Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 11:33

Dövlət Duması cinsin dəyişdirilməsini qadağan edən qanun layihəsini təsdiqləyir


Moskvada gey hüquqları fəalının etirazı, 2013-cü il
Moskvada gey hüquqları fəalının etirazı, 2013-cü il

Dövlət Duması ikinci, əsas oxunuşda Rusiyada cinsini və gender markerini dəyişdirməyi qadağan edən qanun layihəsini təsdiqləyib. Palatanın saytında bildirilir ki, sənəd iyulun 13-də plenar iclasda yekdilliklə qəbul edilib.

Qanun layihəsi cinsin dəyişdirilməsinə yönəlik tibbi müdaxilələrə tam qadağa nəzərdə tutur. Uşaqlarda cinsi formalaşmanın anadangəlmə fizioloji anomaliyalarının müalicəsi halları istisna sayılır.

Sənədin birinci oxunuşu iyunun ortalarında baş tutub. Sonradan edilən düzəlişlərə görə, gender markerini dəyişdirmiş şəxslərə övladlığa uşaq götürmək qadağan ediləcək. Əgər rəsmi nikahda olan cütlükdə şəriklərdən biri cinsi markerini dəyişibsə, nikah ləğv edilir.

Mövcud qanunvericiliyə görə, gender markerinin dəyişdirilməsi və lazımi əməliyyatların aparılması üçün translar ilk növbədə “transseksuallıq” diaqnozu ilə arayış almalıdırlar. Bunun əsasında doğum haqqında şəhadətnaməni, sonra isə pasportu dəyişmək olar. Trans fərdlər sonradan tibbi yardım – hormonal terapiya və cərrahiyyə üçün göndəriş ala bilərlər.

BBC-nin rus xidməti qeyd edir ki, Dövlət Dumasının ikinci oxunuşda qəbul etdiyi qanun layihəsi həm sənədlərin dəyişdirilməsini, həm də trans fərdlərə tibbi yardım göstərməyi tamamilə qadağan edir.

XS
SM
MD
LG