Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:40

Həyat yoldaşını öldürsə də, həbs olunmadı...


Hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini prokurorluq özü də qəbul edir.
Hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini prokurorluq özü də qəbul edir.

Qazax rayonunun Qaymaqlı kənd sakini Ayaz Osmanlı həyat yoldaşını odlu silahla öldürsə də, həbs olunmayıb. Prokurorluq da bundan narazı qalıb. Baxmayaraq ki, hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini prokurorluq özü də qəbul edir. Lakin onlar Osmanlıya azadlıqdan məhrumetmə cəzası verilməsində israrlıdırlar.

Ehtiyatsızlıqdan adam öldürmə

Cinayət işinin materiallarında göstərilib ki, 50-yaşlı Osmanlı hadisə günü həyat yoldaşı Maralla birlikdə kənddəki evdə Bakıya getməyə hazırlıq görürmüş. Bu məqsədlə ər-arvad evi təmizləyib. Həmin vaxt Ayaz atası Kərəm Osmanovdan qalmış, 1957-ci il istehsalı yivsiz ov tüfəngini təmizləmək istərkən, içərisində patronun olmasına fikir vermədən tətiyi çəkib və ehtiyatsızlıqdan həyat yoldaşını öldürüb.

Qazax rayon Məhkəməsi Osmanlını ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilib - qazancından hər ay dövlət nəfinə 20 faiz pul tutulmaqla, 2 il islah işləri cəzasına məhkum edib. Bu hökmdən prokurorluq da, zərərçəkmiş tərəf də, Osmanlı özü də narazı qalıb. Prokurorluq cəzanın ağırlaşdırılmasını, onun azadlıqdan məhrum edilməsini istəyib. Özü və zərərçəkmiş tərəf – mərhumun yaxınları isə, əksinə, cəzasının daha da yüngülləşdirilməsini xahiş ediblər. Deyiblər ki, himayəsində üç azyaşlı uşağın olmasını nəzərə alsınlar. Ancaq apellyasiya məhkəməsi hökmü dəyişməyib.

Cəza kəsilib və... azad edilib

Lakin prokurorluq yenə dayanmayıb, cəzanın ağırlaşması üçün bu dəfə Ali Məhkəməyə kassasiya protesti verib. Ali Məhkəmə prokurorluğun kassasiya protestini qismən təmin edib – iş yenidən araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılıb. Bu instansiyada isə noyabrın 14-də Osmanlıya 2 il azadlıqdan məhrumetmə cəzası kəsilsə də, ona münasibətdə Milli Məclisin 5 noyabr 2021-ci il tarixli Amnistiya Aktı (8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında) şamil olunub. Bu üzdən o, həmin cəzadan da azad edilib.

Məhkəmə araşdırmaları zamanı o da məlum olub ki, Osmanlı bundan öncə də qəsdən adam öldürməyə görə məhkumluq həyatı yaşayıb. Lakin həmin cinayətə görə onun məhkumluğu ödənilib.

Osmanlı məhkəmədə deyib ki, törətdiyi əməldən çox peşmandır, hələ də özünü bağışlaya bilmir.

XS
SM
MD
LG