Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 09:34

Gürcüstanda trans komediyaçının keşişlə görüşü


Nata Talikişvili çıxış edir
Nata Talikişvili çıxış edir

Gürcüstanın paytaxtı Tbilisidə “Klara” barında Nata Talikişvili adlı transgender qadın komediyaçılıq edir. Onun izləyicilərinin çoxu LGBT icmasının üzvləridir. AzadlıqRadiosunun müaxbiri zalın dolduğunu, bəzi cütlüklərin bir-birinin dizi üstə əyləşdiyini, digərlərinin yan otağa keçdiyini yazır.

Pravoslav Kilsəsinin təsiri altında Gürcüstanda transfobiya və homofobiya üstünlük təşkil edir. Ancaq bu barda rahat bir mühit var, qapıda mühafizəçi yoxdur, birinci mərtəbənin pəncərələrinin barmaqlıqları salınıb, yoldan keçənlər çox vaxt içəri boylanırlar. 32 yaşlı Talikişvili isə Gürcüstanda trans icmasının ictimaiyyətə öz hekayətlərini danışması və qınaqla üzləşməməsinin simvoluna çevrilib.

Ssenarisiz ifa

“Nata Gürcüstanda ilk qadındır ki, bizə transgenderlərin həyatını anladır, onların daxilindən həyatı göstərir. O bizə transgenderlərin həyatlarına tam bir baxış təqdim edib”, – 32-yaşl Giorgi Kikonişvili deyib. O, ifaçı və fəalların multiprofilli kollektivinin həmtəsisçisidir.

Talikişvilinin ifaları iki saatdan beş saatadək çəkir, ssenarisizdir. Deyir ki, izləyiciləri ona yaxşı reaksiya verirlər. İzləyicilər isə dostları və trans icmasının üzvləridir. “Əvvəl bunu planlaşdıranda həmişə pis alınırdı. Mənim ifalarım bəzən sarkastik, çirkli, məyusedici, kədərli olur. Emosional baxımdan isə baş-ayaqdır”, – Talikişvili söyləyib.

Talikişvili çox vaxt seks işçisi kimi üzləşdiyi təcrübəsindən danışır. Bir dəfə gürcü keşişlə necə tanış olmasını nəql edib və izləyiciləri uğunub gediblər. Keşiş Talikişviliyə digər müştərilərdən bir neçə dəfə çox pul verib. O, maliyyə çətinlikləri olan transgender dostları ilə görüşüb, onların vergilərini, borclarını ödəməyi təklif edib. Dostlarından biri soruşanda ki, bir gecəyə bu qədər pulu necə qazanıb, deyib: “Bacılar, bunu mənə Allah göndərib”.

Cəmiyyətin və hökumətin münasibəti

Kvemo Kartli regionunda bir kənddə doğulan Talikişvilini beş yaşından nənə-babası böyüdüb. Onlar qızın 14 yaşı olanda vəfat ediblər və o, Tbilisiyə köçərək seks işçisi kimi işləməyə başlayıb.

“Böyük problem və stiqma ondan ibarətdir ki, transa çevriləndə cəmiyyət səni avtomatik olaraq seks işçisi hesab edir. Seks işçisi birbaşa trans cəmiyyətlə əlaqələndirilir. Şifahi və fiziki alçalma görürsən. Trans fərdlərin mental və fiziki sağlıq problemləri stresdən daha da pisləşib. Ən vacibi odur ki, ailəmiz bunu qəbul etməlidir. Ailələr trans övladlarından imtina etməməlidirlər, çünki bunu edəndə uşaqları küçələrə gedir və sağ qalmaq üçün seks işçisinə çevrilirlər”, – Talikişvili danışır.

Gürcüstan eynicinsli münasibətləri tanımır. 2019-cu ildə ABŞ-da yerləşən Milli Demokratiya İnstitutunun açıqladığı rəy sorğusuna görə, Gürcüstanda LGBT fərdlərə münasibət 4 faiz yaxşılaşıb. Ancaq hökumətin 2023-2030-cu illər üzrə yenilənmiş insan haqları strategiyasından daha öncəki sənəddə əks olunmuş bir öhdəlik çıxarılıb. Söhbət “seksual oriyentasiya və gender mənsubiyyəti əsaslı diskriminasiya ilə mübarizə” öhdəliyindən gedir.

2021-ci ilin iyulunda Tbilisidə geylərin yürüşünə ifrat-sağçı qruplar hücum edəndə Gürcüstan beynəlxalq medianın gündəminə gəldi. Həmin qrupları Gürcüstan Pravoslav Kilsəsinin keşişləri həvəsləndirmişdi. Hücumda onlarla jurnalist yaralanıb, biri bir neçə gün sonra vəfat edib.

Paradoksal cəmiyyət

Kikonişvili gürcü cəmiyyətinin çox paradoksal olduğunu deyir. “Məncə, çox adam ürəyində o qədər də aqressiv, homofobik, yaxud mühafizəkar deyil. “Klara” açılandan qonşularla bircə problem də çıxmayıb”, – o vurğulayır.

O, “Klara” barının uğurunu həm də kommunikasiyanın, açıqlığın nəticəsi sayır: “Qapını, pəncərəni bağlayıb desən ki, ‘xeyr, içəri gələ bilməzsən’, onlar əlbəttə ki, aqressiv olacaqlar. Ancaq biz qapını açmışıq. Pəncərələrimiz açıqdır. Hamı Klara-ya girib baxa bilər. Kiçik urban ərazidə bu işləyir”.

“Natanın şousuna bəlkə də 10-cu dəfədir baxıram. Gürcüstandakı trans fərdlər haqda öyrənmək istəyirdim. Nata bizə çox şey öyrətdi”, – 23-yaşlı Tako Xamitsaşvili söyləyib.

XS
SM
MD
LG