Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:22

Paşinyan KTMT-ni ‘Ermənistan üçün təhlükə’ adlandırdı


Paşinyan 2022-ci ildə KTMT-nin Yerevan sammitində
Paşinyan 2022-ci ildə KTMT-nin Yerevan sammitində

Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın varlığı üçün təhlükədir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu sentyabrın 18-də ölkənin baş naziri Nikol Paşinyan bəyan edib:

“Biz KTMT-dəki üzvlüyümüzü təkcə ona görə dayandırmamışıq ki, KTMT Ermənistan qarşısındakı öhdəliklərinə əməl etməyib. Bizim gəldiymiz nəticə budur ki, KTMT Ermənistanın təhlükəsizliyinə və Ermənistanın davamlı varlığına, suverenliyinə və dövlətçiliyinə hədə yaradır”.

Paşinyan Yerevanda keçirilən bir konfransda daha sonra deyib:

“Biz KTMT-dəki iştirakımızı yalnız o halda tam bərpa edəcəyik ki, KTMT bizim qaldırdığımız suallara konkret cavab versin. Biz bunu iki il əvvəl vurğulamışıq. Bu suallara nəinki cavab verilməyib, üstəlik aşkar olub ki, bunlara cavab heç verilməyəcək də...”

Paşinyan əlavə edib ki, buna görə də Ermənistanın KTMT ilə münasibətləri, böyük bir ehtimalla “geriyə qayıdışı olmayan nöqtəyə” çatacaq.

Bununla belə baş nazir ölkəsinin KTMT-dən nə vaxt rəsmi qaydada çıxacağını deməyib.

Peskov “hələ də partnyoruq” deyir

Rusiya Paşinyanın bu bəyanatına dərhal reaksiya verib. Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov Moskvada müxbirlərə deyib:

“Biz cənab Paşinyanın dedikləri ilə qəti şəkildə razılaşa bilmərik. KTMT Ermənistanın suverenliyinə heç bir hədə təşkil etmir və edə bilməz. Əksinə bu təşkilat öz üzvlərinin suverenliyini müdafiə edir. Biz mövqeyimizi təmkinli bir şəkildə Ermənistan rəhbərliyinə çatdıracağıq”.

Peskov israr edib ki, Ermənistan Rusiyanın “yaxın partnyoru” olaraq qalır və iki ölkə arasında təmaslar davam edəcək.

Ermənistan ötən payızdan bəri KTMT-nin iclas, təlim və başqa tədbirlərini boykot edir. Yerevan bu təşkilatdakı üzvlüyünü “dondurduğunu" bəyan edib.

Bu ayın əvvəllərində Rusiya Xarici İşlər Nazirliyi Yerevanı KTMT-dəki iştirakını “tam bərpa etməyə” çağırmışdı.

Yerevan-Moskva ixtilafının kökü daha dərindədir

Azatutyun yazır ki, Ermənistanın KTMT-dəki üzvlüyünü dondurması ümumiyyətlə Moskva-Yerevan münasibətlərində yaranmış daha geniş fikir ayrılığının yalnız bir hissəsidir.

Paşinyanın hökuməti son aylarda davamlı şəkildə Qərblə daha sıx əlaqələrə istiqamət götürüb.

Rusiya rəsmiləri son aylarda dəfələrlə iddia ediblər ki, Qərb ölkələri Ermənistan üçün Rusiyanı əvəz edə bilməzlər, çünki Ermənistan həm iqtisadi, həm də təhlükəsizlik baxımından daha çox Rusiyaya bağlıdır.

Paşinyan sözü gedən konfransda bunu da deyib ki, Ermənistan özünün təhlükəsizlik sektorundakı əlaqələrini şaxələndirir, müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlığa can atır və peşəkar ordu yaradır.

Parisin Yerevanı silahla təchiz etməsi ilə bağlı Bakının narahatlığı məsələsinə toxunan Paşinyan deyib ki, Ermənistanın hərbi islahatları aqressiv səciyyə daşımır:

"Məsələn nə üçün Azərbaycan Çex Respublikasından silah alsın, amma Ermənistan Fransadan silah ala bilməsin?”

Baş nazir vurğulayıb ki, Ermənistan ordusunun inkişaf etdirilməsindən yeganə məqsəd ölkənin ərazi bütövlüyünün müdafiəsidir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycan Qarabağ bölgəsi, ətraf yeddi rayona nəzarəti itirmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarəti bərpa edib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG