Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:42

Ermənistan hökuməti hələ də ölkənin yeni konstitusiyasını müzakirəyə çıxarmayıb


Ədliyyə naziri Qriqor Minasyan Konstitusiya İslahatları Şurasının iclasına sədrlik edir.
Ədliyyə naziri Qriqor Minasyan Konstitusiya İslahatları Şurasının iclasına sədrlik edir.

Baş nazir Nikol Paşinyan altı ay öncə Ermənistanın yeni konstitusiyasını hazırlamağı tapşırsa da, bu işə məsul ayrıca hökumət komissiyası hələ də müzakirələrə başlamayıb. AzadlıqRadiosunun erməni xidməti yüksəkvəzifəli şəxslərə istinadla bu xəbəri yayıb.

Paşinyanın 2022-ci ildə yaratdığı Konstitusiya İslahatı Şurasının ilkin məqsədi mövcud konstitusiyaya düzəlişlər etmək idi. Bu ilin mayında baş nazir göstəriş verib ki, Şura 2027-ci ilin yanvarınadək yeni konstitusiya layihəsini hazırlasın. Həmin addım Azərbaycanın konstitusiyaya dəyişiklik tələbi ilə üst-üstə düşüb. Rəsmi Bakı Ermənistanın indiki konstitusiyasında özünə qarşı ərazi iddialarının olduğunu bildirərək yekun sülh sazişinin imzalanmasını konstitusiyaya məlum dəyişikliklərlə şərtləndirib.

Bakı özəlliklə konstitusiyanın preambula bölümündən Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Sözügedən bəyannamədə Azərbaycanın tərkibindəki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsinə dair 1989-cu il aktına istinad var. Dəyişikliyin tək qanuni yolu referendumda yeni konstitusiyanın qəbuludur.

Müxalifətin Azərbaycanın basqısına boyun əydiyi barədə ittihamlarını rədd edən Paşinyan eyni zamanda Bakının tələbini qəbul etməsi barədə birmənalı olmayan işarələr verir. O, noyabrın 13-də məlum tələbi rədd etsə də, ertəsi gün sözügedən bəyannaməyə tənqidini gücləndirib.

Ədliyyə nazirinin müavini Tiqran Dadunts AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, Şura hələ nə konstitusiyanın yeni layihəsini, nə də preambula məsələsini müzakirə edib.

Yeni konstitusiyasının qəbuluna dair referendumun 2026-cı ilin iyunundakı parlament seçkilərindən sonra - 2027-cildə keçirilməsi nəzərdə tutulub.

Yeni konstitusiya layihəsinin hazırlanmasına cəlb olunan bəzi vətəndaş cəmiyyəti fəalları və siyasətçilər məsələ barədə nikbin düşüncədə deyillər. Onların fikrincə, ölkənin yeni Ali Qanunu ya sözügedən tarixdən gec, ya da heç hazır olmaya bilər.

Baş nazir Nikol Paşinyan hökumətinin parlamentdə sual-cavab iclasında.
Baş nazir Nikol Paşinyan hökumətinin parlamentdə sual-cavab iclasında.
14 noyabr

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini tənqid edir

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 14-də ölkəsinin 1990-cı ildə qəbul olunmuş müstəqillik bəyannaməsini tənqid edib. Azərbaycan məhz bu bəyannaməni Ermənistanla sülh sazişinin imzalanmasına əsas əngəl sayır.

"Müstəqillik Bəyannaməsini dəfələrlə oxumuşam, dəhşətli bir qənaətə gəlmişəm ki, onun məzmunundan belə çıxır, Ermənistan Respublikası mövcud ola bilməz", – Paşinyan parlamentdə hökumətin gələn il üçün büdcə layihəsinin müzakirəsi zamanı deyib. Baş nazir detalları açıqlamayıb.

13 noyabr

Paşinyan Azərbaycanın sülh sazişi ilə bağlı əsas şərtini rədd edib

Ermənistan baş naziri Nikol Paşinyan noyabrın 13-də Azərbaycanın ölkə konstitusiyasına dəyişiklik tələbinə cavab olaraq bunu rədd edib.

Azərbaycan rəsmiləri ölkələrinə qarşı ərazi iddialarının yer aldığını səbəb göstərərək Ermənistan hakimiyyətindən konstitusiyalarında dəyişiklik tələb edirdi. Azərbaycan prezidenti İlham Əliyev məhz sülh sazişi üçün bu dəyişikliyin edilməsini ön şərt kimi irəli sürüb.

Ermənistan Konstitusiyasındakı 1990-cı il Müstəqillik Bəyannaməsində Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Sovet Ermənistanına birləşdirilməsi ilə bağlı akta istinad olunduğu bildirilir. Paşinyan həmin istinadın hüquqi əhəmiyyətini azaltmağa çalışıb və, üstəlik, Azərbaycan Konstitusiyasında Ermənistana ərazi iddialarının olduğunu vurğulayıb.

+++

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə X hesabında yazıb ki, N.Paşinyanın Azərbaycan konstitusiyası ilə bağlı dediklərinin heç bir əsası yoxdur: "Bu, beynəlxalq ictimaiyyəti çaşdırır".

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurub. O dövrdə Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Son bir neçə ildə hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrıca danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Danışıqların detalları açıqlanmır. Ötən ildənsə tərəflər sərhədlərin delimitasiyası ilə bağlı birbaşa danışıqlara başlayıb.

XS
SM
MD
LG