Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:38

Qərblə düşmənçilik Rusiyanı husilərlə birləşdirir


Sənada husi tərəfdarlarının fələstinlilərə və Livan "Hizbullah"ına dəstək mitinqi.
Sənada husi tərəfdarlarının fələstinlilərə və Livan "Hizbullah"ına dəstək mitinqi.

Yəməndəki husi üsyançılar bir ildən çoxdur ABŞ-ın Qırmızı dənizdəki gəmilərinə hücum edir və atəş açırlar.

Husilərin raket və dron hücumları mühüm qlobal ticarət yolunda problemlər yaradıb və ABŞ ilə Britaniyanı cavab zərbələri endirməyə vadar edib.

AzadlıqRadiosunun əməkdaşı Kian Şərifinin qələmə aldığı məqalədə deyilir ki, ABŞ mediası Rusiyanın husi üsyançılara hədəf seçməkdə kömək göstərdiyinə dair xəbərlər dərc etməyə başlayıb. Hədəflərin də çoxu Qərb şirkətlərinə məxsus ticarət gəmiləri, yaxud İsrailə yollanan və İsraildən gələn gəmilərdir.

Ekspertlər deyirlər ki, Rusiya husilərlə əməkdaşlığını genişləndirməkdədir. ABŞ-da terrorçu təşkilat elan olunan husiləri İran dəstəkləyir. İranın bu dəstəyinə kəşfiyyat bilgilərinin ötürülməsi də daxildir.

Vaşinqton ABŞ-ın təchiz etdiyi silahlardan Ukraynanın istifadəsinə qoyduğu qadağanı yumşaldıb. Buna cavab olaraq Moskva hətta husilərə müasir silahlar da verə bilər.

"Elə də örtülü olmayan təhdid"

"Onun ABŞ-a göndərdiyi mesaj budur ki, Rusiya istəsə, həyatı çox ağrılı edə bilər. Bu, Vaşinqtonun Ukraynaya yardımına cavab tədbiri kimi yozula biləcək elə də örtülü olmayan təhdiddir", - Nyu-Yorkda yerləşən "Soufan Group" kəşfiyyat konsaltinq şirkətinin siyasət və araşdırma proqramının direktoru Kolin Klark belə deyir.

Husilər Qırmızı dənizdə Qərb və İsrail hədəflərinə hücumlarının İsrailin Qəzza zolağında bir ildən artıqdır ki, apardığı dağıdıcı müharibəyə cavab olduğunu deyiblər.

Üsyançılar Qəzzada atəşkəs əldə edilənədək hücumlarını sürdürəcəklərinə söz veriblər. Qırmızı dənizdə gəmilərə hücumları yetərli saymayan husilər İsrailə raket və dron zərbələri də endirirlər.

Qəzza savaşı İsraili İranın dövlət və qeyri-dövlət aktorlarından ibarət dağınıq şəbəkəsi – "dirəniş oxu" ilə üz-üzə qoyub. Bu qeyri-dövlət aktorlar, əsasən, husilər, HƏMAS, "Hizbullah", eləcə də İraq və Suriyadakı şiə silahlı qruplaşmalardır.

Ekspertlər deyirlər ki, Rusiyanın husilərə dəstəyi Kremlin qlobal miqyasda Qərbə qarşı durmaq və antiqərb silahlı qrupları gücləndirmək narrativi ilə üst-üstə düşür.

"Kreml Qırmızı dənizdə, yaxud Yaxın Şərqin istənilən yerində düşmənlərinin əsəblərini sınağa çəkən dostlarının olmasında maraqlıdır", - şərqşünas alim Ruslan Süleymanov CurrentTimeTV-yə belə deyib və əlavə edib ki, Rusiya Qərbə qarşı duran istənilən qrupu dəstəkləyən qüvvə təsiri bağışlamaq istəyir.

ABŞ mediası və kəşfiyyatı son aylarda husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumuna kömək etmək məqsədilə Rusiyanın onlara kəşfiyyat, o cümlədən peyk bilgiləri ötürdüyü haqda xəbərlər yayır.

İyul ayından bəri Kremlin husilərə hətta gəmi əleyhinə raketlər də verə biləcəyinə dair hədələr səsləndirməsi, ancaq ABŞ və Səudiyyə Ərəbistanının Rusiyanı bu fikirdən daşındırması haqda xəbərlər çıxır.

Ekspertlər bildirirlər ki, ABŞ-ın noyabrın 17-də Ukraynanın uzunmənzilli taktiki raket sistemlərindən (ATACMS) Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadəsinə icazə verməsindən sonra bu durum dəyişə bilər.

Qırmızı dənizdə husilərin vurduğu neft tankerində yanğın.
Qırmızı dənizdə husilərin vurduğu neft tankerində yanğın.

Husilər "ölçü-biçili aktor… bacarıqlı təşkilatdır"

Bildirilir ki, Rusiya husilərdən Qırmızı dənizdə gəmilərin hərəkətini əngəlləmək üçün yararlanır. Bundan başqa, Yəməndən Ukraynaya qarşı döyüşlərə qatılacaq döyüşçülər toplayır. Moskva bu yolla Rusiya gəmilərinin Qırmızı dənizdən rahat və güvənli şəkildə keçməsini də təmin edir.

2014-cü ildə Yəməndə dağıdıcı vətəndaş savaşı başlanandan bəri husilər ölkənin şimal-qərbini və Qırmızı dənizin sahilini öz nəzarətlərində saxlayırlar.

Ekspertlər husilərin Rusiya ilə əlaqələrini genişləndirməkdən faydalandığını deyirlər.

"Soufan Group"dan Klark deyir ki, Rusiya kəşfiyyatı üsyançılara Qırmızı dənizdə Qərb gəmilərini daha dəqiq hədəfə almağa kömək edib. Onun sözlərinə görə, bu, həm də onu göstərir ki, husilər "idarəolunmaz terrorçu dəstə" deyil.

"Əksinə, onlar ölçü-biçili aktor, Yaxın Şərqdə get-gedə daha iri oyunçuya çevrilən və bunu asimmetrik üsullarla gerçəkləşdirən bacarıqlı təşkilatdır", - Klarkın sözləridir.

ABŞ kəşfiyyatının bilgisinə görə, husiləri silah texnologiyaları və raket hissələri ilə təchiz edən İran onların əsas hərbi dəstəkçisidir.

Ekspertlərin fikrincə, üsyançılar Rusiyanın raket texnologiyasından ciddi ölçüdə yararlana bilərlər. ABŞ Konqresinin Yaxın Şərq üzrə keçmiş təhlilçisi Kennet Katsman deyir ki, bu texnologiyalar Tehranın təchiz etdiyi silahlardan "xeyli daha dəqiq və effektivdir".

Bu, Rusiyanın müttəfiqi olan İrandan husilərin asılılığını azalda bilər.

"Rusiya silahları husilərə hətta ABŞ və koalisiya hərbi gəmilərini uğurla vurmaq imkanı da verə bilər. Husilərin gerçəkdən ABŞ-ın hərbi dəniz gəmisini vurması Qırmızı dənizdə münaqişəni çox böyük ölçüdə gərə bilər", - Katsman belə deyir.

XS
SM
MD
LG