Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 10:53

'Məmurlar sığınacaqları satdılar'


Kiyevdə əhali metroda sığınacaq tapır
Kiyevdə əhali metroda sığınacaq tapır

Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində artıq yüzlərlə dinc vətəndaşlar həlak olub. Onların arasında uşaqlar da var.

Ukrayna rəsmiləri bildirir ki, iri və balaca şəhərlər dayanmadan raket və bomba zərbələrinə məruz qalır. Onların vurğulamasına görə, məhz bu səbəbdən vətəndaşlar yeraltı sığınacaqlarda qalmağa məcburdurlar.

Qanunvericiliyə görə, belə sığınacaqlar Azərbaycanda da olmalıdır.

Ölkədə yeraltı sığınacaqlar mövcuddurmu? Bu istiqamətdə rəsmi qurumlar son dönəmdə hansısa iş görübmü?

30 il əvvəlki qərar

Hələ 1992-ci ildə Nazirlər Kabineti Azərbaycanda sülh və müharibə dövrlərində fövqəladə hallarda əhalini mühafizənin əsas prinsipləri haqqında qərar qəbul edib. Həmin qərara görə, mülki müdafiənin mühafizə qurğuları (sığınacaqlar, radiasiya daldalanacaqları, sadə daldalanacaqlar - zirzəmilər və başqa yeraltı tikililəri) respublikanın bütün əhalisinin qorunmasını təmin etməlidir.

Sığınacaqlarda bomba qorxusu virus təhlükəsinə qarışıb
Gözlə

No media source currently available

0:00 0:02:47 0:00

Avropanın bir çox ölkələrində dövlət və qismən də özəl şirkətlərin apardıqları tikinti işlərində binaların zirzəmiləri məhz sığınacaq üçün nəzərdə tutulur.

FHN: Kifayət qədər sığınacaqlar mövcuddur

Fövqəladə Hallar Nazirliyindən "Turan"a bildirilib ki, Azərbaycanın bütün bölgələrində kifayət qədər sığınacaqlar və bu kimi obyektlər mövcuddur: "Adətən, sığınacaqlar kimi binalara bitişik və ya müəyyən məsafədə olan xüsusi tikililər, yeraltı keçidlər, metro stansiyaları və ya şaxtalar, kənd yerlərində isə evlərin zirzəmiləri, yarğanlar, meşələr və sair hazırlanır".

"Hava təminatı, sanitar qovşağı olmalıdır"

Hərbi ekspert Üzeyir Cəfərov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda sığınacaqlarla bağlı vəziyyət acınacaqlıdır: "Sovetlər dönəmində Azərbaycanda ən müasir tələblərə cavab verən sığınacaqlar olub. Hətta həmin sığınacaqlarda vaxtlı-vaxtında yoxlamalar aparırdılar. Amma Azərbaycan müstəqilliyi əldə etdikdən sonra bəzi məmurlar həmin o sığınacaqların bəzilərini satdılar".

Ü.Cəfərov
Ü.Cəfərov

Onun sözlərinə görə, Azərbaycanda havadan hər hansı təhlükə olarsa, insanlar Bakı metropolitenində lazımı qaydada daldalana bilərlər: "Sığınacaqlar elə belə deyil ki, insanlar orada nədənsə gizləndilər və təhlükə sovuşdu. Sığınacaqda ən azından bir neçə günlük su, ərzaq olmalıdır, onun hava təminatı, sanitar qovşağı olmalıdır. Bu gün Azərbaycanda bu məsələyə fikir verilmir və çox təəssüf ki, biz bu məsələdə başqa ölkələrdən geridə qalırıq".

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Ondan üç gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini –Krımı ilhaq etmişdi. Bu ölkəyə qarşı sanksiyaların ilkin mərhələsi onda başlamışdı.

Son hücumdan sonra isə Rusiyaya qarşı Qərb və başqa bəzi ölkələrin sanksiyası daha da genişləndirilib.

XS
SM
MD
LG