Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:59

Mərkəzi Asiyaya qayıdanlar Rusiyada rekord deportasiyalar fonunda iş tapmaqda çətinlik çəkirlər


Rusiyanın Novosibirsk şəhərində miqrasiya mərkəzi
Rusiyanın Novosibirsk şəhərində miqrasiya mərkəzi

Ötən il Rusiyadan deportasiya ediləndən bəri Dilfuza Hayitova doğma torpağı Termez şəhərində iş axtarır. Özbəkistanda iş tapmaq çox çətin olduğundan bu tənha ana plastik şüşə və boş şüşə qabları yığıb təhvil verməklə əldə etdiyi cüzi qazancla dolanır.

O, ev kirayəsinə pul tapa bilmədiyindən yaşlı atasının evinə köçüb. Özünün dediyinə görə, təxminən 2.5 dollar olan gündəlik qazancı çörək və digər ən adi ehtiyaclara güclə çatır.

"Daim pul çatışmazlığı ilə üzləşirəm. Bu, insanı boğur. Burada iş yoxdur. Atamın köməyi olmasaydı, həyatda qalmazdım", - 30 yaşlarında olan Hayitovanın sözləridir.

On minlərlə ortaasiyalı işçi Rusiyadan deportasiya ediləndən bəri vətənlərində xroniki işsizlikdən əziyyət çəkir.

Son antimiqrant dalğasını hədəfi

Moskva bu yaxınlarda 2024-cü ilin ilk yeddi ayı ərzində rekord sayda insanı deportasiya etdiyini bildirib. Rusiya eyni zamanda Orta Asiyadan gələnlərin ölkəyə daxil olmasına icazə vermir. Ölkədə baş qaldıran bu son antimiqrant dalğasında, əsasən, Tacikistan, Özbəkistan və Qırğızıstan vətəndaşları hədəf alınıblar.

Rusiya Daxili İşlər Nazirliyinin bilgisinə görə, yanvar-iyul ayları arasında 143 mindən çox adamın ölkəyə daxil olmasına icazə verilməyib. Bu, ötən illə müqayisədə çox böyük artım deməkdir.

93 minə yaxın insan Rusiyadan deportasiya edilib. Bu da ötən ilin eyni vaxtı ilə müqayisədə 53 faizlik artım deməkdir. Üstəlik, yanvar-iyul ayları arasında verilən müvəqqəti və daimi oturum icazələrinin sayı ötən illə müqayisədə, uyğun olaraq, 44 və 18 faiz azalıb.

Nazirlik bildirib ki, bu yeddi ay ərzində vətəndaşlıq verilmiş 1 min 53 şəxsin Rusiya pasportu geri alınıb.

Dilfuza Hayitova boş qutu və plastik butulka sataraq gündə 2.50 dollar qazanır.
Dilfuza Hayitova boş qutu və plastik butulka sataraq gündə 2.50 dollar qazanır.

Daxili İşlər Nazirliyi bildirir ki, miqrantlara məxsus iş yerlərində keçirilən polis reydləri sayca 200 faizdən çox artıb.

Nazirlik hər ay üçün ayrıca statistika təqdim etməsə də, deportasiya və rədd cavablarının saylarında bu misligörünməmiş artım bu il martin 22-də Moskva yaxınlığındakı "Crocus City Hall"da törədilmiş terror hücumundan sonra başlanıb.

Rusiya iddia edir ki, konsert məkanında baş verən və 145 nəfərin ölümü ilə nəticələnən bu hücumu dörd Tacikistan vətəndaşı gerçəkləşdirib. Bu, Rusiyada onsuz da uzun zamandan bəri var olan antimiqrant ovqatını daha da qızışdırıb.

Moskvada bir restoranda qab yumaqla günə 25 dollar qazanan Hayitova deyir ki, imkanı olsa, yenidən Rusiyaya geri dönər.

Özbəkistan rəsmən ölkədəki işsizlik səviyyəsinin cəmi 6.8 faiz olduğunu iddia etsə də, çoxlarına görə bu rəqəm gerçəyi əks etdirmir. Rəsmi məşğulluq rəqəmlərinə özəlliklə kənd təsərrüfatı sahəsindəki mövsümi və müvəqqəti iş yerləri də daxil edilir. İşçilər əmək haqlarının azlığından gileylənirlər.

Bir neçə işdə çalışanlar vətəndə bircə iş tapa bilmirlər

Qonşu Tacikistanda durum bundan da pisdir. Bu ölkədə ailələrin yarıdan çoxu Rusiyada çalışan miqrantların göndərdiyi puldan asılıdır.

Paytaxt Düşənbədə yaşayan Mirmoh Şamsova "Crocus" hücumu üzündən Rusiyadan qayıtmalı olandan bəri vətənində iş tapa bilmir. Əri xəstəlikdən ölən və ailəsi iri borclar içində çırpınan evdar qadın Şəmsova dörd il öncə əmək miqrantına çevrilib. Şəmsova Rusiyada eyni zamanda bir neçə işdə çalışmaqla, gündə orta hesabla 30 dollar qazandığını deyir. O, bir evdə yemək bişirir və təmizlik işi görür, həm də karamel fabrikində çalışırmış.

