Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 03:33

Paşinyan: 'Azərbaycan Mişel ilə görüşdə əldə edilən üç prinsipdən imtina etməsə...'


Ermənistanın baş naziri “Dənizə Çıxışı Olmayan Ölkələr” adlı müşavirədə “Sülhün Yolkəsişməsi” layihəsini təqdim edir
Ermənistanın baş naziri “Dənizə Çıxışı Olmayan Ölkələr” adlı müşavirədə “Sülhün Yolkəsişməsi” layihəsini təqdim edir

“Əgər Azərbaycan Şarl Mişellə görüşdə əldə edilən üç prinsipdən imtina etməsə, Azərbaycanla yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması çox real olacaq”.

Bunu dekabrın 14-də Ermənistan baş naziri Nikol Paşinyan deyib. O, Ermənistanın bu prinsiplərə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə bu prinsiplər Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması, Almatı Bəyannaməsinin siyasi bazası üzərində delimitasiya prosesi, ölkələrin yurisdiksiya və suverenliyinə qarşılıqlı və bərabər hörmətlə regional kommunikasiyaların açılmasıdır.

Paşinyan vurğulayıb ki, Ermənistan bu prinsiplərə sadiqliyini bir daha təsdiq edir.

“Sıfır nöqtəsi”

Paşinyan həmçinin dekabrın 13-də iki ölkə arasında hərbçilərin mübadiləsi məsələsinə də toxunub.

Ermənistanla Azərbaycan arasında saxlanılan hərbçilərin mübadiləsi dekabrın 13-də baş tutub.

Azərbaycan Ermənistana 32, Yerevan isə Bakıya 2 hərbçi qaytarıb. Mübadilə Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazir aparatı arasında danışıqların nəticəsi olaraq gerçəkləşib.

Paşinyan bu hadisəyə “sıfır nöqtəsi” kimi baxmaq istədiyini bildirib. Bununla belə baş nazir pessimizm yaradan faktları qabartmaq istəmədiyini söyləyib:

"Mən dünənki hadisəni (məhbus mübadiləsini-red) ən azı sıfır nöqtəsi hesab etmək istərdim. Biz bu nöqtədən ən azı çalışmalı və səy göstərməliyik ki, bütün gələcək xəbərlər başqa cür yox, məhz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanması ehtimalının artmasından xəbər versin”.

“Sülhün yolkəsişməsi”

Paşinyan deyib ki, sülh ilk növbədə xalqlar arasında iqtisadi, mədəni və siyasi bağların mövcudluğu imkanıdır.

O vurğulayıb ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri son 30 ildə bağlı olub.

Paşinyan Yerevanın regional kommunikasiyaların açılmasına hazır olduğunu bəyan edib:

"Ermənistan Respublikası Azərbaycan və Ermənistan arasında bundan əvvəl mövcud olmuş dəmir yolları vasitəsilə dəmir yolu kommunkasiyasını yaratmağa və bərpa etməyə hazırdır. Bunlardan biri Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş rayonlarını birləşdirən şimal yoludur. İkinci marşrut Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən cənub yoludur”.

Paşinyan əlavə edib ki, Azərbaycan şimal yolu vasitəsilə xarici aləmə çıxış əldə bilər və Yerevan bunu istədiyini rəsmən bəyan edib.

Ermənistan baş nazirinin sözlərinə görə Ermənistan ərazisindən şimal, cənub və orta marşrutların açılması bütün region üçün yeni imkanlar aça bilər.

Ermənistanın baş naziri “Dənizə Çıxışı Olmayan Ölkələr” adlı müşavirədə “Sülhün Yolkəsişməsi” layihəsini təqdim edirdi.

O vurğulayıb ki, bu layihə həm Ermənistana, həm də Azərbaycana dənizlərə çıxış üçün əlavə imkanlar aça bilərdi.

Bundan öncə Azərbaycan prezidenti İlham Əliyev də Ermənistanla sülh müqaviləsinin imzalanması üçün şansın olduğunu bildirib. O, müqavilənin imzalanmasının gecikməsində Yerevanı ittiham edib.

Xatırlatma

1988-ci ildə qızışan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

Noyabrın 30-da Ermənistanla Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların beşinci görüşü keçirilib.

Tərəflər iclasların və birgə işçi görüşlərin keçirilməsi reqlamentini ilkin olaraq razılaşdırıblar.

XS
SM
MD
LG