Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:34

Musiqi məktəblərindən yüksələn şikayətlər...


Boyat kənd uşaq musiqi məktəbi
Boyat kənd uşaq musiqi məktəbi

Azərbaycanda yeni tədris ilinin başlanması təkcə orta ümumtəhsil məktəblərində deyil, həm də məktəbəqədər və məktəbdənkənar müəssisələrdə də bəzi problemləri üzə çıxarıb.

Dövlət Statistika Komitəsinin bu ilə olan məlumatına görə, ölkə üzrə 183 uşaq musiqi məktəbi var. Lakin maddi-texniki bazasının zəifliyinə görə bu məktəblərin bəzilərində təhsil səviyyəsinin aşağı olduğu deyilir.

"Musiqi alətləri yox dərəcəsindədir"

Ağcabədi rayonunun Boyat kəndindəki uşaq musiqi məktəbi ilə də bağlı şikayətlər eşidilir. Müəllimlərdən birinin sözlərinə görə, məktəbdəki sinif otaqlarının bəzilərini vaxtilə müəllimlər özləri tikib: "Məktəb indi qəzalı vəziyyətdədir. Elektrik xətləri necə gəldi çəkilib, naqillərin üstü açıqdır. Məşğələ keçilməsi üçün stol-stul yetərli deyil, musiqi alətləri yox dərəcəsindədir".

O, Prezident Administrasiyası, Mədəniyyət Nazirliyi, Baş Prokurorluq da daxil çoxsaylı dövlət orqanlarına etdikləri müraciətlərin nəticəsiz qaldığını deyir: "Prezident çıxışlarının birində vurğulamışdı ki, vətəndaşlar üzləşdikləri qanun pozuntuları ilə bağlı mənə siqnal versinlər. İl ərzində 100-dən çox məktub yollamışıq. Müraciətlərimiz araşdırılıb tədbir görülməsi üçün aidiyyəti üzrə region idarəsinə göndərilir. Halbuki biz elə qurumun rəhbərindən şikayətçiyik".

Sınıq qarmon
Sınıq qarmon

"Alətlərin bəzilərini müəllimlər özləri alıb"

Ağdam rayonunun Qaradağlı kəndində yerləşən uşaq musiqi məktəbində də musiqi alətlərinin çatışmadığını söyləyirlər.

"Məktəbdəki alətlərin bəzilərini müəllimlər özləri alıb. Xarab olanda da onları öz hesabımıza təmir etdiririk. Müəllimlər bir cırıq qarmonun ümidinə qalıb", - adının çəkilməsini istəməyən həmin məktəb müəllimi vurğulayıb.

O, müəllimlərin üzləşdikləri digər çətinlikləri də dilə gətirir: "Məktəbdə istilik sistemi yoxdur. Bizə tədris materialı, dəftərxana ləvazimatı da verilmir. Narazılıq edənlərin dərs saatı azaldılır".

Başqa bir müəllim isə deyir ki, davamlı şikayətlərindən sonra məktəblərində maliyyə yoxlaması aparılıb: "Amma müfəttişlər 2022-ci ilədək olan dövrü yoxlayırlar".

Direktor əvəzi: "Çatışmazlıq barədə regional idarəyə məlumat vermişəm"

Boyat kənd musiqi məktəbinin direktor əvəzi Şahnaz Əhmədova da deyir ki, məktəbləri üçün yeni bina tikilməsini, müasir avadanlıqlar alınmasını o da istəyir: "Şəraitimiz, çatışmazlıq barədə regional idarəyə məlumat vermişəm, özləri də gəlib vəziyyətlə yerində tanış olublar".

Qaradağlı kənd uşaq musiqi məktəbi
Qaradağlı kənd uşaq musiqi məktəbi

Adları keçən təhsil müəssisələri Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində yerləşir. İdarənin rəsmi internet səhifəsində qeyd olunur ki, Boyat kənd musiqi məktəbi kompüter, printer, musiqi alətləri, oturacaq və digər lazımi avadanlıqlarla təmin olunub.

Adıçəkilən məktəbin bəzi müəllimləri isə bu məlumat "yalan" adlandırır.

Regional idarənin bir məlumatı da diqqətimizi cəlb etdi: "Boyat musiqi məktəbində "İncilər" adlı ansambl fəaliyyət göstərir". İndi ansambl necə fəaliyyət göstərir? Bu sualı ünvanladığımız direktor əvəzi məlumatın köhnə olduğunu dedi: "O ansambl daha mövcud deyil".

Qarabağ Regional Mədəniyyət İdarəsinin saytında Qaradağlı kənd uşaq musiqi məktəbinin direktoru kimi isə Vilayət Haqverdiyev qeyd edilib. Məktəbdən öyrəndik ki, o, hələ iki il bundan əvvəl vəzifəsindən azad olunub. Hazırda bu vəzifə Fəqani Qarayevə həvalə edilib. O, isə məktəb barədə heç bir açıqlama verə bilməyəcəyini dedi: "Bütün suallar regional idarəyə ünvanlanmalıdır".

Şikayətlərlə bağlı Qarabağ Regional Mədəniyyət İdarəsi ilə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG