Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:42

'Hazırda Azərbaycan keçmiş Sovet Azərbaycanından... fərqlənmir'


Seçki bülletenində namizədlərin, ya partiyaların adını görmək?
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Seçki bülletenində namizədlərin, ya partiyaların adını görmək? (Arxiv)

Bu gün, iyunun 21-də Milli Məclis növbədənkənar parlament seçkilərinin təyin olunması ilə bağlı prezidentə müraciət edib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin bir gün əvvəl gerçəkləşən iclasında parlament seçkilərinin keçiriləcəyi noyabrda ölkədə beynəlxalq tədbirlərin də olacağı səbəb göstərilərək seçkilərin önə çəkilməsi təklif edilmişdi.

Bundan beş il əvvəl də YAP parlamentin özünü buraxması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Onda partiya bunu prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi ilə izah etmişdi. Nəticədə parlament seçkiləri vaxtından təqribən altı ay əvvəl keçirilmişdi. Sonradan əvvəlki tərkibin əksəriyyətinin yenidən parlamentə düşməsi bir çoxlarının tənqidinə səbəb olmuşdu. Müxalifət partiyaları isə bəyan etmişdi ki, hakimiyyət seçkiləri önə çəkməklə onu tez-tələsik saxtalaşdırmaq məqsədi güdür.

Elşad Mirbəşiroğlu
Elşad Mirbəşiroğlu

"Azərbaycan seçkiləri qabağa çəkərsə..."

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu "Turan"a bildirib ki, 2023-cü ildə bütün ərazi boyunca suverenliyinin bərpası ilə Azərbaycan yeni bir mərhələyə qədəm qoyub: "1991-ci ildən bugünə qədər keçirilən parlament seçkiləri bütün ərazimizi əhatə etməmişdi. Bu, bütün ölkə ərazisini əhatə edəcək ilk parlament seçkiləri olacaq. Bu, həm də vətəndaşların seçki hüququnun qorunması anlamına gəlir".

YAP rəsmisinin sözlərinə görə, ikinci məsələ ondan ibarətdir ki, COP29 (BMT-nin İqlim Konfransı) Bakıda keçiriləcək: "Bu, bütün dünyanı narahat edən məsələyə - iqlim dəyişikliklərinə qarşı mübarizəyə həsr olunmuş çox mötəbər bir tədbirdir. Biz ərazi bütövlüyümüzü təmin etdikdən sonra ilk dəfə belə tədbirə ev sahibliyi edəcəyik... Yəni, Azərbaycan seçkiləri qabağa çəkərsə, dünya üçün çox ciddi töhfə vermək istəyini bir daha nümayiş etdirmiş olacaq".

"Seçkilər demokratiya tələblərinə cavab verəcək"

E.Mirbəşiroğlu hesab edir ki, parlament seçkiləri ən yüksək demokratiya tələblərinə cavab verəcək şəkildə keçiriləcək: "Eyni zamanda, bu seçkilər Azərbaycanın yeni tarixi inkişaf mərhələsinə təsadüf edir və qarşımızda daha ciddi hədəflərimiz var. Bundan sonrakı mərhələdə də biz bu hədəflərimizə daha dinamik şəkildə çatacağıq. Bu seçkilər həmin istiqamətdə keyfiyyətli drayver rolunda çıxış edəcək".

Seymur Həzi
Seymur Həzi

"Antidemokratik ardıcıllığının davamıdır"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi fərqli düşünür. O, AzadlıqRadiosuna deyib ki, YAP bir siyasi qurum kimi indiyə qədər özünü göstərməyib və ayrı-ayrı vaxtlarda ortaya çıxıb belə qərarlar qəbul edir: "Burada xüsusi analiz aparmağa ehtiyac yoxdur. Bu, növbəti dəfə seçkilərin saxtalaşdırılması üçün bir cəhddir".

Onun fikrincə, parlament seçkilərinin erkən keçirilməsi məntiqi yalnız iqtidara məlumdur: "Noyabrın əvvəlində seçkiləri keçirmək mümkün idi. Bütün hallarda, bu, antidemokratik ardıcıllığının davamıdır".

AXCP ölkədə beynəlxalq standartlara cavab verən, rəqabətli seçki mühitinin olmadığını göstərərək əvvəlki növbədənkənar parlament seçkilərini boykot etmişdi.

"Seçkiləri real monitorinq edən yeganə təşkilatın rəhbəri həbsdədir"

AXCP-nin indi seçkilərdə iştirakına gəlincə, S.Həzi partiya strukturlarında bunun müzakirə olunacağını söyləyir: "Əvvəla, ölkədə seçki və seçki mühiti yoxdur. Namizəd ola biləcək və ötən seçkilərdə iştirak edən gənclərin çoxu, ölkədə seçkiləri real monitorinq edən yeganə müstəqil təşkilatın rəhbəri həbsdədir. Ona görə də seçki mühitinin olacağı heç görünmür. Amma bütün hallarda seçkilərdə iştirakımızı müzakirə edəcəyik". (Bu il Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli qaçaqmalçılıq ittihamı ilə həbs olunub. O, ittihamı qəbul etmir).

Arif Hacılı
Arif Hacılı

"Sərbəst toplaşmaq azadlığının təmin edilməsi..."

Başqa bir müxalifət qüvvəsi-Müsavat Partiyasının Məclis sədri Arif Hacılı da son qərarlarını müzakirələrdən sonra verəcəklərini vurğulayır: "Müsavat seçkilərdə iştiraka meylli partiyadır və parlament seçkilərini Azərbaycan üçün çox mühüm hesab edir. Müzakirələrdə bu amillər nəzərə alınacaq. Seçkilərdə iştirakla bağlı tərəddüdə səbəb ola biləcək yeganə məsələ ədalətli seçkilər üçün seçkiqabağı şəraitin olmamasıdır".

Onun xatırlatmasına görə, Müsavat ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün ciddi islahatların aparılmasını tələb etmişdi: "Seçki ərəfəsində siyasi məhbusların azadlığa buraxılması, seçki komissiyalarında iddiaçı tərəflərin nümayəndələrinin təmsilçiliyi, sərbəst toplaşmaq azadlığının təmin edilməsi kimi tələblər irəli sürmüşdük. Təəssüf ki, bu tələblərin yerinə yetirilməsi istiqamətində hər hansı bir addımlar atılmadan növbədənkənar parlament seçkiləri təyin olunacaq".

Azər Qasımlı
Azər Qasımlı

"Seçki institutu tamamilə sıradan çıxarılıb"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə hesab edir ki, erkən parlament seçkiləri üçün səbəb yalnız hakimiyyətin özünə məlumdur: "Nəsə yaza bilərlər, amma xalqın, seçicilərin bundan heç xəbəri yoxdur. Beş ildən bir yığışıb qərar verirlər, amma bundan əvvəl YAP-ın yığışıb hansısa iclas keçirdiyi yadıma gəlmir".

Ekspertin qənaətinə görə, ölkədə seçki institutu tamamilə sıradan çıxarılıb: "Hazırda Azərbaycan keçmiş Sovet Azərbaycanından, demək olar ki, heç nə ilə fərqlənmir. Sadəcə afişalar dəyişib. Ciddi şəkildə geriləmə var və seçki institutları sıradan çıxarılıb".

Xatırlatma

Azərbaycanda son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub.

Bu il Azərbaycanda, qanunvericiliyə əsasən, bələdiyyə seçkiləri də keçirilməlidir. Üstəlik, bu il Azərbaycanda prezident seçkisi də növbədənkənar keçirilib. Əslində qanunla 2025-ci ildə baş tutmalı olan həmin seçkilərin önə çəkilməsi Dağlıq Qarabağda suverenliyin bərpası ilə izah edilib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası da Azərbaycanda son seçkilərdə bir çox pozuntuların baş verdiyini açıqlayıb. Rəsmilər tənqidləri qəbul etmirlər.

XS
SM
MD
LG