Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 21:43

Poroşenko vətənə xəyanətdə şübhəli bilinir


Petro Poroşenkoya dəstərk aksiyası, iyul, 2020-ci il
Petro Poroşenkoya dəstərk aksiyası, iyul, 2020-ci il

Hazırda deputat olan 56 yaşlı siyasətçi təqsirli bilinərsə 15 ilədək həbsə məhkum edilə bilər

Poroşenko ittihamları ‘qırmızı xətt’in keçilməsi hesab edir

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko hakimiyyətin onu vətənə xəyanətdə ittiham etməsini pisləyib. Qərb isə ədalətli və şəffaf istintaq aparmağa çağırıb.

“Ölkə başçısını vətənə xəyanətdə, terrorçuları maliyyələşdirməkdə, terrorçu təşkilatlara köməkdə ittiham etmək qırmızı xəttin keçilməsidir”, – Poroşenko Polşanın paytaxtı Varşavadan videoəlaqə vasitəsilə söyləyib.

O, yanvarda xaricə səfərdən qayıdacağını vurğulayıb.

ABŞ və Britaniyanın Kiyevdəki səfirlikləri isə proseduru “yaxından” izlədiklərini bildirərək müstəqil məhkəmə keçirməyə çağırıblar.

***

Ukrayna hakimiyyəti keçmiş prezident Petro Poroşenkoya vətənə xəyanət ittihamı ilə istintaq başladıb. O, ölkənin şərqində hökumət qüvvələri ilə savaşan rusiyapərəst separatçıların maliyyələşdirilməsinə bağlılıqda suçlanır.

Dövlət İstintaq Bürosunun dekabrın 20-dö bildirdiyinə görə, Poroşenko “vətənə xəyanət törətməkdə”, “terrorçu təşkilatların” fəaliyyətini dəstəkləməkdə şübhəli bilinir. “Terrorçu təşkilatlar” deyəndə ölkənin şərqi Donetsk və Luqansk regionlarına nəzarət edən separatçılar nəzərdə tutulur.

54 milyon dollarlıq satış

Bəyanatda deyilir ki, Poroşenko prezidentliyi dövründə separatçıların 2014-2015-ci illərdə Kiyevə 1.5 milyard qrivnalıq (54 milyon dollar) kömür satmasına kömək göstərib.

Hazırda deputat olan 56 yaşlı siyasətçi təqsirli bilinərsə 15 ilədək həbsə məhkum edilə bilər.

Keçmiş prezident bəyanata şərh verməyib. Amma onun Avropa Həmrəyliyi partiyasının aparıcı üzvü Oleksandr Turçinov ittihamın Prezident Volodimir Zelenskinin göstərişi ilə “quraşdırıldığını” bildirib.

Poroşenkonun partiyası onun ölkədən kənarda, planlaşdırılmış səfərdə olduğunu açıqlayıb.

Medvedçuk ev dustağıdır

Keçmiş prezidentə ittihamlar rusiyapərəst deputat Viktor Medvedçuka qarşı oxşar ittihamlarla bağlıdır. Sonuncu maydan ev dustaqlığındadır. Medvedçukun parlamentdə ikinci olan siyasi partiyası isə ittihamı rədd edir.

Zelenski 2019-cu il seçkisində Poroşenkonu məğlub edib.

2014-cü ilin aprelindən Ukraynanın şərqində gedən müharibə 13 min 200-dən çox insanın həyatına son qoyub.

Kiyev separatçı regionlarla ticarəti 2017-ci ildə dayandırıb. Separatçıların ölkənin əsas kömür mədənlərinin yerləşdiyi ərazini tutandan sonra Ukrayna kəskin resurs qıtlığı ilə üzləşib.

XS
SM
MD
LG