Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:35

Prezidentin köməkçisi: '24 saata Laçın yolunun açılması təmin oluna bilər'


Hikmət Hacıyev
Hikmət Hacıyev

"Azərbaycan ərazisində hər hansı yolun bağlı olması konsepsiyası Azərbaycan üçün qəbul deyil". Bunu "Turan"a avqustun 31-də Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Azərbaycanın suveren ərazisində qanun çərçivəsində olmaqla yolların hərəkət fəaliyyəti açıq olmalıdır: "Qondarma rejim nümayəndələrinin öz aləmlərində bu yolları (Ağdam-Xankəndi) bağlı saxlamaları və bunun əsnasında da öz qanunsuz mövcudluqlarını təmin edəcək bir yanaşması bizim üçün qəbuledilməzdir".

H.Hacıyev vurğulayır ki, Ağdam-Xankəndi yolunun vacibliyi beynəlxalq bəyanatlarda öz əksini tapıb. Onun deməsinə görə, Ermənistan rəhbərliyi Brüsseldə keçirilmiş görüşlərdə bu yolun istifadəsinin mümkünlüyünü qəbul etmişdi: "Növbəti addımlarda isə Ermənistan rəhbərliyi bunu inkar edib. Azərbaycanın yanaşması bundan ibarət idi ki, Ağdam-Xankəndi yolunun açılması ilə bu prosesin tərkib hissəsi kimi 24 saat ərzində Laçın yolunun açılması təmin oluna bilər".

O əlavə edib ki, amma Laçın yolunun açılmasında Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi faktoru çox vacibdir: "O cümlədən də sərhəd təhlükəsizliyi ilə bağlı olan qanunlara, gömrük rejimi qaydalarına tam riayət edilməlidir. Əgər kimlərsə düşünürlər ki, Azərbaycan ərazisinə Laçın yolu ilə silah, mina daşımaları həyata keçirəcəklər, onların erası başa çatmışdır".

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin avqustun 29-da Xankəndinə göndərdiyi humanitar yardımı daşıyan maşınlar hazırda Ağdam-Əsgəran yolunda Rusiya sülhməramlıların postu qarşısındadır. Hələlik, yük mənzil başına çatmayıb.

Qarabağdaki separatçı qurumun təmsilçiləri Bakıdan gələn yardımı istəmədiklərini açıqlayıblar.

Ötən ildən...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir. Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG