Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:45

Qarabağda son günlər yaşananlarla bağlı qarşılıqlı ittihamlar


Şuşada Azərbaycan postu
Şuşada Azərbaycan postu

Özünü “Qarabağ Müdafiə Ordusu” adlandıran silahlı birləşmələr bildirirlər ki, gün ərzində Azərbaycan qüvvələrinin “təmas xəttini keçmək cəhdləri”nin qarşısını alıb

Qarabağdakı silahlı birləşmələr avqustun 1-də Azərbaycan qüvvələrini şimal və şimal-qərb hissələrdə hücumlara başlamaqda ittiham edib. Azərbaycan isə atəşkəsin pozulması xəbərlərini təkzib edir.

Özünü “Qarabağ Müdafiə Ordusu” adlandıran silahlı birləşmələr bildirirlər ki, gün ərzində Azərbaycan qüvvələrinin “təmas xəttini keçmək cəhdləri”nin qarşısını alıb.

Dünən axşam yayılan bəyanatda erməni tərəfin itki vermədiyi, vəziyyətin gərgin olduğu bildirilir.

Atışmanın dayandığı deyilir

Qarabağdan “deputat” Artur Harutyunyan AzadlıqRadiosunun erməni xidmətinə atışmanın dayandığını, Azərbaycan ordusunun Qarabağdakı erməni qüvvələrin hər hansı mövqeyini ələ keçirmədiyini deyib.

“Hər şey silahlı qüvvələrimizin nəzarəti altındadır”, – Qarabağdakı separatçı qurumun “xarici işlər naziri” Davit Babayan söyləyib.

Ötən axşam Qarabağdakı separatçıların “lideri” Arayik Arutyunyanın silahlı birləşmələrin “komandiri” Kamo Vartanyan və digər “təhlükəsizlik rəsmiləri” ilə fövqəladə görüş keçirdiyi xəbər verilir.

Qarşılıqlı ittihamlar

Azərbaycanın Müdafiə Nazirliyi ötən həftəsonu Ermənistan silahlı qüvvələrinin bölmələrini Gədəbəy və Kəlbəcər rayonları, Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələrini isə Xocavənd rayonunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində atəşkəsi pozmaqda ittiham edirdi.

Ermənistan ötən həftə Azərbaycanı Qarabağda iki kəndi və Ermənistanla sərhəddə erməni hərbi mövqelərini atəşə tutmaqda ittiham edib. Bakı ittihamları rədd edib.

Müdafiə Nazirliyinin avqustun 1-də yaydığı xəbərə görə, Azərbaycan Ordusunun Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat və çaşdırıcı məqsəd daşıyır.

Erməni silahlı birləşmələrin məsələsi

Dünən – avqustun 1-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun telefon söhbətində də erməni silahlı birləşmələrin Azərbaycan ərazilərindən tam çıxarılmadığı vurğulanıb.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağda ermənilər yaşayan yerlərə isə Rusiya hərbçiləri yerləşdirilib.

Həmin il 10 noyabr atəşkəs bəyanatının 4-cü bəndində deyilirdi ki, Rusiya hərbçiləri erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel yerləşdirilir.

Prezident İlham Əliyev ötən ay həmin bəyannaməyə zidd olaraq erməni silahlı qüvvələrin Qarabağdan hələ də çıxarılmadığını deyib. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi Azərbaycana həmin birləşmələrin iyuna qədər çıxarılması vədi versə də, iyulun ortasınadək bu məsələ həllini tapmayıb.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə yerli mediaya müsahibəsində deyib ki, Ermənistandan göndərilən çağırışçılar sentyabradək Qarabağdan çıxarılacaq, ancaq Dağlıq Qarabağdakı çağırışçılar əvvəlki kimi “müdafiə ordusu”na cəlb olunacaqlar.

Zakir Həsənovun əmri

Avqustun 1-də ABŞ rəsmisi Karen Donfrid Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla da telefonla danışıb. Ancaq Ermənistan tərəfin yaydığı məlumatda telefon söhbətində tərəflərin Qarabağda vəziyyətin gərginləşməsi xəbərlərinə toxunub-toxunmaması haqda bir söz deyilmir.

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov iyulun 30-da xidməti müşavirədə orduya “qarşı tərəfin törədə biləcəyi istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib”. Nazirin Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini və mövcud vəziyyəti geniş təhlil edərək belə bir əmr verdiyi bildirilir.

Yerevandakı bəzi şərhçilər isə Bakının münaqişə zonasında daha bir eskalasiyaya hazırlaşması fikrini irəli sürüblər.

XS
SM
MD
LG