Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 21:42

Polis şöbəsində 'çaydaşıyan', yoxsa hal şahidi?


Xalq Cəbhəsinin hakimiyyəti dövründə Gədəbəyin icra başçısı olmuş, 1998-ci ildən Rusiyaya köçüb oranın vətəndaşı olmuş Saleh Rüstəmova AXCP-yə və sədri Əli Kərimliyə pul göndərməkdən başqa, həm də narkotik ittihamı verilib.

May ayında qohumlarına baş çəkmək üçün Azərbaycana gələn Saleh Rüstəmov tutulandan sonra, öncə ona qarşı narkotik ittihamı irəli sürülüb, daha sonra pul məsələsi.

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, partiyanın Nərimanov şöbəsinin sədr əvəzi Babək Həsənov, Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirov və öz qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə mühakimə olunan Saleh Rüstəmovla bağlı narkotik işində hal şahidliyi etmiş iki nəfər - Ceyhun Şabanov və Nazim Hüseynov fevralın 5-də məhkəmədə dindirilib.

Hər ikisi deyib ki, fəhlədilər, küçədə iki nəfər mülki geyimli polis onlara yaxınlaşıb, bir işdə hal şahidi olmağı təklif ediblər. Onlar da razılaşıb.

“Protokolu oxumadım”

Polislərlə birlikdə Şəmkirdəki "İstiqlal" parkına getdiyini, orada Saleh Rüstəmovun saxlandığını və cibindən bükümdə narkotik çıxarıb verdiyini deyən Ceyhun Şabanov bildirib ki, oxumağı bacarmır:

"Protokolu oxumadım. Dedilər ki, narahat olma, orada səni tutacaq heç nə yoxdur. Mən də imzaladım".

Ceyhun Şabanov deyir ki, zibilyığandır, ilk dəfədir hal şahidliyi edir.

Təqsirləndirilən sabiq icra başçısı isə hal şahidlərinin yalan danışdığını söyləyib. Bildirib ki, Şəmkirdəki "İstiqlal" parkını ümumiyyətlə, tanımır, heç vaxt da orada olmayıb. Onu qardaşı və onun həyat yoldaşı ilə maşınla getdiyi vaxt Şəmkir postunda tutub polis şöbəsinə aparıb, orada narkotiki cibinə atıblar. Saleh Rüstəmov hal şahidlərindən Ceyhun Şabanovdan soruşub ki, polis şöbəsində çayçı işləmirmi?

"Çünki mən bu adamı polis şöbəsində çaydaşıyan görmüşəm...", - Saleh Rüstəmov sualını belə əsaslandırıb.

Saleh Rüstəmov digər hal şahidi Nazim Hüseynovu isə ümumiyyətlə, heç vaxt görmədiyini bildirib.

Məhkəmədə AXCP funksioneri Babək Həsənov bildirib ki, övladlarından biri ağır xəstədir, təcili cərrahiyyə əməliyyatına ehtiyac var.

Qarabağ müharibəsi iştirakçısı olmuş Babək Həsənovun sözlərinə görə, o, əlilliyə görə pensiya alır. Amma pensiya kartı bloklanıb və övladının əməliyyatına yardım üçün onun blokdan çıxarılması vacibdir. Amma ona Bakı istintaq təcridxanasında imkan yaradılmır ki, yaxınlarından birinə etibarnamə versin:

"Deyirlər ki, məhkəmənin razılığı olmalıdır. Mən də ərizə ilə məhkəməyə müraciət eləmişəm. Amma heç bir cavab verilməyib. Faktiki bizim sağlamlığımıza terror olunur. Hakimiyyətin bu cür hərəkətlərinə etiraz olaraq, aclığa başlayacağam".

Hakim Eldar İsmayılov deyib ki, ərizəyə cavab yazıblar və cavab bir neçə gün öncə həm Bakı istintaq təcridxanasına onun özünə, həm də vəkili Cavad Cavadova göndərilib.

Həm Babək Həsənov, həm də vəkili bildirib ki, onlara cavab məktubu çatmayıb.

Hakim cavabı məhkəmədə də elan edib. Məktubda Babək Həsənova məsləhət görülüb ki, notarius məsələsinə görə məhkəməyə yox, Bakı İstintaq Təcridxanasına müraciət etsin.

Məhkəmə fevralın 6-da davam edəcək.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri Babək Həsənov mayın 25-də saxlanıblar. Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilmişdi.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələriylə cinayət işi başlanıb. İttihamlar sübut edilərsə, onlara 12 ilə qədər həbs cəzası verilə bilər.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb. O bildirib ki, Saleh Rüstəmovla uzun illərdir dostdular. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

XS
SM
MD
LG