Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 03:47

Polşa Rusiya qazından daha asılı olmadığını deyir


Mateuş Moravetski
Mateuş Moravetski

Polşanın baş naziri Mateuş Moravetski öz ölkəsinin Rusiyanın qaz asılılığından çıxdığını bəyan edib.

O deyib ki, Rusiya qazından asılılığını kəsməklə Polşa suverenliyini nümayiş etdirib:

"Ehtiyatlılığımızın sayəsində, bugün Polşa Rusiya qazından müstəqil olub”.

Moravetski qeyd edib ki, Polşanın qaz anbarları həmişə olduğu kimi doludur və anbarlar hər gün 100 faiz doldurulacaq.

Onun sözlərinə görə bu qazın 78 faizi şimaldan, cənubdan, qərbdən və Polşanın öz ehtiyatlarından gəlir.

Rusiya Polşaya və Bolqarıstana qaz verilməsini dayandırır

Bundan əvvəl Polşanın PGNiG qaz şirkəti bildiridi ki, Rusiya aprelin 27-dən bu ölkəyə qazın nəqlini dayandıracaq.

Moskva bu qərarını onunla izah edib ki, Varşava Rusiya qazı üçün ödənişlərin rublla edilməsinə dair martın 31-dən verilmiş tələbi rədd edib.

Həmin vaxtdan Rusiya hökuməti Polşanı “dost olmayan ölkələr” siyahısına daxil etmişdi.

Interfax agentliyi Gazprom şirkətinin nümayəndəsinə istinadən bildirmişdi ki, Polşaya qaz verilməsinin dayandırılması hələ rəsmən elan olunmayıb, lakin ona xəbərdarlıq edilib ki, ödənişlər Rusiya valyutası ilə edilməlidir.

PGNiG-in ilin birinci rübündə idxal etdiyi qazın 53 faizi Rusiyanın payına düşüb.

Polşa narahat deyil

Lakin Polşa bildirib ki, Rusiyanın qazı kəsməsi istehlakçıların təchizatına təsir göstərməyəcək, çünki ölkənin qaz terminalları 80 faizinədək doludur və qarşıdan daha isti yaz-yay mövsümü gəlir.

Polşanın qaz almaq üçün başqa alternativləri də var. Ölkə habelə maye qaz alır. Maye qaz Polşanın qaz idxalında bu il 26 faiz təşkil edib.

Bununla belə ekspertlər bildirirlər ki, Rusiya Polşaya qazın verilməsini bir neçə həftə dayandırarsa, bu ölkə bəzi böyük istehlakçıların hesabına qənaət rejiminə keçməli olacaq.

Bu da xəbər verilir ki, Polşa onsuz da uzun perspektivdə Rusiya qazından tam imtina etməyi planlaşdırırdı və Gazprom şirkləti ilə yeni kontrakt imzalamayacağını bildirmişdi.

Bundan başqa oktyabr ayından Norveçdən çəkilən yeni kəmər işə düşməlidir.

Bu kəmərin 2022-ci ildə tam gücü ilə işə düşdükdən sonra Rusiya qazını tamamilə əvəz edəcəyi gözlənilir.

Bolqarıstan hökuməti də bildirib ki, Gazprom şirkətindən qazın kəsiləcəyinə dair bildiriş alıb.

Bulqarqaz şirkəti bildirir ki, Rusiyanın ödəniş üçün yeni tələbi artıq mövcud kontraktın şərtlərinə ziddir.

Polşa sanksiyalar elan edib

Aprelin 26-da Polşa Moskvanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq Rusiya və Belarusdan olan 15 fiziki və 35 hüquqi şəxs üzərinə sanksiyalar qoyduğunu elan etmişdi.

Sanskiya siyahısına salınanların arasında biznesmen Oleq Deripaska, Alfa qrupunun şəriki Mixail Fridman, Safmar firmasının təsisçisi Mixail Qutseriyev, Akrona şirkətinin ən böyük səhmdarı Vyaçeslav Kantor, Severstalın sahibi Aleksey Mordaşov və Rosneftin rəhbəri İqor Seçin var.

Onların Polşa ərazisinə daxil olması qadağan edilib.

Polşanın sanksiyaları habelə Kaspersky Lab şirkətinin təsisçisi Yevgeni Kasperskini, 1C şirkətinin yaradıcısı Boris Nuraliyevi, FosAgro firmasının rəhbəri Timur Raşidovu və Renova qrupunun sahibi Viktor Vekselberqi hədəfləyir.

Sanskiyalar sıyahısına habelə Gazprom şirkətinin Polşadakı törəmə şirkətləri daxil edilib.

XS
SM
MD
LG