buna baxmayaraq iqtidar qanunun qəbul edilməsində israrlı görünür. Qanun üçüncü və sonuncu oxunuşda qəbul edilsə də Gürcüstan prezidenti Salome Zurabişvili ona veto qoyub.

Lakin “Gürcü arzusu” partiyası parlamentdə mütləq çoxluğa malikdir və prezidentin vetosu asanlıqla ləğv oluna bilər. Bunun üçün səsvermənin artıq gələn həftə keçiriləcəyi gözlənilir.

Avropa İttifaqı liderlərinin bu məsələyə gələn həftə baxacaqları gözlənilir.

Gürcüstana qarşı mümkün sanksiyalar məsələsi təkcə Aİ-də müzakirə olunmur. Bundan əvvəl bir sıra ABŞ siyasətçiləri bir neçə dəfə Gürcüstan hökumətinə xəbərdarlıq ediblər.

Onlar deyiblər ki, Gürcüstana qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər, o cümlədən maliyyə aktivlərinin dondurulması, sözü gedən qanunla bağlı olan məmurlara və onların ailə üzvlərinə viza qadağanının qoyulması kimi məhdudiyyətlər tətbiq oluna bilər.

XS
SM
MD
LG