Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 20:46

ABŞ Türkiyəyə Rusiya sanksiyalarını pozmamaq xəbərdarlığı edir


ABŞ Maliyyə Nazirliyi
ABŞ Maliyyə Nazirliyi

Rusiya bankları ilə müxbir əlaqələri olan Türkiyə banklarına ABŞ bankları ilə hər hansı işbirliyi qadağan olunacaq

Birləşmiş Ştatlar Türkiyə şirkətlərinə ABŞ sanksiyaları altında olan Rusiya firmaları və vətəndaşları ilə əməkdaşlıq etməmək xəbərdarlığı edib.

The Wall Street Journal qəzeti yazır ki, onun tanış olduğu məktub ABŞ maliyyə nazirinin müavini Uolli Adiemo tərəfindən Türkiyədəki Amerika Ticarət Palatasına və Türkiyə Sənaye və Biznes Assosiasiyasına göndərilib.

Məktubda deyilir ki, sanksiya altında olan Rusiya şirkətləri ilə əməkdaşlıq edən Türkiyə şirkətləri özlərini ABŞ sanksiyalarına tuş olmaq riski qarşısında qoyurlar.

Məktubda xüsusi olaraq Türkiyə banklarına xəbərdarlıəq edilir:

"Rusiyanın sanksiyalara məruz qalmış vətəndaşları və təşkilatları ilə münasibətlər Türkiyənin maliyyə təsisatlarını və bizneslərini sanksiya riski qarşısında qoya bilər”.

Qəzet dəqiqləşdirir ki, Rusiya bankları ilə müxbir əlaqələri olan Türkiyə banklarına ABŞ bankları ilə hər hansı işbirliyi qadağan olunacaq.

Məqalədə deyilir ki, bu məktub Rusiyaya görə Ankaranın üzərinə artan təzyiqlərdən xəbər verir.

Rusiya kapitalı üçün sığınacaq

Türkiyə Ukraynaya müdaxiləyə görə Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmayan yeganə NATO ölkəsidir.

The Wall Street Journal yazır ki, nəticədə Türkiyə Rusiya kapitalı üçün sığınacağa çevrilib.

Ötən həftə ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatlar və Türkiyənin maliyyə nazirlərinin müavinləri arasında telefon söhbəti barədə məlumat yaymışdı.

Telefon söhbətində Adiemo türkiyəli həmkarına demişdi ki, rusiyalılar Türkiyədən ABŞ sanksiyalarından yayınmaq üçün istifadə edirlər.

O vaxt Türkiyə nazirinin müavini amerikalı həmkarını əmin etmişdi ki, Türkiyənin şirkət və vətəndaşlarına ABŞ sanksiyalarını pozmaq qadağan edilib.

XS
SM
MD
LG