Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 00:43

Konqres Rusiyanı ‘təcavüzkar dövlət’ kimi tanıyan qanun hazırlayır


ABŞ Konqresi Rusiyanın “təcavüzkar ölkə” kimi tanınmasına imkan verən qanun layihəsi hazırlayır.

The Hill qəzeti yazır ki, bu, prezident Co Baydenin (Joe Biden) Moskvanı “terrorun sponsoru” kimi tanımaqdan imtina etməsi ilə bağlıdır.

Qəzetin respublikaçı deputatların köməkçiləri qismində işləyən mənbələri bildirirlər ki, qanun layihəsi Konqres liderləri və Ağ Ev arasında müzakirə olunur.

Yeni qanun layihəsi üzərində işin getdiyini CNN-ə müsahibəsində dövlət katibi Entoni Blinken (Anthony Blinken) də təsdiq edib.

Dövlət katibi deyib ki, ABŞ hökuməti “terrorçu dövlət” terminindən istifadənin yarada biləcəyi problemlərdən yan keçmək istəyir.

Sözü gedən qanun layihəsi qüvvəyə minərsə, Aq Evin Rusiya rəsmilərinə sanksiyalar qoyması daha da sadələşdirilmiş qaydalarla olacaq.

The Hill qəzeti qanun layihəsi ilə tanış olduğunu bildirir.

Rusiyalıların ən çox axışdığı ölkələrdən biri də Özbəkstandır
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Problemli qanun

Bu mətnə görə ABŞ prezidenti Ukrayna üzərinə hücumla hər hansı əlaqəsi olan dövləti və ya şəxsləri "təcavüzkar" elan edə bilər.

Belə çıxır ki, söhbət təkcə Rusiyadan yox, həm də onun Belarus və İran kimi azsaylı müttəfiqlərindən gedir.

ABŞ-da Ukraynanı dəstəkləyən üç ictimai təşkilat Ağ Evə müraciətində bu qanun layihəsinin əleyhinə çıxıb.

Bu təşkilatlar hesab edirlər ki, qanun Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına yol aça bilər.

Bu müraciəti “Amerika Ukrayna Konqres Komitəsi”, “Birləşmiş Baltika-Amerika Milli Komitəsi” və “Razom” (Birlikdə) Ukrayna təşkilatı imzalayıblar.

Konqresmenlər və senatorlar Ağ Evə Rusiyanın “terrorçu dövlət” kimi tanınması üçün müraciət etmişdilər. Kiyevin də Vaşinqtondan istədiyi məhz budur.

Lakin Bayden administrasiyası bu təklifi qəbul etmir. Ağ Ev hesab edir ki, belə bir addım Vaşinqton və Moskva arasında nüvə danışıqları da daxil mümkün qarşılıqlı əlaqələri məhdudlaşdıra bilər.

Qanunlarda mövcud olmayan status

Bu ilin avqustunda Politico jurnalı yazırdı ki, ABŞ Dövlət Departamenti Rusiyanı “terrorun sponsoru” qismində tanımaqdan çəkinir, çünki bu, Ukrayna taxılının Qara dəniz üzərindən ixracı razılaşmasına mane ola bilərdi.

Bundan başqa Rusiyanın “terrorçu” elan edilməsi ABŞ-dan Rusiyanın Çin və Hindistan kimi nəhəng partnyorlarına da məhdudiyyətlər qoymasını tələb edərdi.

Bir sıra ekspertlər də hesab edirlər ki, Rusiya qanunda nəzərdə tutulmuş “terrorçu” kriteriyasına tam uyğun gəlmir, çünki bu məsələnin qanundakı təfsiri son dərəcə yayğındır və gələcəkdə Vaşinqton üçün problemlər yarada bilər.

The Hill qəzetinin mənbələrindən biri deyib ki, “Zelenski Rusiyaya “terrorun sponsoru” titulunun verilməsini istəyirdi, amma Bayden administrasiyası alternativ bir status təklif etdi, lakin bu status barədə nə ABŞ, nə də beynəlxalq qanunlarda konkret heç nə yoxdur”.

Buna baxmayaraq Avropa Parlamenti və bir sıra Avropa ölkələri Rusiya dövlətini “terrorun sponsoru” kimi tanıyan qətnamələr qəbul ediblər.

Avropa Şurası Parlament Assambleyası isə Rusiya Federasiyasını “terrorçu rejim” adlandıran qətnamə qəbul edib.

XS
SM
MD
LG