Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:00

Livanda məcburi köçkünlər çimərliklərdə, maşınlarda yatırlar 


İsrailin hava hücumlarından sonra Beyrutun cənub ətraflarında dağıntılar
İsrailin hava hücumlarından sonra Beyrutun cənub ətraflarında dağıntılar

Mahmud Livanın paytaxtı Beyrutda həyat yoldaşı və ikiyaşlı oğlu ilə birlikdə çimərlikdə yorğanın üstündə gecələyir.

İsrail Livanı dağıdıcı hava zərbələrinə məruz qoyandan on minlərlə insan Beyruta sığınıb. AzadlıqRadiosunun əməkdaşları Yasin Caber və Frud Bejan bu insanların üzləşdiyi çətinliklərdən yazırlar.

"Beyruta ona görə gəldik ki, bu şəhərin daha təhlükəsiz olduğunu düşündük. Ancaq indi burada, çimərlikdə yatırıq, heç nəyimiz yoxdur", – Mahmud danışır.

Mahmud ailəsi ilə Livanın cənubundakı Qaziyə şəhərindən qaçıb. İsrailin hava zərbələri nəticəsində onun evi dağılıb. Onlar basabas avtobusa üç əl çantası ilə miniblər, tıxaclı yollarla 20 saatlıq səfərdən sonra Beyruta çatıblar.

İsrail həftənin əvvəlində Livanın cənubunda quru əməliyyatlarına başlayıb. Eyni vaxtda həmin əraziyə nəzarət edən, İranın dəstəklədiyi "Hizbullah" silahlı qruplaşmasına davamlı hava zərbələri endirir. Bütün bunlar isə mülki itkilərə səbəb olub. Livan rəsmilərinin dediyinə görə, İsrail sentyabrın 23-də hava bombardmanına başlayandan azı 1100 nəfər öldürülüb. 1.2 milyona yaxın insan - əhalinin beşdə biri məcburi köçkünə çevrilib. Bu, ölkə tarixində ən böyük köçkünlükdür.

Beyrutda məktəblər, universitetlər, məscidlər, hətta futbol stadionları köçkünlər üçün sığınacaqlara çevrilib. Ancaq minlərlə insanın getməyə yeri yoxdur, çimərliklərdə, parklarda, meydanlarda, maşınlarında yatırlar.

Mahmud və ailəsi dörd gündür Beyrutdakı əl-Manara çimərliyində gecələyir. Onlara yerli sakinlər yemək verir.

"Bilmirik neyləyək. Sığınacaqların hamısı doludur", – Mahmud deyib.

Ancaq ailə tezliklə yenidən yerlərini dəyişməli olacaqlarından qorxurlar. 2.5 milyon əhalisi olan Beyrut İsrailin davamlı atəşi altındadır, şəhərin bəzi yerləri xarabalığa çevrilib.

"Qorxuruq. Hər gün bombalar daha yaxından düşür. Ancaq sonra hara gedəcəyimizi bilmirik", – Mahmud vurğulayır.

Köçkün uşaqlar Beyrutun mərkəzində səkidə yatırlar.
Köçkün uşaqlar Beyrutun mərkəzində səkidə yatırlar.

Qaynayan humanitar böhran

Livanın müvəqqəti hökuməti məcburi köçkünlərin problemlərini həll etmək üçün çarpışır. Sığınacaqlar ağzınacan doludur, yerli hakimiyyət orqanları 500 məktəbi də müvəqqəti sığınacağa çevirib.

Dünya Ərzaq Proqramı 1 milyondan çox insana ərzaq çatdırmaq üçün təcili əməliyyata başlayıb. Təşkilat Livandakı sığınacaqlara yemək və nağd pul payladığını bildirib.

İsrail Livanın cənubunda oktyabrın 1-də quru işğalına başlayıb. Bu isə ölkədə yetişməkdə olan humanitar böhranı daha da ağırlaşdıra bilər.

İsrail qüvvələri 2006-cı ildən bəri ilk dəfə olaraq sərhədi keçəndən İsrail ordusu Livanın cənubundakı icmaların evakuasiya olunmasına göstəriş verib.

"Heç kəs özünü təhlükəsiz saymır"

Beyrutun özündə belə minlərlə insan evlərini tərk etməli olub. Axı, İsrail hərbi təyyarələri şəhərin bəzi hissələrini bombardman edib.

Bank işçisi Mariya şəhərin içində iki dəfə yerini dəyişməli olub.

"Ötən həftə anam, mən və bacım mənzilimizdən çıxdıq, çünki bizdən iki küçə o tərəfə havadan zərbə endirilmişdi. İndi şəhərin başqa yerində qohumlarla qalırıq. Heç kəs özünü təhlükəsiz hiss etmir", – Beyrutun mərkəzində Msaytbe rayonunda yaşayan 27 yaşlı qadın danışır.

Şəhərin cənub ətrafında "Hizbullah"ın istehkamı yerləşir. ABŞ bu qrupu terrorçu hesab edir, Aİ isə yalnız onun silahlı qanadını qara siyahıya salıb.

Beyrutun cənubu ruhlar şəhərini xatırladır, əsasən boşdur, bombalanmış binalar, dağıntılarla dolu küçələrdən ibarətdir.

Mariya deyir ki, Beyrutda bəzi köçkünlərin otellərə, boş binalara girərək sığınacaq axtarmasının şahidi olub.

"Evdə işıqları söndürmürük ki, birdən kimsə qapını sındırıb içəri girər. Beyrutda xaosdir. Asayiş yoxdur. Adamlar nəyin baş verəcəyini bilmirlər", – o deyib.

Beyrutun cənub ətraflarını İsrailin bombardmanlarından qaçan insanlar Livan paytaxtının mərkəzində gecələyirlər.
Beyrutun cənub ətraflarını İsrailin bombardmanlarından qaçan insanlar Livan paytaxtının mərkəzində gecələyirlər.

"Bu nəsə başqadır"

İki uşaq anası Manal isə Beyrutun mərkəzindəki evindən hələ köçməyib. Ancaq qorxur ki, evini tərk etməsi an məsələsidir.

"Hər gecə çantalarımızı hazır edirik. Daim bomba səsi gəlir. Sanki ayağımızın altında yer silkələnir", – 40 yaşlı kimyaçı deyir.

Manalın sözlərinə görə, dostları və qohumları Beyrutdan yuxarıdakı dağlara çəkiliblər: "Ancaq orda da bombaların onları izlədiyini deyirlər".

Manal 2006-cı ildə İsrail-"Hizbullah" müharibəsinin şahidi olub. O zaman savaşa Livan qruplaşmasının iki İsrail əsgərini oğurlaması səbəb olmuşdu.

34 günlük münaqişədə Livanda azı 1100 nəfər həlak olmuşdu.

"Əvvəl də müharibələr görmüşəm, amma bu nəsə başqadır. Təhlükəsiz yer yoxdur. Bütün ölkə mühasirədədir", – Manal vurğulayıb.

XS
SM
MD
LG