Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:35

Orta Asiyada Rusiya da QHT ovuna başlayıb


Qırğızıstanda azad söz, azadlıq və mediaya dəstək yürüşü
Qırğızıstanda azad söz, azadlıq və mediaya dəstək yürüşü

Rusiya müdafiə naziri Sergey Şoyqu iki həftə öncə Orta Asiya bölgəsində Moskvanın "qərbyönlü" QHT-lərə qarşı önləyici tədbirlər görməsindən danışıb.

Son illər Rusiyanın özündə bir çox fəal qeyri-hökumət təşkilatına (QHT) "xarici agent" və "arzulanmaz təşkilat" damğası vurulub. Bir çox təşkilatsa sadəcə qapadılıb.

Şoyqu öz çıxışında Orta Asiyadakı "qəliz" durumdan danışarkən bölgədə 100-dən çox qərbyönlü QHT-nin fəaliyyət göstərməsini Əfqanıstandan silahlıların bölgəyə sızması və qarşıdakı illərdə bölgə ölkələrində narkotik istehsalının artması ilə bağlı gözləntiləri bu problemdən ayırmayıb. Başqa sözlə, Şoyqu QHT-ləri bölgə, yaxud, ən azı, Rusiyanın bölgədəki maraqları üçün ekzistensial təhlükə kimi görür.

Şoyqu nədən gileylənib?

Fevralın 27-də etdiyi çıxışında Şoyqu gileylənib ki: "bu QHT-lər xüsusi hərbi əməliyyat fonunda Orta Asiya dövlətləri ilə Rusiya Federasiyası arasında hərbi-texniki, iqtisadi və mədəni əməkdaşlığı azaltmaq üçün özlərinin antirusiya fəaliyyətlərini önəmli dərəcədə artırıblar".

Təhlilçilər deyirlər ki, QHT-lərin Rusiyanın qonşu ölkələrdəki təsirinə zərər vurması ilə bağlı Moskvanın paranoyyası yeni deyil.

"Rusiya rəhbərliyi Qərb ölkələrinin QHT şəbəkələri vasitəsilə qeyri-demokratik ölkələrdəki rejimləri məhv etməyə çalışdığına inanır və özünü buna inandırır", - Berlində fəaliyyət göstərən Karneqi Rusiya-Avrasiya Mərkəzinin tədqiqatçısı Temur Umarovun sözləridir.

"Rusiya nə qədər dünya ictimaiyyətindən təcriddə və onunla münaqişə halında qalacaqsa, bu ölkənin ritorikası bir o qədər Qərbin internetdən tutmuş məktəblərə və başqa ölkələrin ərazilərindəki təsirinə qarşı yönələcək", - yenə Umarovun fikridir.

Qazaxıstanın Almatı şəhərində Ukraynaya dəstək üçün müharibə əleyhinə etiraz aksiyası
Qazaxıstanın Almatı şəhərində Ukraynaya dəstək üçün müharibə əleyhinə etiraz aksiyası

AzadlıqRadiosunun müxbiri Kris Rikltonun qələmə aldığı məqalədə deyilir ki, Şoyqunun çıxışı sanki QHT-lərə xarici müdaxilədən xəbər verir. Ancaq bu faktı kənara qoysaq, ortada əksər Orta Asiya ölkəsinin vətəndaş cəmiyyətini əzmək məsələsində Rusiya ilə eyni siyasət yürütməsi və çox hallarda hətta Rusiyanı qabaqlaması faktı da var.

Qazaxıstan cavab verib

O zaman, görəsən Şoyqu, hansı Orta Asiya ölkəsini nəzərdə tuturmuş?

Şoyqunun bəyanatına cavab verən tək ölkə Qazaxıstandır.

"Mənim hər hansı önləyici tədbirdən xəbərim yoxdur", - Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko Şoyqunun çıxışından bir gün sonra jurnalistlərə belə deyib.

