Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:14

‘Amerika arzusu’nun ardınca Meksikaya yol alan ortaasiyalılar


Miqrantlar Meksikada
Miqrantlar Meksikada

Saodat Cumaboyeva tacik miqrantların ABŞ-da yeni və daha yaxşı həyat qazanacağına olacağına ümid edənlərdəndir. O, səyahətlərinin ilk mərhələsində üç nəfərlik ailəsi ilə birlikdə bu həftə İstanbula uçur.

Cumaboyevlər ailəsi səfərlərini, aylardır ortaasiyalıların hazırda yaşayıb işlədiyi Moskvada dostluq etdikləri beş nəfərlə (bir tacik və dörd qırğız) birlikdə planlaşdırır.

Onların heç birinin ABŞ vizası yoxdur və viza üçün müraciət etmək niyyətində deyillər. Əvəzində dostlar, Amerika arzularını həyata keçirmək üçün Meksikadan qeyri-qanuni yolla ABŞ-a daxil olmağa çalışan Orta Asiya və Rusiya qaçqınlarına qoşulurlar.

“Keçən il Rusiya pasportu ilə Meksikaya gedən çoxlu qırğız və özbək tanıyırıq. Onlar hazırda Amerikadadırlar, orada işləyirlər və pul qazanırlar. Biz də şansımızı sınayacağıq”, – deyə Cumaboyeva mayın 17-də AzadlıqRadiosuna danışıb.

Yol boyu qarət, hücum, həbs, hətta ölümlə nəticələnə bilən Meksikaya təhlükəli ola biləcək səyahət onları fikrindən daşındırmır. ABŞ-da sığınacaq istəmələrini əngəlləyə biləcək yeni və daha sərt immiqrasiya qaydaları da onları çəkindirmir.

Yeni qaydalar

Bu ay qüvvəyə minən yeni qaydalara əsasən, immiqrantlar ölkəyə daxil olmazdan əvvəl sığınacaq üçün onlayn müraciət etməyiblərsə, yaxud ABŞ-a gələrkən keçdikləri digər ölkələrin heç birindən sığınacaq istəməyiblərsə, sərhəddən geri qaytarıla bilərlər. ABŞ-a qeyri-qanuni yollarla daxil olanlar deportasiya edilə və beş il müddətinə ölkəyə buraxılmaya bilərlər.

Cumaboyevlər və dostları Rusiya vətəndaşlarıdır. Rusiya vətəndaşlarının Meksikaya girişi vizasız olduğundan, onlar Rusiya pasportları ilə səyahət edəcək.

Rəsmi statistika 2022-ci ilin əvvəlindən Meksika üzərindən ABŞ-a daxil olan Rusiya pasportu sahiblərinin sayında əhəmiyyətli artım olduğunu göstərir. Çoxları bu tendensiyanı Moskvanın Ukraynaya müdaxiləsi və minlərlə insanın Rusiyanı tərk etməsi ilə əlaqələndirir.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi idarəsinin rəqəmlərinə görə, 2022-ci ildə (1 oktyabr 2021-ci il tarixindən başlayaraq) 36 min 271 Rusiya vətəndaşı ABŞ-ın cənub sərhədlərindən ölkəyə daxil olmaq istəyib. Əvvəlki il isə bu rəqəmlər 13 240 olub.

Bu tendensiya artmaqdadır. 2022-ci ilin oktyabrından 2023-cü ilin martına qədər gələnlərin sayı 38 min 259 nəfər olub.

Orta Asiyadan gedənlər

ABŞ hökumətinin rəqəmləri də oktyabr- yanvar ayları arasında Özbəkistan, Qazaxıstan və Rusiya vətəndaşları tərəfindən sığınacaq müraciətlərinin daha yüksək olduğunu göstərir.

Qırğızıstan mətbuatında yer alan xəbərlərə görə, Meksikadan ABŞ-a keçən Qırğızıstan vətəndaşlarının əksəriyyətinin Rusiya pasportu da var. Ancaq ikinci pasportu olmayanlar Mərkəzi və Cənubi Amerikada başqa marşrutları araşdırırlar.

