Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:03

Qadın və Bəxti


Rəsm. Atinalı qadın
Rəsm. Atinalı qadın

Bu əhvalatı yarım əsr öncə mənə rəhmətlik Anam danışıb, ona da Anası, nənəmə də öz Anası...

Biri vardı, biri yoxdu, kiçik bir şəhərdə bir Qadın vardı.

Qadın təzəcə ailə qurmuşdu. Ərini dəlicəsinə sevirdi. Əri də onu.

Əmma...

Amma... Hər işdə olduğu kimi, burda da bir «əmma» vardı:

Qadın özünü bəyənmirdi!

Hər gün səhər Ər işə gedər, Qadın güzgünün önünə keçər, özünə saatlarca baxar, gözyaşı tökər və düşünərdi ki, «İlahi, mən niyə belə yaraşıqsız doğulmuşam? Sevdiyim kişiyə mən yox, daha gözəl bir qadın qismət olmalıydı...».

Evdən qaçış

Günlərin bir günü uzun əzablardan, çək-çevirdən sonra Qadın evdən getməyə qərar verir. Belə olsa, ömür yoldaşı özünə layiq daha gözəl biriylə evlənərdi.

Və bir səhər ərini işə yola salıb evi tərk edir.

Ağlaya-ağlaya şəhərdən çıxır.

Qorxa-qorxa bilinməz və insansız yolda yürüyür.

Qarşıdan bir gözəl gəlir

Və birdən qarşıdan bir nəfərin gəldiyini görür.

Qadın sevinir. «Axır ki bir insan oğluna rast gəldim», - deyə düşünür.

Qarşıdan gələn adam yaraşıqlı, gözəllər-gözəli bir xanımdı.

Yolçu qadın ondan: «Niyə ağlayırsan?»- deyə soruşur.

Qadın hönkürərək başına gələnləri danışır.

«Çox çirkinəm», - deyir. «Ərimi sevirəm», - söyləyir. «Ona görə evdən qaçdım», -deyərək ah-nalə çəkir.

Yolçu ona nə qədər təskinlik versə də, Qadın «Yox, qayıtmaram!» deyib durur.

«Ey dili-qafil, bir mənə bax!»

Əlacsız qalan Yolçu Qadına deyir:

- Bir mənə yaxşı-yaxşı bax. Mən necə görünürəm?

- Sən çox gözəlsən! Mənim ərimə yaraşan birisən...

«Mən sənin bəxtinəm!»

-Ey dili-qafil... Məni sirrimi açmağa zorladın. Bax, yaxşı bax, mən sənin bəxtinəm... Sən ərinin gözünə mənim surətimdə görünürsən. Özünü üzmə! Çıx get evinə-eşiyinə...

Bir anda yoxa çıxır

Heyrətlə qarşısındakına bir daha baxmaq istəyən Qadın bir anda onun yoxa çıxdığını görür.

Ucsuz-bucaqsız, adamsız yolda Qadın yenə tək-tənha qalır.

Və üzünü yaşadığı şəhərə çevirərək, ağlaya-ağlaya geri - evinə tərəf qaçır...

XS
SM
MD
LG