Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 05:03

Müharibə Azərbaycana göndərilən pul köçürmələrini kəskin artırıb


Rusiyadan göndərilən pul kəsilir, kasıblıq arta bilərmi?
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Rusiyadan göndərilən pul kəsilir, kasıblıq arta bilərmi?

Azərbaycanda, ənənəvi olaraq, əmək miqrasiyasının ən yayılmış istiqamətlərindən biri Rusiyadır. Ölkədə yetərincə çox sayda ailənin əsas gəlir mənbəyi məhz Rusiyadan göndərilən pullardır. Ukraynaya hücumundan sonra məruz qaldığı sanksiyalar Rusiya iqtisadiyyatını ciddi zərərlərə uğratdı. Bu durum, təbii ki, orada çalışan Azərbaycan vətəndaşlarına da təsir göstərir. Lap diqqətçəkən məqamlardan biri müharibə başladıqdan sonra Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmcə dəyişib-dəyişməməsidir. Nəzərə almaq lazımdır ki, iqtisadi vəziyyətin pisləşməsi ilə yanaşı, sanksiyalar və rus rublunun dəyərsizləşməsi də Rusiya vətəndaşlarını öz sərvətlərini ölkədən çıxarmağa təşviq edir.

Bir ilə beş dəfə artım

Azərbaycan Mərkəzi Bankının ölkəyə göndərilən pul köçürmələri ilə bağlı hesabatından aydın olur ki, 2022-ci ildə Rusiyadan Azərbaycana göndərilən belə köçürmələrin həcmində rekord artım qeydə alınıb. Ötən ilin ilk yarısında Rusiyadan Azərbaycana 261 milyon dollar vəsait köçürülmüşdü. Bu ilin ilk altı ayında isə həmin göstərici düz 1 milyard 283 milyon dollara yüksəlib. Deməli, Rusiyadan Azərbaycana göndərilən pulun həcmi ötən illə müqayisədə beş dəfə artıb. Bu baxımdan aydın olur ki, Rusiyada yaşayan azərbaycanlılar müharibə başladıqdan sonra sanksiyalar və rublun dəyərsizləşməsi ucbatından sahib olduqları vəsaiti kütləvi şəkildə Azərbaycana göndərməyə başlayıblar.

2020-ci ilin ilk altı ayında Rusiyadan Azərbaycana göndərilən vəsaitin həcmi 197 milyon dollar olub. Pandemiyadan öncə - 2019-cu ildə bu rəqəm 276 milyon dollar idi. Başqa deyimlə, 2022-ci ildə qeydə alınan göstəricilər pandemiyaöncəsi dövrdə qeydə alınan nəticələrlə də müqayisədə çox yüksəkdir.

Göndərişlər, əsasən, ikinci rübdədir

Mərkəzi Bankın göstəricilərindən aydın olur ki, Rusiyadan Azərbaycana göndərilən pul baratlarının həcmi ikinci rübdə (aprel-iyun ayları) daha çox olub. 2022-ci ilin ilk üç ayında Rusiyadan Azərbaycana 99 milyon dollar həcmində pul göndərilmişdi. Bu, hətta 2021-ci ilin eyni dövrü ilə müqayisədə 20 milyon dollar az vəsait demək idi. Növbəti üç ay ərzində göndərilən vəsaitin həcmi isə 1 milyard 185 milyon dollar olub. Ötən il boyunca bütün ölkələrdən Azərbaycana 1 milyard 133 milyon dollar göndərilibmiş. Deməli, təkcə 2022-ci ilin aprel-iyun aylarında Rusiyadan Azərbaycana köçürülən pulun həcmi 2021-ci ildə ilboyu bütün ölkələrdən göndərilən pul köçürmələrinin həcmindən çox olub.

İlk yarım ildə Azərbaycana bütün pul köçürmələrinin 80 faizi Rusiyadan gəlib. Əvvəlki illərdə də Rusiya Azərbaycana ən çox pul köçürülən istiqamət idi. Ancaq həmin vaxt Rusiyanın toplam pul köçürmələrində payı 50 faizi ötməmişdi.

Pul köçürmələri ilə yanaşı, xarici depozitlər də artır

Mərkəzi Bankın hesabatlarından üzə çıxır ki, müharibədən sonra Azərbaycana göndərilən pullarla yanaşı, Azərbaycan banklarında qeyri-rezidentlərin sahib olduğu depozitlərin də həcmi artıb. Belə ki, Rusiyanın Ukraynaya hücumundan öncəki ayın – yanvarın sonunda Azərbaycan banklarında xarici ölkə vətəndaşlarının 294 milyon manat ekvivalentində depozitləri mövcud idi. Artıq fevralın sonunda (müharibə 24 fevralda başlamışdı) bu göstərici 552 milyon dollara yüksəlmişdi. Sonrakı aylarda da qeyri-rezidentlərin Azərbaycan banklarındakı depozitlərinin həcmi artmağa davam edib. Sonuncu göstəriciyə görə, bu ilin avqust ayının sonunda Azərbaycan banklarında qeyri-rezidentlərə məxsus 876 milyon manat ekvivalentində vəsait saxlanılır. Bu o deməkdir ki, müharibədən sonrakı altı ay ərzində xarici ölkə vətəndaşlarının Azərbaycan banklarında saxladıqları vəsaitin həcmi 600 milyon manata yaxın artıb.

Bəs Azərbaycandan Rusiyaya köçürmələr?

Rusiyadan Azərbaycana göndərilən pulun həcmi qədər olmasa da, hər il Azərbaycandan da Rusiyaya yetərincə çox pul köçürülür. Rusiya Azərbaycandan göndərilən pul köçürmələrin həcminə görə, adətən, ilk üçlükdə qərarlaşır. Mərkəzi Bankın açıqladığı göstəricilərdən aydın olur ki, müharibə Azərbaycandan Rusiyaya köçürülən vəsaitin həcmini nisbətən azaldıb. Ötən ilin ilk altı ayında Azərbaycandan Rusiyaya 55 milyon dollar göndərilmişdisə, bu ilin eyni dövründə bu rəqəm 45 milyon dollara enib, yəni, 10 milyon dollar azalıb. 2020-ci ilin eyni dövründə Azərbaycandan Rusiyaya göndərilən pul köçürmələrinin həcmi 51 milyon dollar, pandemiyadan öncə - 2019-cu ildə isə 52 milyon dollar olmuşdu.

XS
SM
MD
LG