Bəzi Qazaxıstan vətəndaşları əvvəlcə vizasız giriş edə bildikləri Braziliyaya daxil olurlar. Qırğız və özbəklər Meksikaya doğru hərəkət etməzdən əvvəl qitəyə giriş nöqtəsi kimi daha çox Nikaraquanı seçirlər.

Adının açıqlanmasını istəməyən bir qırğız, mayın əvvəlində mindiyi İstanbul-Manaqua təyyarəsində 30-a yaxın Qırğızıstan vətəndaşının olduğunu bildirib.

O, AzadlıqRadiosunun qırğız xidmətinə bildirib ki, bütün həmvətənləri ABŞ-a getmək məqsədi ilə yola çıxıblar, onları Nikaraquadan Honduras və Qvatemala vasitəsilə Meksikanın cənubundakı Tapaçula şəhərinə aparan araçılara buna görə pul ödəyiblər.

Onun qaldığı 6 mərtəbəli Tapaçula mehmanxanasının sakinlərinin əksəriyyəti Qırğızıstan vətəndaşları olub. Onların içərisində az da olsa, özbəklər və digər Orta Asiya vətəndaşları da var.

Rusiya hələ də Orta Asiyadan ən çox miqrant qəbul edən ölkə olsa da, son illərdə regiondakı beş keçmiş sovet respublikası ölkəsindən minlərlə insan həm qanuni, həm də qeyri-qanuni yollarla ABŞ-a gedib.

"Sığınacaq işi"

Cumaboyevlər Moskvada avtomobillərini satıblar, kirayə götürdükləri evi tərk ediblər və səyahətləri üçün "həm nağd, həm də kartla" pul yığıblar. Onlar keçən il Rusiyanı Çikaqoda yaşayan tanışlarının məsləhətilə tərk ediblər. Cumaboyevlər məqsədlərinə çatmaq üçün adambaşına təxminən 15 min dolların lazım olacağını təxmin ediblər. 30 yaşlarında olan Cumaboyevlər və dostları “sığınacaq işləri” haqqında da düşünüblər.

Cumaboyeva bildirib ki, Dağlıq Bədəxşan bölgəsindən olan digər tacik etnik qrupların təqib olunması əsasıyla müraciət edəcək.

“Bizə baxanda onun daha güclü əsasları var. Həyat yoldaşım və qırğız dostlarımız isə Rusiyada hərbi səfərbərlikdən qaçırlar”, – deyən Cumaboyeva onların da bu iddia ilə müraciət edəcəklərini bildirib.

Orta Asiyadan olan, Rusiya pasportuna sahib miqrantın Ukraynadakı müharibəyə göndərilmə ehtimalı çox real olsa da, Cumaboyeva Amerikaya “daha yaxşı iqtisadi imkanlar və daha yaxşı həyat” üçün getdiklərini etiraf edib.

Ginekoloq - tibb bacısı kimi təhsil alan Cumaboyeva, ABŞ-da uşaq baxıcısı və ya yaşlılara baxıcı kimi işə başlamaq istəyir. Daha sonra isə doğum evində daha yaxşı maaşlı iş tapmaq arzusundadır. Onun baytar olan həyat yoldaşı Moskvada taksi sürücüsü işləyir. O, ABŞ-da yük maşını sürücüsü olmaq istəyir. Bu işdə çoxlu ortaasiyalı miqrantlar işləyir.

ABŞ-ın son immiqrasiya qaydalarının onların sığınacaq almasını çətinləşdirə biləcəyi ilə bağlı suala cavab verən Cumaboyeva deyib ki, “[Ukrayna] müharibəsi başlayandan dərhal sonra getmədiyimizə görə çox təəssüflənirəm. Çikaqodakı dostlarımız dedilər ki, biz mümkün qədər tez getməliyik, çünki [keçmiş ABŞ prezidenti Donald] Tramp növbəti seçkilərdə qalib gələ və ABŞ-ın qapılarını miqrantların üzünə tamamilə bağlaya bilər”.

XS
SM
MD
LG