Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 11:56

Böhran sənətkarları da "vurdu"- [Fotolar]


►Azərbaycanda cəmi 30-40 misgər qalıb

Onlar da imkansızlıqdan şagird yetişdirə bilmir

Bakıdakı kiçik emalatxanasını səhər tezdən açsa da, misgər alətlərinin səsi zəifləyib. Son vaxtlar çəkici dəmiri daha az döyür. Ancaq usta ənənəsini pozmur. Hər gün sübh tezdən dükanın yolunu tutur. Hava soyuq olsa da, yarıqaranlıq dükanının qapısını taybatay açır. Nimdaş usta əlcəklərini geyinib körüyünün başına keçir:

“Keçən il, ondan əvvəlki illər il təzə girəndə adamlar gəlib qədim qablar, samovarlar alırdı. Köhnə il, yeni ilin ilk günlərində 300-500 manat qazanırdıq. İndi gündə bir müştəri gəlir, ya heç o da olmur. Materialı 8 manata alırdıq, indi 12-15 manat olub. Hər şey çətinləşib”.

Buna da bax: Tutaq ki, mən öldüm

Qara qalayçı kişilər

Misgərliyi uşaqlıqdan bu sənətin ocağı sayılan Lahıcda ata-babasından öyrənən Mehman Eyvazov 25 ildir Bakıda misgərlik edir. Son vaxtlarsa misgərliyin bir qolu sayılan qalayçılıqla günü başa vurur.

Çünki misgər işindən dolanışığını çıxarda bilmir, iş azalıb. Köhnə qabların bərpası, hansısa qaba qalay vurmaqla havanı qaraldır, iş günü sona çatır:

“İndi daha çox qalayçılıqla məşğulam. Yadımdadır, uşaq vaxtı kəndlərə qalayçılar gəlirdi. Balaca uşaqları qalayçılarla qorxudurdular ki, “qara kişilər gələcək”. Sən demə, o qalayçılar sənətkarlar imiş. Biz misgərlərin düzəltdiyi qablara müəyyən vaxt keçəndən sonra qalay vurmaq lazımdır. İndi bu işi özüm görürəm”.

Buna da bax: Biz hələ yaşamırıq, nə vaxt ehtiyac olsa, onda yaşayacağıq

Misgərlik gələcək nəsillərə necə veriləcək?

Keçən ilin dekabrında “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildi. Bundan dərhal sonra Mədəniyyət və Turim Nazirliyi bildirdi ki, bu hadisə misgərlik sənətinin qorunması və gələcək nəsillərə çatdırılmasına töhfə verəcək.

Mehman ustanın da hadisədən xəbəri var. Deyir, sənətkara qayğı olacaqsa, bu, yaxşı xəbərdir:

“Düzdür, indi bu misgərlik sənətindən UNESCO- da da danışırlar. Bir şey deyim, yaxın keçmişdə 70-80 usta misgər vardı. İndi isə çox az qalmışıq. Bütün Azərbaycanda heç 30 sənətkar yoxdur. Çünki iş yoxdur. İşi olmayan usta da alver dalıyca gedir”.

Buna da bax: Əhməd bəy Ağaoğlu. Biz söz pəhləvanıyıq

Şagird də öyrənmək istəmir

Mehman usta deyir ki, misgərliyi gələcək nəsillərə çatdırmaq üçün şagird yetirşdirmək lazımdır. Ancaq indi gəlirsiz, əziyyətli iş olan misgərliyi şagird də öyrənmək istəmir:

“Qardaşım da misgərdir, uşaqlarını da öyrətmişdi. Sonradan həmin uşaqlardan üçü bu sənətdən ayrıldı. Şagird yetrişdirmək üçün şərait, imkan olmalıdır. Cəmi bir şagirdim var. Ancaq bu cür emalatxanada çətindir. Gərək bu sənətə qayğı olsun. Qayğı olsa, biz də şagirdlər yetişdirərik. Şagirdlər olsa, sənət itib-batmaz. Bunu çox istəyirik. Ancaq neyləyək ki, bunu bacarmırıq...”

Mehman ustanın emalatxanasında olduğumuz bir neçə saat ərzində cəmi bir müştəri gəldi. Bir nəfər də məsləhət almaq üçün dükanının qapısını açdı. Usta isə səbirlə əlindəki işləri tamamlayırdı. Deyir düzdür, iş yoxdur. Ancaq qapını bağlayıb gedə də bilməz. Bağlasa, sehirli dəmir səsləri birdəfəlik kəsilər...

XS
SM
MD
LG