Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 23:37

Mərkəzi Avropa liderləri ‘antimiqrasiya bəyanatı' imzalayıblar


Liderlər Budapeşt sammitinin səhnəsində
Liderlər Budapeşt sammitinin səhnəsində

Bəyanatda deyilir ki, kənardan miqrasiya Avropada doğum əmsalının aşağı düşməsinin aradan qaldırılması üçün çözüm ola bilməz

Mərkəzi Avropa liderləri sentyabrın 22-də birgə bəyanat imzalayıblar.

Bəyanatda deyilir ki, kənardan miqrasiya Avropada doğum əmsalının aşağı düşməsinin aradan qaldırılması üçün çözüm ola bilməz.

Sənəddə habelə ailə siyasəti məsələlərinin milli hökumətlərin yurisdiksiyasında saxlanması üçün Avropa İttifaqına çağırış edilir.

Reuters agentliyi yazır ki, Macarıstan kimi mərkəzi Avropa hökumətlərinin sərt antimühacir mövqeyi bu ölkələrdəki elektoratın çoxluğu tərəfindən dəstəklənsə də, Qərbi Avropa ölkələrinin mövqeyi ilə kəskin ziddiyyət təşkil edir.

Mərkəzi Avropa hökumətləri habelə Avropa İttifaqının gey hüquqlarının müdafiəsi ilə bağlı tənqidlərini rədd edirlər.

"Qərb liberalizminə" qarşı?

Macarıstan, Polşa, Çex Respublikası, Sloveniyanın baş nazirləri və Aİ üzvü olmayan Serbiyanın prezidenti tərəfindən imzalanmış bəyanatda deyilir:

"Avropa uşaqlarının sayca artırılması Avropanın Xristian mədəniyyətinin və başqa dini ənənələrinin gələcək üçün qorunub saxlanmasında zəruri rol oynamalıdır. Kənardan miqrasiyaya demoqrafik problemlərin həlli aləti kimi baxılmamalıdır”.

Reuters yazır ki, Macarıstanda gələn il çətin seçki mübarizəsi ilə üzləşəcək baş nazir Viktor Orban “Xristian dəyərlərinin Qərb liberalizmindən müdafiəsi” siyasətini irəli sürərək sosial məsələlərdə getdikcə daha radikal olub.

Orban habelə Əfqanıstanda hakimiyyətə Taliban gəldikdən sonra özünün antimühacir ritorikasını sərtləşdirib.

Müsəlman mühacirətinə qarşı

Reuters yazır ki, Macarıstanın baş naziri “müsəlman mühacirətinin Avropa qitəsinin mədəni kimliyinə təhlükə təşkil etdiyinə inanır”.

O sentyabrın 22-də özünün çex həmkarı Andrey Babişlə birlikdə Avropa İttifaqının Serbiya ilə polad hasar çəkilmiş sərhədinə baş çəkib.

Babiş də iki həftədən sonra Orban kimi seçki yarışına qatılmalıdır. O da seçki kampaniyasını antimühacirət platformasında aparır.

Reuters yazır ki, Avropa İttifaqında doğum əmsalı 2000-ci ildən bəri azalmaqdadır.

Doğum əmsalı

Avropanın statistika orqanı - Avrostatın məlumatına görə 2019-cu ildə Avropada hər qadına 1.53 doğuş düşüb.

Bu, Avropa İttifaqı əhalisinin azalmasının qarşısının alınması üçün kafi olan 2.1 göstəricisindən xeyli aşağıdır.

Babiş Budapeştdə keçirilən Demoqrafik Sammitdə deyib ki, “Avropa əhalisinin tükənməsinin qarşısını almağın yeganə davamlı yolu doğum əmsalının artırılmasıdır”.

Sözü gedən birgə bəyanat da elə Budapeşt Demoqrafik Sammitində imzalanıb.

Reuters yazır ki, mərkəzi Avropanın iqtisadiyyatları pandemiyadan dirçəlməyə başlasa da, bu ölkələrin fabrik və zavodlarında işçi çatışmazlığı var.

XS
SM
MD
LG