"Vətəndaş cəmiyyəti sektorunu və QHT-ləri dəstəkləmək prezident [Kasım-Jomart] Tokayevin, hökumətin və bu sahəyə cavabdeh olan Mədəniyyət və İnformasiya Nazirliyinin əsas öncəliklərindən biridir", - yenə Vasilenkonun sözləridir və o, fikrini belə tamamlayır: "Düzgün xatırlayıramsa, ölkəmizdə 18 min QHT var. Onlar qanunvericiliyimizə uyğun çalışır və cəmiyyətimizin önəmli hissəsidir. Bu o deməkdir ki, Qazaxıstan Respublikasının dövləti vətəndaş cəmiyyətini dəstəkləyir".

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı savaş başladandan bəri münaqişədə tərəfsizliyini qoruyan Qazaxıstan diplomatik bəyanatlarla özü ilə şimal qonşusu arasında bəlli məsafə saxlamağa çalışıb.

"Susma"nı belə susdururlar

Ancaq gerçək budur ki, Qazaxıstan heç də həmişə QHT-lərə rahat yer olmayıb.

Dina Smailova (Tansari) "NeMolchi.KZ" (Susma) qadın haqları qrupunun sədridir. Məişət zorakılığı və zorlama qurbanlarını, o cümlədən polisin də qatıldığı iddia edilən toqquşma qurbanlarını qoruması ilə tanınan Smailova indi xaricdə yaşayır. Vətənə dönərsə, ona qarşı pul tələbetmə maddəsi ilə ittiham irəli sürüləcək.

Smailovaya qarşı açılmış işə görə polisin "NeMolchi.KZ"a pul ianə edən yüzlərlə adi vətəndaşı çağırıb dindirdiyi bildirilir. Smailova bu hərəkətin hökumətin irəli sürdüyü saxta ittihamları dəstəkləmək məqsədi daşıdığını deyir.

Dina Smailova
Dina Smailova

Üstəlik, Qazaxıstan hökuməti xaricdən maliyyə dəstəyi alan vətəndaş cəmiyyəti qurumlarını ciddi nəzarət altında saxlayır, bu qurumların müntəzəm yenilənən siyahılarını dərc edir və onların bir çoxunu qeydiyyatdan keçirmir.

Bununla belə, Qazaxıstan Orta Asiyanın QHT-lərə ən dözümlü ölkəsi sayıla bilər, çünki bu baxımdan uzun müddət bölgənin lideri sayılan Qırğızıstan artıq, sözün gerçək anlamında, Rusiyanın yolu ilə gedir.

Rusiya qanununun Qırğızıstan variantı var

Qırğızıstan parlamenti fevralın 22-də hökumətin "xarici təmsilçi" adlandırılan qurumları sərt nəzarətdə saxlamasına icazə verən ziddiyyətli qanunu qəbul edib. Bu qanun Rusiyada 2012-ci ildə qəbul edilən məşhur "xarici agent" qanunun təkrarı kimi görülür.

"Adilet" qeyri-hökumət hüququ yardım klinikasının apardığı təhlil göstərir ki, qanun layihəsi mətninin 90 faizindən çoxu Rusiyada yazılan özgün mətndən köçürülüb.

Ancaq Qırğızıstanın qanun layihəsi ilə Rusiyanın bağlantısı bununla bitmir. 2022-ci ildə "Politklinika" adlı media qurumu qanun layihəsini təklif edən Nadira Narmatovanın Qırğızıstanın ikinci böyük şəhəri Oşda Rusiya konsulluğunun yerləşdiyi binaya aid mülkiyyət sənədlərinə sahib olduğunu üzə çıxarıb.

"Bu fakt Narmatovanın özünün "xarici agent" olması demək deyilmi?

"Politklinika" öz araşdırmasında auditoriyasına belə bir sual ünvanlayır.

Ötən ay parlamentdə qanuna etiraz edən azsaylı deputatlardan biri həmin sualı Narmatovaya verəndə o, həmin binanı Rusiyaya kirayəyə verdiyini boynuna alsa da, bu ittihamdan incidiyini söyləyib.