Rusiyanın Kazan şəhərində polis miqrant işçilərə qarşı reyd keçirir.
Rusiyanın Kazan şəhərində polis miqrant işçilərə qarşı reyd keçirir.

Tacikistanın Əmək Nazirliyi təkcə ilin birinci yarısında 100 mindən çox yeni iş yerinin yaradıldığını elan edib.

"Bu işlər haradadır? Bilsəm, mən də müraciət edib birində işlərdim. Hara gedirsən, lap xadimə işinə də getsən, səndən 150-200 dollar rüşvət istəyirlər. Mənim o qədər pulum yoxdur axı", - Şamsovanın sözləridir.

İş axtaran taciklərin çoxu rüşvətxorluğun baş alıb getməsindən və iş yeri olmamasından şikayət edir.

Şamsova Rusiyada durumun sakitləşməsini gözlədiyini və geri qayıdacağını deyir. Ancaq, göründüyünə görə, bu, hələ tezliklə baş verməyəcək.

Rusiya hökuməti kimliyinə (miqrant, tələbə və başqası olmasına.) baxmadan, pasport və oturum icazələrinin qaydasında olmasına məhəl qoymadan Orta Asiya ölkələri vətəndaşlarını deportasiya etməyə və ölkəyə girişlərinə qadağa qoymağa davam edir.

Bir çox adam hava limanlarında və sərhəd-keçid məntəqələrindəki təcridxanalarda təhqir edilərək döyüldüyünü deyir.

Rusiyanın Tambov bölgəsində Miçurin adına Kənd Təsərrüfatı Universitetində oxuyan tacik Muhammadjon Boyev Tacikistandan geri dönərkən Saratov vilayətinin sərhəd-keçid məntəqəsində saxlandığını deyir.

"Pasport və tələbə kartımı müsadirə edib məni təcridxanaya apardılar. Üç gün orada saxladılar. Danışığımı yamsıladılar, sözlə təhqir etdilər, döydülər… Az qala, əlimi sındırmışdılar", - o, Rusiyanın Düşənbədəki səfirinə açıq məktubunda belə yazıb.

Boyev Rusiyadan əsassız çıxarıldığını deyir. Düşənbədəki təhsil qurumları bu il, azı, daha beş tacik tələbənin Rusiyada buna bənzər münasibətlə üzləşdiyini bildirir.

İyulun 30-da Şeremetyevo hava limanında Səmərqənd-Moskva reysinin, azı, 100 özbək sərnişininin ölkəyə girişinə icazə verilməyib.

İyulda Səmərqənd-Moskva reysi ilə uçan onlarla sərnişin Rusiyaya buraxılmayıb.
İyulda Səmərqənd-Moskva reysi ilə uçan onlarla sərnişin Rusiyaya buraxılmayıb.

Deportasiyanı videoya çəkənlər var

Sərnişinlərdən üçü günyarım hava limanında saxlanıb deportasiya edilmələrinin videogörüntülərini paylaşıb. Özlərini Əsliddin, İskəndər Siroj kimi tanıdan bu şəxslər CurrentTimeTV-yə hava limanında barmaq izləri və DNT nümunələrinin götürüldüyünü deyiblər. Onlara 20 il ərzində Rusiyaya qayıda bilməyəcəkləri elan edilib.

"Bizi nə üçün deportasiya etdiklərini açıqlamadılar. Biz qanunsuz bir iş görməmişik", - onlar belə deyirlər.

"Evimizdə normal həyatımız olsaydı…"

Rusiyanın Orenburq vilayətində Tacikistan vətəndaşı Niso Şermatova daimi yaşayış icazəsi almaq üçün müraciətini təqdim edə bilməyib. Çörəkxanada çalışan qadın ərinin Rusiya vətəndaşı, özününsə çalışaraq vergi ödəyən şəxs olduğu üçün müraciət etmək hüququna malikdir.

Şermatovanın sözlərinə görə, sentyabrda miqrasiya qurumunun əməkdaşı ona deyib ki, hazırda Tacikistan vətəndaşlarından müraciətləri qəbul etməmək haqda təlimat var.

"Rusiyanın bizə qarşı davranışını bəyənmirəm. Ancaq bəzən düşünürəm ki, Rusiya və digər xarici ölkələrin bizə heç bir borcu yoxdur. Mən öz hökumətimizə, vətəndaşlarının qayğısına qalmayan Tacikistan hökumətinə qəzəbliyəm. Öz evimizdə normal həyatımız olsaydı, xaricdə daha yaxşı həyat axtarmazdıq", - Şermatovanın AzadlıqRadiosuna dediyi sözlərdir.

Məqaləni Fərangis Nəcibullah, AzadlıqRadiosunun Mərkəzi Asiya Miqrantlar Bölməsi və CurrentTimeTV hazırlayıb

XS
SM
MD
LG