Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:58

Separatçılar Lavrovun sözlərinə görə Yerevandan izahat tələb edirlər


Qurgen Nersisyan
Qurgen Nersisyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun “Dağlıq Qarabağın dövlət naziri” kimi təqdim etdiyi Qurgen Nersisyan rəsmi Yerevandan Ermənistanın Bakı-Xankəndi dialoqunun “plankasını” aşağı salmasına və dialoq üçün Azərbaycanın gündəliyi ilə razılaşmasına dair iddiaları təkzib etməyi tələb edib.

Azatutyun yazır ki, Yerevan hələ ki, separatçıların bu tələbinə cavab verməyib.

Nersisyanın bəyanatından bir daha məlum olub ki, separatçılar Bakı ilə öz müqəddəratını təyinetmə hüququnun əldə olunması üçün dialoq istəyirlər:

“Ermənistan hakimiyyəti beynəlxalq çərçivədə Bakı-Stepanakert (Xankəndi-red) dialoqunun zəruriliyini bəyan edib və bəyan etməkdə davam edir. Artsax (Qarabağ-red) xalqı da hüquqlarımızın müzakirə olunması və bizə müdafiə, habelə öz müqəddəratını təyinetmə hüququnun verilməsi, regionda sülhün bərqərar edilməsi üçün dialoqun zəruriliyini başa düşür”.

Nersisyanın sözlərinə görə buna baxmayaraq Rusiya xarici işlər naziri Sergey Lavrovun dünənki (25 iyul) bəyanatından məlum olur ki, Ermənistan artıq bu dialoqda müzakirə olunacaq mövzu dairəsini müəyyən edib, yəni Ermənistan Azərbaycanın təklif etdiyi müzakirə predmetini qəbul edib:

“İndi Ermənistan ya bunu təkzib etməlidir, ya da biz bildirməliyik ki, Bakı-Stepanakert (Xankəndi-red) dialoqunun “plankası” ağlasığmaz dərəcədə aşağı endirilib. Bu çox vacibdir ki, erməni xalqı, o cümlədən Artsax (Qarabağ-red) erməniləri gələcək planlarını müəyyən etsinlər”.

Lavrovun dedikləri

İyulun 25-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun BayramovArarat Mirzoyanla üçtərəfli danışıqlarının yekunlarını şərh edərkən Lavrov demişdi ki, Yerevanda “Qarabağ ermənilərini tez bir zamanda Azərbaycanla dialoqun zəruriliyinə inandırmağın vacibliyini başa düşürlər”.

O habelə bəyan etmişdi ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun həyata keçirilməlidir.

Azatutyunun “Qarabağın prezidenti” kimi təqdim etdiyi Arayik Arutyunyan bundan əvvəl bəyan etmişdi ki, Azərbaycan onlarla yalnız bir məsələni – inteqrasiyanı müzakirə etmək istəyir.

Rəsmi Bakı bundan əvvəl iki dəfə Qarabağ ermənilərinin nümayəndələrini dialoqa dəvət edib.

Azərbaycan prezidenti İlham Əliyev separatçılardan iki dəfə rədd cavabı aldıqdan sonra demişdi ki, “üçüncü dəfə dəvət olmayacaq”.

Azatutyun yazır ki, bu məsələ ilə bağlı Ermənistan XİN-ə göndərdiyi sorğuya hələ cavab almayıb.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG