Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:52

Ermənistan Azərbaycana son dəqiqə danışıqları keçirməyi təklif edib


Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev MDB dövlət başçılarının Moskva sammitində.
Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev MDB dövlət başçılarının Moskva sammitində.

Ermənistan baş naziri Nikol Paşınyan Azərbaycan ilə yeni danışıqlar keçirməyi təklif edib. Ermənistan rəsmilərindən biri çərşənbə axşamı deyib ki, danışıqların məqsədi iki ölkə arasındakı fikir ayrılıqlarını uzlaşdırmaq və Bakıda gələn ay keçiriləcək COP29 sammitinədək sülh sazişini imzalamaqdır. Bu haqda AzadlıqRadiosunun erməni xidməti – "Azatutyun" yazır.

Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan söyləyib ki, Paşinyan bu təklifi ötən həftə Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) sammiti çərçivəsində Azərbaycan prezidenti ilə qeyri-rəsmi təmaslar zamanı edib.

"Təklif olunub ki, (iki ölkənin) xarici işlər nazirləri iki günlük görüş keçirsinlər, sülh sazişinin indiyədək razılaşdırılmamış bir və ya iki bəndi üzrə razılığa gəlsinlər və iki ölkə lideri Bakıda COP-29 sammitindən əvvəl sazişi imzalasınlar", – Xandanyan "Armenpress" xəbər agentliyinə söyləyib. "Düzünü desəm, Azərbaycanın buna reaksiyasından xəbərsizəm, ancaq ümid edirəm, bu məntiq işləyəcək", – o əlavə edib.

Bu deyilənlər Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın həmin gün Praqada konfransda söylədikləri ilə üst-üstə düşmür. Qriqoryan deyib ki, Bakı ilə Yerevana razılaşdırılmamış məsələləri həll etmək üçün "xeyli vaxt" lazım olacaq. Buna görə o, Ermənistanın fikir ayrılıqlarına səbəb olan bəndlərin salınmadığı aralıq sazişini imzalamaq təklifini bir daha dilə gətirib.

Oktyabrın 15-də isə Ermənistan parlamentinin spikeri Alen Simonyan Cenevrədə deyib ki, tərəflər sülh sazişinin 16 bəndi üzrə razılıq əldə ediblər.

Bütün bu açıqlamalara Azərbaycan tərəfdən münasibət açıqlanmayıb.

ABŞ Ermənistan-Azərbaycan sülh sazişini COP29 ilə bağlamır - Dövlət Departamenti

Metyu Miller
Metyu Miller

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentindən oktyabrın 15-də bildirib ki, onlar Azərbaycan və Ermənistan arasında mümkün sülh razılaşmasını BMT-nin COP29 iqlim konfransı ilə heç vaxt əlaqələndirməyiblər.

Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə "Turan"ın suallarını cavablandırarkən deyib: "Biz bir neçə ay əvvəl Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunmasını istəyirdik. Sülh sazişinin imzalanmasına təkan verirdik, lakin bu, ABŞ-dən deyil, iki tərəfdən asılıdır".

Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev son həftələr Paşınyan və Ermənistanın digər rəsmiləri tərəfindən səsləndirilən bu təklifi yenidən rədd edib, qeyri-real adlandırıb.

Paşinyanın ölkəiçi tənqidçiləri vurğulayır ki, o, çarəsiz şəkildə natamam sülh müqaviləsini imzalamağa çalışır, bununla da erməniləri çaş-baş salmağa və hakimiyyəti saxlamaq şanslarını artırmağa ümid edir. Onlar iddia edirlər ki, Azərbaycan Paşinyandan daha sərfəli güzəştlər əldə etmədən sülh müqaviləsi imzalamaq niyyətində deyil.

Ötən cümə İ.Əliyev Ermənistanı "təhlükəli oyunlar" oynadığı üçün yenidən hərbi əməliyyatlarla hədələmişdi. Ermənistan Xarici İşlər Nazirliyi cavabında rəsmi Bakının Ermənistana qarşı təcavüz hazırlaya biləcəyini bildirmişdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Son bir neçə ildə hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Danışıqların detalları açıqlanmır. Ötən ildən başlayaraq isə tərəflər sərhədlərin delimitasiyası ilə bağlı birbaşa danışıqlara başlayıblar.

XS
SM
MD
LG