Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:31

Rusiya ‘Priqojinin təyyarə qəzasını’ beynəlxalq səviyyədə araşdırmayacağını bildirib


Təyyarənin düşdüyü yer
Təyyarənin düşdüyü yer

Rusiya Braziliyaya məlumat verib ki, “hazırkı vaxtda” Vaqner özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin və daha 9 nəfərin ölümü ilə nəticələnmiş təyyarə qəzasını beynəlxalq qaydalara uyğun şəkildə araşdırmaq niyyətində deyil.

Sözü gedən Embraer tipli təyyarə Braziliya istehsalıdır.

Bundan əvvəl Braziliyanın Aviasiya Qəzalarının Təhqiqatı və Profilaktikası Mərkəzi (CENIPA) bu təhqiqatda Braziliyanın Embraer təyyarə şirkətinin iştirak etmək xahişi ilə Dövlətlərarası Aviasiya Komitəsinə sorğu göndərmişdi.

Məktubda deyilirdi ki, bundan məqsəd gələcəkdə bu təyyarə tipi ilə bağlı baş verə biləcək qəzaların qarşısının alınmasıdır.

Dövlətlərarası Aviasiya Komitəsinin sorğuya cavabında deyilir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı qaydalarının 13-cü maddəsinə əsasən istehsalçı ölkənin hər hansı başqa ölkənin daxili reysində baş vermiş qəzaların təhqiqatında iştirakı icbari sayılmır.

Ekspert: “Deməli şəffaf araşdırma olmayacaq”

CENIPA-nın başçısı Marselo Moreno Reuters agentliyinə deyib ki, Rusiya tərəfi beynəlxalq səviyyədə təhqiqat keçirmək öhdəliyinə malik olmasa da, aviasiya təhlükəsizliyinin artırılması naminə bunun edilməsi tövsiyə olunur.

Aviasiya qəzaları üzrə ekspert Cef Qazetti deyib ki, Rusiyanın Braziliyanın ricasını rədd etməsi Moskvanın bu qəzanı şəffaf araşdırmaq niyyətində olmadığını göstərir.

Avqustun 23-də Rusiyanın Tver vilayətində Embraer-135 tipli təyyarə qəzaya uğrayıb. Bu təyyarə Vaqner özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin istifadəsində idi.

Təyyarədəkilərin hamısının həlak olduğu bildirilib. Bu da ehtimal olunurdu ki, qəza ya təyyarənin içərisində baş vermiş partlayışa, ya da təyyarənin zenit qurğusu ilə vurulmasına görə olub .

Rusiya istintaqının rəsmi məlumatına görə hazırda təyyarəçi səhvi, texniki nasazlıq və “xarici təsir” də daxil ən müxtəlif versiyalar araşdırılır.

Ağ Evin sözçüsü: “Burada nəyin baş verdiyi tam aydındır...”

Kreml Rusiya hakimiyyətinin bu qəza ilə hər hansı bağlılığına dair iddiaları qətiyyətlə rədd edir.

İki ay bundan əvvəl Priqojin və onun muzdlu döyüşçüləri Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı qiyam qaldırmış və Moskvaya yürüşə başlamışdılar.

Bu zaman Priqojinin iddiasına görə vaqnerçilərə bomba zərbəsi endirmək istəyən bir neçə hərbi helikopter və təyyarə vurulub, bir neçə ekipaj həlak olub.

Lakin az sonra qiyam Belarus prezidenti Alyaksandr Lukaşenkanın vasitəçiliyi ilə yarımçıq dayandırılsa da, Rusiya prezidenti Vladimir Putin özəl hərbi şirkəti dövlətə xəyanətdə ittiham etmiş və qiyamçıların “qaçılmaz şəkildə” cəzalarını alacaqlarını demişdi.

Lukaşenka ilə razılaşmaya görə vaqnerçilər Belarus ərazisinə köçürülməli idilər.

Avqustun 23-də baş vermiş qəzadan sonra Putin Vaqner təşkilatının təsisçisini “istedadlı adam” adlandırmış və onun xidmətlərini yüksək qiymətləndirdiyini bildirmişdi.

Bu arada avqustun 29-da Ağ Evin sözçüsü Karin Jan-Pier sözü gedən qəzaya münasibət bildirib:

"Biz hamımız bilirik ki, Kreml opponentlərin qətlə yetirilməsinin uzun tarixçəsinə malikdir. Burada nəyin baş verdiyi tam aydındır”.

XS
SM
MD
LG