Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 04:50

Anlaşılmaz təzad: Sahibkarlıq çoxalır, amma sahibkar sayı azalır


Foto illüstrasiya
Foto illüstrasiya

-

İqtisadiyyat Nazirliyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına başlanılan 2004-cü ildən bəri Azərbaycanda 71 min yeni müəssisənin yaradıldığını bildirib. Nazirliyin illik hesabatında ayrıca o da deyilir ki, «2014-2015-ci il ərzində III Dövlət Proqramının icrası ilə əlaqədar ölkədə 15 min 400, o cümlədən 2015-ci ildə 6 min 300 yeni müəssisə yaradılıb».

DİREKTOR VƏ MÖHÜR VARSA, DEMƏK, MÜƏSSİSƏ DƏ VAR?

Heç çox geriyə boylanmayıb, ötən il qurulan müəssisələrə göz atsan, çox az sayda uğurlu misal gətirmək olar. Hökumət minlərlə yeni müəssisədən söz açır, amma reallıqda bir neçə mehmanxana və istirahət mərkəzi diqqət çəkəcək («Qafqaz Baku Sport Hotel», «Bulvar Hotel», «Park Chalet Shahdag», «Qalaaltı Hotel&SPA» və «Dalga Beach-Aqua Park»). Sənaye müəssisələrindənsə Sumqayıt toxuculuq fabrikinin, beton məmulatı və texniki avadanlıqlar zavodlarının, etilen-polietilen zavodundakı yeni qurğuların, Naxçıvan Sənaye Kompleksinin və 2 elektrik stansiyasının (Göyçay Su Elektrik Stansiyası və Naxçıvan Günəş Elektrik Stansiyası) adını çəkmək olar. Başqa öyünəsi yeni müəssisə yox dərəcəsindədir.

Sual doğur: hökumət ötən il yaradılan 6 min 300 müəssisə deyərkən, nəyi nəzərdə tutur? Məlum olur ki, 2015-ci ildə qeydiyyatdan keçən şirkətlərdən söhbət gedirmiş. Ötən il məhz bu sayda hüquqi şəxs yaradılıb. Amma çoxsaylı müstəqil jurnalist araşdırmaları sübut edir ki, belə şirkətlərin böyük bir hissəsi direktordan və möhürdən ibarət, dəqiq ünvanı və sahibi bilinməyən «proxy» şirkətlərdir (kiminsə tapşırığını yerinə yetirib, işini öz üstünə götürən müvəkkil mənasında – red.).

Kommersiya hüquqi şəxslərin dövlət reyestrinə əlavə olunan şirkətlərə dair məlumatların təhlili göstərir ki, dövlət vəsaitlərinin müxtəlif yollarla ələ keçirilməsinə xidmət edən bu cür şirkətlər dünən də, bu gün də sanki «çap olunur» və tirajlandırılır. Dəst-xətt də eynidir: qeydiyyat ünvanı kimi regionlardakı kəndlər seçilir və eyni şəxs onlarla şirkətə rəhbərlik edir. Növbəti mərhələdə isə quruca adı olan «şirkətlər»ə dövlət satınalmalarında icraçı kimi rast gəlinir.

422-DƏN 154-Ü EYNİ QƏLİBDƏN ÇIXIB

AzadlıqRadiosu Vergilər Nazirliyinin yeni yaranan şirkətlərə dair 2015-ci ilin dekabr ayında açıqladığı məlumatları bəlli meyarlar əsasında təhlil etməyə çalışıb. Nazirlik dekabrda (10 noyabr-7 dekabr müddətində) qeydiyyata alınmış şirkətlərin dövlət reyestr məlumatlarını dərc edib. Buraya şirkətin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, nizamnamə kapitalının həcmi və qanuni təmsilçisi (direktoru) haqqında məlumatlar daxildir.

Beləliklə, şirkətlərin ünvan və direktorlarının dövri təkrarlanması əsasında məlum olub ki, sözügedən dövrdə qurulan 422 şirkət, xarici şirkət filial və nümayəndəliyinin, ən azı, 154-ü eyni qəlibdən çıxıb. Salyanın Qarabağlı kəndində 27 gün ərzində 10, Sabirabadın Moranlı kəndində də yenə bir o qədər şirkət qurulub. Abşeron rayonundakı müxtəlif ünvanlarda (Xırdalan şəhəri, Saray və Masazır qəsəbələri) 36 şirkət təsis edilib.

QURULAN DEYİLİR, QAPANAN GİZLİ QALIR

Hökumət təkcə 2004-2008-ci illərdə 27 min 500-dən çox yeni müəssisə yaradıldığını bildirir. AzadlıqRadiosunun rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, 2003-cü ildə ölkədə 61 min 136 hüquqi şəxs vardı. Buraya həm kommersiya şirkətləri, həm dövlət müəssisə və təşkilatları, bələdiyyələr, həm də QHT, dini və s. qurumlar daxildir. Dövlət Statistika Komitəsinin (DSK) 2016-cı il yanvarın 1-nə olan hesabatına görə, bu statistik vahidlərin toplam sayı 100 min 325-ə çatıb. Başqa sözlə, bu illər ərzində hüquqi şəxs statusu olan təşkilatların sayı 39 min 189 vahid artıb.

