Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:57

Polis polkovniki icra başçısı təyin etdirmək üçün yarım milyon manat alıb?


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Daxili İşlər Nazirliyi (DİN) Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırım icra başçısı təyin etdirmək adıyla dələduzluqda suçlanır. İddia edilir ki, icra başçısı olmaq istərkən, yarım milyondan manatdan çox pul itirən zərərçəkmiş "Azəryolservis" ASC Gürcüstan filialının keçmiş direktoru Qurban Piriyevdir.

R.İldırımın 66 yaşı var və yaxın günlərdə təqsirləndirilən şəxs kimi məhkəmə önünə çıxarılacaq. Onun mühakiməsi noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində başlanıb. R.İldırım Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə suçlanır. Bu maddədə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Keçmiş polis polkovniki həbsdə deyil. O bu cinayət işiylə əlaqədar ötən ilin noyabrında haqqında cinayət işi başlanandan sonra axtarışa verilib. Dekabrın əvvəlində saxlanılınca da həbs qərarı çıxarılıb. İki aya yaxın həbsdə qalandan sonra yanvarın 26-da ev dustaqlığına buraxılıb.

R.İldırım müttəhimlər kürsüsündə tək olmayacaq. O, Balakəndə Dairə Seçki Komissiyasının sədri Qoşqar Məmmədov və xalq.az saytının rəhbəri Zaur Mirzəzadə ilə birlikdə mühakimə ediləcək. Onlar əlbir olub Q.Piriyevi aldatmaqda suçlanırlar.

İttihama görə, 62 yaşlı Q.Piriyev tanışı Hürü Əmiraslanova vasitəsilə bunları tanıyıb. Adıçəkilən qadın təqsirləndirilən şəxslər arasında olsa da, ötən ilin oktyabrında özünə qəsd edib və öldüyünə görə haqqındakı cinayət işinə xitam verilib.

"Rasim İldırımı pis vəziyyətdə qoymamaq üçün o zaman demədim..."

Cinayət işinin materiallarında iddia edilir ki, təqsirləndirilən şəxslərdən yalnız H.Əmiraslanova icra başçısı olmaq istəyən Q.Piriyevin tanışı olub, elə digərlərini də onun vasitəsilə tanıyıb. Məsələn, Q.Məmmədovu ona prezidentin köməkçisi Anar Ələkbərovun əmisi oğlu Şahin Ələkbərov kimi tanıdıblar.

İttihama görə, onunla 300 min dollara icra başçısı təyin olunmaq haqda razılığa gəliblər. R.İldırımsa "Şahin Ələkbərovun sürücüsü Pərviz" adıyla gedib pulu Q.Piriyevdən götürüb (birinci dəfə 2018-ci ildə 180 min, ikinci dəfə isə 2019-cu ildə 120 min dollar).

İttihamda o da göstərilib ki, Q.Piriyevə Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevə vermək adıyla 20 min dollar dəyərində qızıl-zinət əşyası aldırılıb. Təqsirləndirilən şəxslərdən Z.Mirzəzadəni də onun köməkçisi "Nihad" kimi təqdim ediblər.

Məhkəmə qarşısına çıxarılacaq üç nəfərin heç biri özünü təqsirli bilmir.

Təqsirləndirilən Z.Mirzəzadə deyir ki, R.İldırımın onu görüş zamanı Q.Piriyevə "Nihad" kimi tanıtması onun özündən ötrü də gözlənilməz olub: "Bilmədim, niyə belə deyir. Mənə dedi ki, sonra sənə izah edərəm. Qurban Piriyevdən alınan puldan mənə qətiyyən çatmayıb. Sadəcə, Rasim İldırımı pis vəziyyətdə qoymamaq üçün o zaman demədim ki, mən Nihad deyiləm".

Təqsirləndirilən Q.Məmmədov da ona pul çatmadığını, özünü təqsirli bilmədiyini deyib.

R.İldırımsa ifadəsində bildirib ki, zərərçəkmişdən aldığı pulları və qızılı digər təqsirləndirilən şəxslərə verib.

Təqsirləndirilən R.İldırım uzun illər Bakının Nəsimi, Suraxanı, Xətai rayonlarının prokuroru işləmiş Yusif İldırımzadənin qardaşıdır. Y.İldırımzadə 2020-ci ildə yaş həddi ilə əlaqədar Xətai rayonunun prokuroru vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

XS
SM
MD
LG