Nadira Narmatova
Nadira Narmatova

"Bu qanun layihəsinin mənim şəxsi həyatımla heç bir əlaqəsi yoxdur. Biz [onu qəbul etməkdə] gecikmişik. Bu qanunu 10 il öncə qəbul etmiş olsaydıq, sizin mənə verdiyiniz suallar kimi suallar olmazdı…", - Narmatovanın cavabıdır.

Ancaq Narmatovanın bu məsələdə yalnız vasitə olduğu bildirilir, axı Qırğızıstan prezidenti Sadır Japarovun xeyir-duası olmadan sözügedən qanun layihəsi bu qədər irəliləyə bilməzdi.

Üstəlik, Japarov 2020-ci ildə hakimiyyətə gələndən bəri fəalları, jurnalistləri və siyasi opponentlərini həbsə atmaq üçün Moskvadan əmr gözləmədiyini nümayiş etdirib.

Umarov deyir ki, bu mənada Rusiya, olsa-olsa, "Qırğızıstanın avtokratiya yolunu tutmuş rəhbərliyini dəstəklələyir".

İndi 7 milyon nəfər əhalisi olan Qırğızıstanda qeydiyyatdan keçmiş 29 min QHT var. Bu, 20 milyon əhalisi olan Qazaxıstandakı QHT sayından xeyli çoxdur.

Türkmənistanla Tacikistan eyni durumda?

Türkmənistanda vətəndaş cəmiyyəti baxımından boşluq gözə çarpır. Orta Asiyanın ən yoxsul ölkəsi olan Tacikistan da, göründüyünə görə, eyni yöndə hərəkət edir.

"Asia-Plus" tacik müstəqil xəbər saytının ötən ilin avqustunda dərc etdiyi təhlil yazısında deyilir ki, 2022-ci ili və 2023-cü ilin birinci yarısını əhatə edən dövr ərzində bu ölkədə 711 QHT ləğv edilib və 217 QHT qeydiyyatdan keçirilib.

Bağlanmasına dair məhkəmə qərarı olan QHT-lərdən biri insan haqlarını qoruyan müstəqil mərkəzmiş. Həbsdəki fəallara və jurnalistlərə pulsuz hüquqi yardım təklif edən bu tanınmış QHT nizamnaməsinə uyğun fəaliyyət göstərməməkdə suçlanaraq qapadılıb.

Tacikistan hakimiyyəti İnsan Hüquqlarının Müdafiəsi üzrə Müstəqil Mərkəzi bağlayıb.
Tacikistan hakimiyyəti İnsan Hüquqlarının Müdafiəsi üzrə Müstəqil Mərkəzi bağlayıb.

15-ci rədd cavabı

Bölgənin ən sıx məskunlaşmış ölkəsi olan 35 milyon nəfərlik Özbəkistanda təxminən 9 min QHT var. Hökumətin dəstəklədiyi "Yüksəliş" beyin mərkəzi Dünya QHT Günündə onların hamısını təbrik edib.

Ancaq Daşkənddə fəaliyyət göstərən vətəndaş cəmiyyəti fəalı İrina Matviyenko 2021-ci ildə "Open Democracy" platforması üçün yazdığı rəyində vurğulayıb ki, bunların çoxu əslində hökumətin təşkil etdiyi QHT-lər, yəni GONGO-lardır. O, QHT-lərin xaricdən qanuni yollarla əldə edə biləcəyi maliyyə vəsaitinin həcmcə acınacaqlı dərəcədə az olduğunu da göstərib.

Özbək insan haqları müdafiəçisi Aqzam Turqunov 2017-ci ildə 9 illik həbsdən buraxılandan sonra "İnsan Haqları Evi" adlı təşkilatını qeydiyyatdan keçirmək istəsə də, 15-ci dəfə rədd cavabı alıb. Daşkənd məhkəməsi Ədliyyə Nazirliyinin qeydiyyat müraciətinin rədd edilməsinə dair qərarı ilə razılaşıb.

Məqalədə deyilir ki, bu baxımdan Rusiyanın hər hansı önləyici tədbirlər görməsinə heç bir gərək yoxdur.

XS
SM
MD
LG