Amma yuxarıda qeyd olunduğu kimi, İqtisadiyyat Nazirliyi məhz 71 min müəssisənin yaradıldığını açıqlayıb. O zaman məntiqi bir sual doğur: yerdə qalan 31 mindən çox müəssisə və təşkilat necə olub? Hökumət etiraf etməsə də, bu gerçək üzə çıxır: həmin hüquqi şəxslər ləğv edilərək, dövlət reyestrindən çıxarılıb və nədənsə bu haqda susmağa üstünlük verilir.

Göründüyü kimi, son 12 ildə hər yeni yaranan iki hüquqi şəxsin biri fəaliyyətini dayandırıb. DSK-nın məlumatlarına görə, təkcə 2012-2015-ci illərdə 1847 hüquqi şəxs ləğv olunub.

NAXÇIVAN HƏQİQƏTİ

Yaradıldığı bildirilən şirkətlərin coğrafi bölgüsünə göz atarkən, ilk baxışda, regionlarda sahibkarlığın inkişafı barədə deyilənlərin düz olduğunu düşünürsən. Məsələn, son 4 ildə Lənkəran iqtisadi rayonunda hüquqi şəxs sayı 4201-dən 6071-ə çatıb. Artım 44.5 faizdir. Bu dövrdə Naxçıvan Muxtar Respublikasında 164 müəssisə və təşkilat yaranıb, 99-u isə ləğv edilib. Muxtar respublikada Lənkəran-Astara bölgəsindən 3 dəfədən də az – 1870 hüquqi şəxs var.

Mərkəzi büdcədən asılı Naxçıvanda dövlət vəsaitlərinin xərclənməsinə dair hesabatlılıq aşağı səviyyədə olduğundan burada saxta şirkət xidmətlərindən yararlanmağa lüzum görülmür. Bölgədəki iri holdinqlərin («Cahan Holding», «Gəmiqaya Holding», «Dizayn Holding») korporativ məlumat resurslarında çoxsaylı dövlət sifarişlərinin icrası barədə məlumatlar yer alıb.

KİÇİK SAHİBKARLIQ BİR AZ DA KİÇİLİB

DSK-nın işçi sayı, əməliyyat dövriyyəsi və aktivlərinin həcmi baxımından kiçik sahibkarlıq subyekti kimi təsnif etdiyi şirkət və fiziki şəxslərin sayına dair 2014-cü ilə aid ən son məlumatına görə, 2007-ci ildən bəri kiçik sahibkarların sayı nəinki artıb, əksinə, 10 min vahid azalıb. 2015-ci ilin əvvəlinə onların toplam sayı 187 mini keçmirdi. Hüquqi şəxs kimi fəaliyyət göstərən kiçik müəssisələrin sayı bu dövrdə cüzi artaraq 15 minə çatıb. 2009-cu ildən bəri kiçik sahibkarlığın ÜDM-dəki payı isə yerində sayıb – 2.6 faiz.

«İqtisadi Təşəbbüslərə Yadım» İctimai Birliyinin sədri Azər Mehtiyev AzadlıqRadiosuna sahibkarlığın durumunu şərh edərkən deyib ki, ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində atılan ən mühüm addım müəssisələrin qeydiyyatının sadələşdirilməsi və burada «Vahid pəncərə»nin tətbiqidir. 2002-ci ildən bəri sahibkarlıq mühitinin yaxşılaşdırılmasına yönəlmiş çoxsaylı qanun və fərmanlar vəziyyəti dəyişməyib. Ötən ilin sonlarında prezident İ.Əliyev də etiraf edib ki, sahibkarların fəaliyyətinə məmurların qanunsuz müdaxilələri son dərəcə yüksək olaraq qalır.

MƏMUR SAHİBKARLIĞI + ƏDALƏTSİZ MƏHKƏMƏLƏR

A.Mehtiyevin fikrincə, Azərbaycanda iqtisadi fəaliyyət sahələrini inhisarda saxlayan məmur sahibkarlığıdır: «Ölkədə qəbul edilən qanunlar nəinki işləmir, hətta qanunvericilikdəki ziddiyyətlərin hamısı sahibkarların əleyhinə istifadə olunur. Yalnız məmurların patronajlığında olan müəssisələr sərbəst fəaliyyət göstərə bilirlər. Məhkəmə sisteminin müstəqil olmaması və korrupsiyalaşması sahibkarların öz problemlərini məhkəmə yolu ilə həllini mümkünsüz edir».

Mülkiyyət hüquqlarının qorunma mənzərəsinə diqqət çəkən mütəxəssis bu sahədə vəziyyətin pisləşməkdə davam etdiyini söyləyib. Təsadüfi deyil ki, beynəlxalq təşkilatların müvafiq indekslərində (məsələn, Dünya Bankı İnstitutunun «Biznesə başlamaq» indeksində, «İqtisadi Azadlıq» indeksində və s.) sahibkarlıq mühitinin problemləri hər zaman öz əksini tapıb.

XS
SM
MD
LG