Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:47

Astaralı sahibkar: 'Nisyə dəftərində yer yoxdur'


Astarada bazar, may 2020
Astarada bazar, may 2020

Astara gömrük-keçid məntəqəsinin önündə olan mağazaların əksəriyyəti bağlıdır. İndi əvvəlki kimi qələbəlik yoxdur. Mağaza sahiblərindən biri deyir ki, “İranın qapıları bağlı olduğundan burada alış-veriş də azalıb”:

“2-3 mağaza var ki, işləyir”

“Bu mağazalarda əsasən İrandan gətirilən mallar satılırdı. Gediş-gəliş yoxdur, mal da yoxdur. 2-3 mağaza var ki, işləyir. Onların da azca ərzaqları qalıb. O tükənəndən sonra bağlanar. Yaxınlıqda yerləşən mərkəzi xəstəxanada da karantindir. Müştəri yoxdur. Rayonun digər yerlərində ticarət xidməti göstərən supermarketlər var, alış-verişə həmin markertlərə gedirlər.”

Asən Həşimli, 11 avqust 2018
Asən Həşimli, 11 avqust 2018

Astara şəhər sakini Asən Həşimlinin deməsinə görə, İranla qapıların bağlanması bir tərəfdən yaxşıdır:

“İndi özləri əkmək məcburiyyətində qalacaqlar”

“Deyirdilər ki, İranın qapıları bağlansa sərhədyanı ərazidə yaşayanlar ərzaq qıtlığı ilə üzləşə bilərlər. Göründüyü kimi, bu hal müşahidə olunmur. Tərəvəzi də İrandan gətirirdilər. İndi özləri əkmək məcburiyyətində qalacaqlar. Karantin qaydalarına o qədər də əməl olunmur.”

Şəhər mərkəzində dizenfeksiya işləri aparılırdı, inzibati binaların ətrafı dərmanlanırdı.

“On adda mal tükənib, yoxdur”

Supermarketlərdən birinin sahibinin sözlərinə görə, problemlər var:

“Karantinə görə vergi və sosial ödəmələri nəzərə alaraq 600 manata yaxın pul almışam. İki işçimizin hər birinə 250 manat yardım edilib. Hesablarına köçürülüb, ancaq bankdan ala bilməyiblər. Orda böyük növbə var. Mal çox az gəlir. Gələndə də pulunu istəyirlər. Əvvəllər belə idi ki, satırdıq, pulunu verirdik. İndi o yoxdur. Mallar azalır. Demək olar ki, on adda mal tükənib, yoxdur. Belə getsə problem yaranacaq.”

Bankın qarşısında növbə

Astara
Astara

Kapital Bank-ın Astara fillialın qarşısında yüzlərlə sakin toplaşıb. Orada necə deyərlər, “ağız deyəni qulaq eşitmir”. Polislər orada toplaşanları sıraya düzmək istəyirlər. Sakinlərin birinin dediyinə görə, 4 gündür ki, gəlib-gedir.

“Kimin tanışı var içəriyə keçir. Məcbur olub onlayın qaydada növbəyə durdum. Gəlib polisə dedim ki, Kapital Bank-ın mərkəzi ofisindən mesaj var. Filan saatda bankların filiallarının birində pulunu ala bilərsən. 100 mindən çox əhalisi olan Astara rayonunda cəmi bir bankın fillialı fəaliyyət göstərir. Oraya müraciət etdim. Qəbul etmədilər. Bank işçisi dedi ki, ümumi növbəyə dur. Mən kiçik sahibkarlıqla məşğul oluram. Mənə SMS gəlib ki, get bankdan 250 manatı al. Ala bilmirəm. Buraya toplaşanların çoxu 190 manat (işsizlər-red) almaq istəynlərdir.”

Bu şikayətə bank rəhbərliyindən münasibət almaq cəhdimiz isə nəticə vermədi.

“İndi daxili istehsalın ümidinə qalmışıq”

Rayonda kənd təsərrüfatı məhsulları satan bir satıcının sözlərinə görə, qiymətlərdə ciddi artım olmasa da alıcılıq aşağıdır :

“Keçən il bu vaxtları pomidor, xiyar 50-60 qəpiyə idi. İrandan gətirilirdi. İndi daxili istehsalın ümidinə qalmışıq. Son günlər xiyarı yerli istehsalçılardan alırıq, 1 kilosu 1 manat 50 qəpiyədir. Yəqin qiymətlər yenə düşər. İndi “ salafan” altında yetşidirilərn məhsulu bazara çıxardırlar. Açıq sahədə hələ yetişməyib. Sarımsağın 1 kilosu 2 manatadır, Masallıdan gəlir. Kələm Ağsudan gəlir, 1 kilosu 70 qəpikdir.Yerli kartof çıxıb.1 manat da var, 2 manata da. Ötən ilki kartof da satılır. Quş dəni, mal yemini alan azdır. Alıcılıq aşağıdır. Ərzaq məhsulu satan mağazaların vəziyyəti yaxşıdır.Yerli camaat İranda bazarlıq edirdi, indi yerli mağazalara üz tutublar”

“Nisyə dəftərdə yer yoxdur”

Şamaxı, Dəmirçi kəndi, mağaza sahibi borc siyahısını göstərir, 11 aprel 2014
Şamaxı, Dəmirçi kəndi, mağaza sahibi borc siyahısını göstərir, 11 aprel 2014

Ərzaq məhsulları satan mağazada isə iddia edirlər ki, gəlirləri azalıb. Sahibkarın vurğulamasına görə, hamı məhsulu nisyə alır:

“Nisyə dəftərdə yer yoxdur.Vermirsən, inciyirlər.Birinin 1500 manata yaxın borcu var idi, gözlənilmədən rəhmətə getdi. Pulunu övladlarından tələb edə bilmədim, üzüm gəlmədi.Ürəkacan deyil.Camaat xəstəliyin hayında deyil. Dolanışıq uğrunda mübarizə gedir.190 manatı hər adam ala bilmir.Alan da borcunu ödəyir. Pul bir gün də əlində qalmır.”

Rayonun mərkəzi bazarı açıq idi. Burda da satıcılar alıcıların azlığından şikayyət edirdilər. Deyirlər ki,bazara girən, kartof alır, bir də soğan.

Azərbaycanla İran arasında gediş-gəliş koronavirusla bağlı fevralın 29-da dayanıb.

Azərbaycan hökuməti koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, sahibkarlıq və məşğulluğa mənfi təsirlərini azaltmaq məqsədi ilə 3,5 milyard manatlıq paket elan edib. Həmin istiqamətdə görülən tdbirlərdən biri də işsizlərə verilən ( aprel, may aylarıüçün verilir) 190 manatlıq yardımdır. Bundan başqa sahibkarlıq subyektlərinə də müəyyən dəstək verilir.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Bu il martin 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan artıq 280 mindən çox şəxsin vəfat etdiyi bildirilir.Azərbaycanda isə indiyə kimi bu virusa 2422 yoluxma faktı müəyyən edilib, onlardan 31 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. (Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilmir). Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərlər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib, icazə almalıdırlar.

Karantin mayın 4-nə, sonra da həmin ayın 31-nə kimi uzadılıb. Bununla belə, əvvəlcə aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən də yumşalma və fəaliyyətinə icazə verilən sahələr genişlənib. Artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin başqa yerlərində yaşayış yerini SMS icazəsi ilə tərk etmək qaydası götürülüb.

XS
SM
MD
LG