Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:54

Rusiyaya yumurta idxalı Azərbaycanda bu məhsulu bahalaşdıracaqmı?


Yumurta
Yumurta

Rusiya Federasiyasında bir müddətdir yumurta qıtlığı yaşandığı bildirilir. Bu məhsulun qiymətlərində də ilin əvvəli ilə müqayisədə 46 faizə qədər artım olduğu vurğulanır.

Rusiya ərzaq məhsulları istehsalçıları və təchizatçıları Assosiasiyasının (Rusprodsoyuz) məlumatına görə, ölkədə dekabrın 11-dən 17-dək (bir həftədə) yumurtanın orta pərakəndə satış qiyməti 12.8 rubl (24 qəpik) təşkil edib. Bu, 2013-cü ildən başlayaraq son 10 ilin rekordu sayılır.

Rusiya prezidenti Vladimir Putin bu vəziyyəti yumurtaya tələbatın artması, istehsalın isə təqribən əvvəlki səviyyədə qalması ilə izah edib.

Azərbaycandan Rusiyaya 612 min ədəd yumurta...

Kənd təsərrüfatı naziri Dmitri Patruşev isə bir neçə gün əvvəl Rusiyaya Azərbaycan və Türkiyədən yumurta idxal olunacağını bildirmişdi. Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin (Rosselxoznadzor) yaydığı məlumata görə, proses artıq başlayıb və Azərbaycandan Rusiyaya 612 min ədəd yumurta idxal edilib.

Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 2 milyard 100 milyon 200 min ədəd yumurta istehsal olunub. Bu da 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 9.9 faiz artım deməkdir.

İmişli quşçuluq fabriki
İmişli quşçuluq fabriki

"Hər hansı qıtlıqdan söhbət gedə bilməz"

İxraca gəlincə isə, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından "Turan"a bildirilib ki, hazırda Azərbaycandan Yaxın Şərq ölkələrinə – Qətər, Səudiyyə Ərəbistanı, İraq və digər ölkələrə yumurta ixrac edilir: "Yaxın Şərq ölkələri ilə birlikdə ümumi gündəlik ixrac imkanı 1.6 milyon ədəddir. Oktyabrın 1-dək olan statistik məlumata görə, Azərbaycan həmin ölkələrə 40 milyon ədəd yumurta ixrac edib".

Assosiasiyadan qeyd olunub ki, Azərbaycanda gündəlik yumurta tələbi 3.5 milyon ədədə yaxındir, gündəlik istehsal isə 5 milyon civarındadır: "Ona görə də hər hansı qıtlıqdan söhbət gedə bilməz. Rusiyaya da yumurtanın ixracı daxili bazara heç bir təsir göstərməyəcək".

"Bahalaşmaya səbəb ola bilər"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov AzadlıqRadiosuna bildirib ki, Rusiya bu ilin 10 ayı ərzində keçən ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox yumurta istehsal edib: "İş burasındadır ki, onlarda son zamanlar yumurtaya tələbat artıb. Rusiya adambaşına normadan çox yumurta istehlak edir. Norma ilboyu adambaşı 290 ədəd yumurta olduğu halda, onlar 350 yumurta istehlak edirlər. Bunun da əsas hissəsini Rusiya özü istehsal edir və az bir hissəsini Belarusdan idxal edirdi. İndi isə tələbat artdığına görə Azərbaycan və Türkiyədən idxala başlayıb".

V.Məhərrəmov
V.Məhərrəmov

Ekspertin fikrincə, Azərbaycanda reallıqda məsələ ilə bağlı vəziyyət heç də ürəkaçan deyil: "Azərbaycan özünün yumurtaya olan tələbatını cəmi 60 faiz təmin edir. Yəni, il ərzində adambaşına norma 290 ədəd olduğu halda, Azərbaycan 190-200 ədəd istehsal edir. Azərbaycan özünü beynəlxalq normaya uyğun olaraq yumurta ilə təmin etmədiyi bir halda, Rusiyaya yumurta göndərirsə, bu, bahalaşmaya səbəb ola bilər".

V.Məhərrəmovun sözlərinə görə, Rusiyada yumurtanın qiyməti qalxdığından Azərbaycandakı bəzi işbazlar fürsətdən istifadə edib daha çox pul qazanmaq istəyirlər: "Çox təəssüf ki, bu ixracdan məmur-oliqarxlar bəhrələnəcək. Yumurta istehsalçıları fayda əldə etməyəcəklər. Azərbaycanda isə artıq yumurta qiyməti yavaş-yavaş qalxır. Dünən mən müşahidə apardım, artıq 2 qəpik artım var və bu, gedə-gedə arta bilər. Əgər hökumət yumurta ixracının qarşısını almasa, Azərbaycanda yumurta qiyməti artacaq".

Bakıda broyler yumurtası son günlər 16-17, kənd yumurtası isə 35-40 qəpiyə satılır. Son həftələr kənd yumurtasının təqribən 30 faiz bahalaşdığı bildirilirdi.

XS
SM
MD
LG