Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:35

Qazaxıstan naziri Rusiyaya sanksiyalı malların verilməsini etiraf edib


Qazaxıstan baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin
Qazaxıstan baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin

Qazaxıstan baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin AzadlıqRadiosunun Qazax xidməti – Azattıka müsahibəsində Qazaxıstandan Rusiyaya ikili təyinatlı malların göndərilməsini etiraf edib.

Jumanqarinin sözlərinə görə Rusiyaya qarşı sanksiyalar elan ediləndən bəri Avropa İttifaqı və ABŞ-ın sanksiyaların icrasına məsul nümayəndələri Qazaxıstan hökumətinə sanksiyalara düşən 7 min adda malın siyahısını təqdim ediblər.

Nazir əlavə edib ki, bu, Qazaxıstanın Rusiya ilə bütün ticarətini əhatə edir.

Jumanqarin bunu da bildirib ki, Qazaxıstan hökuməti ölkənin Rusiyaya satdığı sanksiyalı malların siyahısını qısaltmağı rica edib.

Nəticədə yenilənmiş reyestrə ikili təyinatlı mallar da salınıb. Bunları Ukraynada vurulmuş Rusiya hərbi texnikasında aşkar etmişdilər.

"Hazırda siyahıda 38 kod, və ya 104 çeşiddə mal qalır. Biz bunun üzərində işləyirik”.

Sanksiya təhlükəsi

Jumanqarin deyib ki, Rusiyaya mikrosxem kimi malları daşıyan şirkətlər üzərində nəzarət sərtləşdirilib, elektron hesab-fakturalar və format-logistika nəzarəti tətbiq edilib.

Nazir bu şirkətlərin adlarını çəkməkdən imtina edib. Sadəcə olaraq onların “yüzdən artıq” olduğunu deyib.

Jumanqarin əlavə edib ki, hazırda Avropa İttifaqının Rusiyaya qarşı 11-ci sanksiya paketinin nəzərdə tutduğu dolayısı ilə sanksiyaların Qazaxıstan üçün təhlükəsi yoxdur.

AzadlıqRadiosu yazır ki, Qırğızıstan və Qazaxıstan şirkətləri Qərbin bütün hədələrinə baxmayaraq Rusiyaya ikili texnologiyaların satışını davam etdirirlər.

İkili təyinatlı elektron komponentlərdən həm mülki, həm də hərbi sənayedə istifadə oluna bilir.

Qazaxıstan rəsmiləri bundan əvvəl Rusiyaya sanksiyalı malların satılmasını inkar edirdilər.

Qırğızıstan və Qazaxıstan Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdürlər.

XS
SM
MD
LG