Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:52

ABŞ rəsmisi: Minsk qrupu artıq işləmir


Filip Riker
Filip Riker

ABŞ administrasiyası bildirir ki, ATƏT-in Minsk qrupu artıq fəaliyyət göstərmir və Vaşinqton Azərbaycan və Ermənistan arasında tənzimləmə ilə yalnız Bakı və Yerevanla birbaşa əlaqələrlə məşğul olur.

AzadlıqRadiosunun Erməni xidməti Azartutyunun yazdığna görə ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə müşaviri Filip Riker deyib:

“Məncə iş o həddə çatıb ki, biz bu mandata (Minsk qrupunun mandatı-red) konsensusla son qoya bilərik”.

Riker daha sonra deyib:

“Özlüyündə mandat faydalıdır. Hərçənd Minsk qrupu həmsədrlərinin prosesi artıq işləmir. Və biz tərəflərlə birlikdə birbaşa onların sülh prosesində iştirak edirik”.

ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransadır.

Minsk Qrupu əvvəllər tanındığı formada artıq fəaliyyət göstərmir

44 günlük müharibədən sonra Azərbaycan prezidenti İlham Əliyev bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur və ATƏT-in Minsk qrupuna heç bir ehtiyac qalmır.

Həmsədrlərdən biri olan Rusiya tərəfi isə bildirmişdi ki, Minsk qrupu əsasən humanitar məsələlərlə məşğul olmalıdır.

Filip Riker noyabrın 16-da ABŞ Senatında bu barədə keçirilən dinləmədə deyib:

“Minsk Qrupu əvvəllər tanındığı formada artıq fəaliyyət göstərmir. Mandat qalır. Mandatın məqsədi də, əlbəttə qalır. ATƏT konsensus əsasında hərəkət edir. Mən fransalı həmkarım, hazırda regiona dərin müdaxilə edən Avropa İttifaqı ilə, başqa tərəflərlə, elə həmin ATƏT-lə çox sıx əlaqə saxlayıram. Amma Azərbaycan sadəcə olaraq bildirib ki, Minsk qrupu ilə işləməyəcək”.

Bakının mövqeyi

Sentyabrın ortalarında Azərbaycan Xarici İşlər Nazirliyi səfir Filip Rikerin Birləşmiş Ştatların Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi təyin edilməsinə belə münasibət bildirmişdi:

"Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunub. Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun "reanimasiya" edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər".

Buna cavab olaraq ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel isə bunları demişdi:

"Biz iki ölkə arasında hərtərəfli sülh nizamlanmasına nail olmaq üçün ikitərəfli, çoxtərəfli əsasda və həmfikir tərəfdaşlarla Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun asanlaşdırılmasına sadiqik".

Senatda Rusiya sülhməramlıları tənqid olundu: 'Görünmədilər...'

Noyabrın 16-da ABŞ Senatında Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair dinləmələr keçirilib.

"Turan"ın xəbərinə görə, Senat hesabat üçün Bayden Administrasiyasının iki yüksək vəzifəli məmurunu - Karen Donfrid (Karen Donfried) və Filipp Rikeri (Philip Reeker) dəvət edib. Onlar senatorların ABŞ-ın sülh səyləri, habelə Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına bu ölkənin köməyi ilə bağlı tənqidlərini qəbul etməyiblər. Müzakirələrin gedişində hətta Senatın Beynəlxalq münasibətlər komitəsinin sədri Robert Menendes Bakını "təcavüzkar" adlandırıb.

"Mən, həqiqətən də, hesab edirəm ki, Azərbaycana yardım ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğundur", - Dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi K.Donfrid deyib.

Xanım Donfrid əlavə edib ki, onlar imkan daxilində sülhə nail olmağa şərait yaratmağa çalışırlar: "...Biz Ermənistan və Azərbaycan arasında 30 ildən çox davam edən münaqişənin şahidi olduq. Bu gün biz hər iki ölkədən regionda sabit sülh üçün tarixi imkan olduğuna inandıqlarını eşidirik".

Azadlığa Dəstək Aktına 907-ci düzəlişə gəlincə, qeyd edilib ki, ondan imtina Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq səylərini pozmur. (1992-ci il tarixli bu qanun Azərbaycana dövlət yardımı göstərilməsini qadağan edir. Amma sonradan onun məhdudiyyətləri dayandırılıb)

K.Donfridin sözlərinə görə, Azərbaycana kömək sərhədlərin təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulub: "Bu, İran tərəfindən transmilli təhlükələrə qarşı mübarizədə ciddi nəticələr verib və Cənubi Qafqaza, Rusiyaya və Avropaya qaçaqmalçılıq marşrutlarını pozub".

"ABŞ-ın çoxdan görmədiyi imkanlar…"

Qafqazda danışıqlar üzrə baş müşavir, səfir Filipp Riker də xanım Donfridin fikirlərini dəstəkləyib. Qeyd edib ki, hazırkı danışıqların sürəti və dərinliyi Qarabağ münaqişəsinin həlli üçün ABŞ-ın çoxdan görmədiyi imkanların olduğunu göstərib.

F.Rikerin sözlərinə görə, xarici oyunçuların deyil, iki ölkənin öz maraqları əsasında birbaşa danışıqlar uzunmüddətli uğur üçün ən yaxşı şansa malikdir.

F.Riker Rusiya sülhməramlılarının roluna da toxunub: "Sentyabrdakı zorakılıq bu sülhməramlıların heç vaxt heç yerdə görünmədiyini göstərib. Düşünürəm ki, bu, hər iki tərəfi narahat edib".

O, sonra da deyib: "Tərəflər tarixi kəsişmə nöqtəsindədirlər. Biz onları firavanlığı seçməyə və region xalqlarına fayda verəcək sülh üzərində birgə işləmək müdrikliyi nümayiş etdirməyə çağırırıq. Bu məqsədə nail olmaq üçün bizim səylərimiz davam edəcək və biz istənilən yolla bunu edəcəyik".

İki ölkə arasında aparılan danışıqlar

Noyabrın 7-də ABŞ-da Dövlət katibi Entoni Blinkenin (Antony Blinken) vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmüşdü.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu vurğulayıblar: "Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq ediblər".

Bundan öncə, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilmişdi. Onda tərəflər üçtərəfli görüşün yekunları ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda Rusiya sülhməramlı kontingentinin Qarabağda təhlükəsizliyin təmin olunmasına mühüm töhfəsi qeyd edilib.

Əslində ötən ilin dekabrından başlayaraq iki ölkə arasında sülh danışıqları Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı. Azərbaycanla Ermənistan liderlərinin həmin formatda sonuncu görüşü də oktyabrın 6-da Aİ Şurasının prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşmişdi. Həmin görüşdən sonra Ermənistan Azərbaycanla sərhədə mülki Aİ missiyası göndərilməsinə razılıq verdi.

Bu il sentyabrın 12-13-də Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşmişdi. Hər iki tərəfdən ümumilikdə 300-ə qədər hərbi qulluqçunun həlak olduğu bildirilirdi. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar. Ermənistan Azərbaycan hərbçilərinin onların ərazisinə daxil olduğunu, Azərbaycan isə qarşı tərəfin təxribatı ilə üzləşdiyini vurğulayırdı. Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG