Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:54

Son aylar qızılcaya yoluxanların sayı kəskin artıb


Yoluxucu xəstəlik olan qızılca sətəlcəm və beyin iltihabı kimi ağırlaşmalara da yol aça bilir
Yoluxucu xəstəlik olan qızılca sətəlcəm və beyin iltihabı kimi ağırlaşmalara da yol aça bilir

Rəsmi rəqəmlərə görə, son üç ildə Azərbaycanda qızılcaya yoluxanların sayı minimuma enmişdi. Dövlət Statistika Komitəsi (DSK) ötən il ölkədə cəmi bir xəstədə qızılca diaqnozu qeydə alındığını göstərmişdi. 2021-ci ildə isə qızılca heç qeydə alınmayıb. 2020-2022-ci illərdə ölkədə toplam üç nəfərə qızılca diaqnozu qoyulub. 2019-cu ildə bu rəqəm 337 idi. Öncəki illərin statistikaları da göstərir ki, adətən qızılca sayı az olur, ancaq bəzən çox yüksək sayda qızılca qeydə alınır. Bu, adıçəkilən xəstəliyin yoluxucu xarakteri ilə bağlıdır. Məsələn, 2009-2012-cü illərdə ölkədə qızılca qeydə alınmamışdı. 2013-cü ildə isə 102 nəfərə qızılca diaqnozu qoyulmuşdu. 2014-2017-ci illərdə ölkədə cəmi bir qızılca diaqnozu qeydə alındığı halda, 2018-ci ildə bu rəqəm 52-yə yüksəlmişdi.

Yoluxucu xəstəlik olan qızılca sətəlcəm və beyin iltihabı kimi ağırlaşmalara da yol aça bilir və özəlliklə uşaqlar arasında ciddi sağlamlıq riski yaradır.

Zaqatala və Kürdəmirdə nə baş verir?

Son günlər mediada özəlliklə Zaqatala və Kürdəmir rayonlarında çox sayda şəxsin qızılcaya yoluxması ilə bağlı bilgilərə rast gəlinir. Mövzuya dair açıqlama verən TƏBİB bildirib ki, "Zaqatala rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub. Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən səkkizi uşaqdır, vəziyyətləri stabildir. Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (beşi uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. Doqquz xəstənin isə stasionar müalicəsi davam etdirilir".

Xəstəliyə Zaqatala şəhər və rayonun Kebeloba, Car, Yuxarı Tala, Aşağı Tala, Çobankol, Muxax, Gözbarax, Əliabad kəndlərində uşaqlar və hətta orta yaş qrupuna aid insanlar arasında rast gəlindiyi bildirilir.

Zaqatala ilə yanaşı, Kürdəmirdə də qızılcaya yoluxanların sayı kəskin artıb. Kürdəmirdə Ailə Sağlamlıq Mərkəzinə 60-a yaxın sakin xəstəliyə yoluxma şübhəsi ilə müraciət edib, onlardan doqquzu stasionar müalicəyə yerləşdirilib. Yoluxma halları rayonun Pirili, Ərəb Qubalı, Qarasaqqal, Şilyan və Sor kəndlərində qeydə alınıb. Noyabrın 23-də mətbuatda yayılan xəbərdə isə bildirilib ki, bir həftəyə yaxındır qızılcaya yoluxan və qızdırması düşməyən, rayonun Qağacılı kənd sakini dördyaşlı Rüfət Qəribli xəstəxanaya gətirilərkən dünyasını dəyişib. Bu iki rayondan öncə oktyabrın sonunda bəlli olmuşdu ki, Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın 20-yə yaxın şagirdində də qızılca aşkarlanıb.

Ölkədə qızılcaya yoluxanların sayındakı artım oktyabrın əvvəllərindən başlayıb. Bu ilin sentyabrında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi bildirmişdi ki, həmin vaxtadək il ərzində ölkədə 24 nəfərdə qızılca aşkarlanıb. Oktyabrdan sonra isə mətbuatda çıxan xəbərlər, ən azı, daha 150 şəxsin qızılcaya yoluxduğunu göstərir.

Yoluxma niyə artıb?

Bu ilin sentyabrında mediaya açıqlama verən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi ölkədə qeydə alınan qızılca hallarını iki əsas amilə - miqrasiyaya və vaksin olunmamağa bağlayıb. Həmin mərkəzin immunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva bildirib ki, sentyabr ayında qızılcaya yoluxan 24 nəfərin 20-yə yaxını (84 faizi) qızılcaya qarşı vaksin olunmayan şəxslərdir. Qızılcaya dair açıqlamasında Səhiyyə Nazirliyi də bildirib ki, yoluxma halları, əsasən, qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb. İndi xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılır, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunurlar.

Hazırda Azərbaycanda uşaqların yoluxucu xəstəliklərdən qorunması üçün 11 infeksiyaya qarşı peyvənd aparılır. Peyvənd təqviminə əsasən, qızılca əleyhinə QPM vaksini ilə peyvəndlər uşaqların 12 aylığında və 6 yaşı tamam olduqda aparılır. Digər yaş qruplarında qızılca xəstəliyinə qarşı peyvəndlər epidemioloji göstəriş əsasında və ya hər hansı səbəbə görə peyvənddən kənarda qalan uşaqlar arasında aparılır.

Rəsmi açıqlamada hər il uşaqların 95-96 faizinin qızılcaya qarşı peyvəndlə edildiyi vurğulanır, ancaq peyvənddən yayınma halları da qeydə alınır. Bir müddət öncə Hesablama Palatası Azərbaycanda uşaqlara peyvənd vurulması fəaliyyəti ilə bağlı auditin nəticələrini açıqlamışdı. Audit çərçivəsində tibb işçiləri arasında sorğu keçirilib və vətəndaşların peyvənd vurulmasından imtina səbəbləri araşdırılıb. Tibb işçiləri arasında keçirilmiş sorğularda vətəndaşların imtina səbəbləri kimi peyvəndlərin mənşə ölkəsi, həmçinin yerli reaksiyalar və qısamüddətli qızdırma halları, bundan əlavə, uşaqlarda autizmə səbəb olmasına dair elmi əsassız qənaətlərin göstərildiyi üzə çıxıb. Ölkədə vurulan peyvəndlərin, orta hesabla, 44.6 faizi profilaktik peyvənd təqvimindən kənarlaşmaqla gerçəkləşdirilib.

XS
SM
MD
LG